PDF Oxu

Siyasət

  • 2 390

Dünyanın yeni “yaşıl enerji" mərkəzi - Azərbaycan TƏHLİL

Dünyanın yeni “yaşıl enerji" mərkəzi - Azərbaycan TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir”

Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Bəli, indiyəcən dünyada elə bir qlobal ekoloji təşəbbüs olmayıb ki, ölkəmiz ona qoşulmasın. Bütün sahələrədə olduğu kimi, Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə də fəallığı ilə seçilir. Beynəlxalq birliyin məsuliyyətli üzvü kimi Azərbaycan hər zaman qlobal iqlim siyasəti ilə bağlı dövlətlərin apardığı birgə fəaliyyətə əhəmiyyətli dəstək və töhfə verir, "yaşıl hədəflər" uğrunda daha çox səy göstərilməsini təşviq edir. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir.

Sərəncamda qeyd edildiyi kimi Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycan baza ili (1990) illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. Üç il əvvəl ölkə başçımız işğaldan azad olunmuş əraziləri yaşıl zona adlandırmış, bu ərazilərin bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. O, cümlədən bərpaolunan enerji sahəsində təcrübəli, dünyanın aparıcı şirkətləri olan Aqvapower və Masdarla sazişlər imzalanmış, günəş və külək enerjisi stansiyalarının tikilməsi ilə bağlı sənədlər təsdiq olunmuşdur. Cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransda Azərbaycan iqlim dəyikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir. Eyni zamanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmiz COP29-da əhəmiyyətli qəraraların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə yenə də özünün dünya liderliyini bir daha təsdiq edəcəkdir.

Qeyd edək ki, bu ayın əvvəlində Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin iclası ilə yanaşı keçən ildən başlayaraq "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin iclası da keçirilir.

Prezident İlham Əliyev martın 1-də "Gülüstan" sarayında keçirilən iclasda çıxış edərkən bu məsələyə də toxunaraq deyib:" Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng potensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya "yaşıl enerji"nin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq. Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar bizim planlardır. Əlbəttə ki, bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq".

COP29 BİZİM ÜMUMİ YAŞIL ENERJİ GÜNDƏLİYİMİZİN VƏ MƏSULİYYƏT HİSSİMİZİN BİR HİSSƏSİNİ TƏŞKİL EDİR

Mart ayının 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibə də bu məslələrlə bağlı müəyyən məqamlara aydınlıq gətirdi. Müsahibənin ümumi ahəngi Azərbaycanın istər siyasi, istərdə də iqtisadi qüdrətinin təsdiqi kimi dinlənildi: “Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik”.

Dövlətimizin başçısı müsahibədə perspektivlərdən də söz açdı ki, bu da dünyəvi problemin həlli istiqamətində ümidverici nəticələrin optimallaşacağı deməkdir. Cənab Prezidentin “Euronews” televiziyasına verdiyi müsahibəsində qeyd etdiyi kimi, biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik: «Ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə verək. Bununla da bərpaolunan enerjiyə ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.” Bəli, COP29-un Azərbaycanda keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi bu ilin ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir. COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Çünki Azərbaycan ərazilərinin 30 illik işğal dövründə həmin torpaqlarımızda ekologiyamız, biomüxtəliflik, yaşıllıqlar vəhşicəsinə məhv edilib, yandırılıb, təbii sərvətlərimiz talanıb. Azərbaycan ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür.

Və otuz il sonra Azərbaycan ərazilərinin erməni işğalına son qoymaqla həm də davam edən böyük ekoloji terrorun qarşısını aldı. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə əlaqədar yekdil qərar qəbul edilməsi, dövlət başçımızın söylədiyi kimi, beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və etimadının, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

"AZƏRBAYCANDA KİFAYƏT QƏDƏR QAZ YOXDUR" DEYƏNLƏRƏ ÜNVANLANAN MESAJ

Gələcək planlara nəzər yetirsək görərik ki, həqiqətən də, Azərbaycanın çox əlverişli imkanları və potensialı var. Gələn ilin ilk rübündən etibarən "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatı gözlənilir. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, "Azəri-Çıraq-Günəşli" Azərbaycanın neft ixracının əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarla razılığa gəlinib və bu əlavə töhfə olacaq. Prezidentin də söylədiyi kimi, ilkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaq. Bu, "Şahdəniz" və "Abşeron" yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaq. Bununla yanaşı, "Ümid" qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlar var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar.

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində bildirib ki, Azərbaycanın bərpaolunan enerji layihələrinin gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Azərbaycan artıq bu mühüm yolu qət etməyə başlayıb: "Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq".

Müsahibəsinin sonunda ölkə başçısı qeyd etdi ki, biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Hazırda Azərbaycanın təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları vardır. Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişib.

Dövlət başçımızın söylədiyi kimi, on il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.

Bir sözlə, Azərbaycanın enerji gündəliyi çox zəngindir və ölkəmiz həm ənənəvi enerji mənbələri, həm də bərpa-olunan enerji üzrə Avropanın enerji xəritəsini yenidən formalaşdırır. Bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara söykənən xarici siyasətinin sayəsində mümkün olub.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər