30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları olan Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə nəticəsində Zəfər tariximiz yazıldı. Bu qələbə Cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın inamı və şəhidlərimizin qanı bahasına əldə olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz Ermənistana böyük zərbə vurdu və əzəli torpaqlarımız işğaldan azad olundu. Qazandığımız Zəfər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, xalq-iqtidar birliyinin təntənəsidir. Bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.
HƏSRƏTİNƏ SON QOYULAN FÜZULİ ŞƏHƏRİ
Füzuli şəhəri də işğaldan azad olundu. Azərbaycan Prezidenti İlham Əliyev 17 oktyabr 2020 - ci il tarixində xalqa müracətində "Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!"– deyə bildirmişdir.
Müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanı da Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla yerinə yetirdi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşdü. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi mühüm amillər oldu. 1993-cü il 23 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzulinin 27 illik həsrətinə son qoyuldu.
Şəhər işğaldan azad olunanda burada hər şey dağıdılmışdı.
PREZİDENTİN HƏR SƏFƏRİNDƏ YADDAQALAN TARİXİ HADİSƏLƏR
Prezident İlham Əliyevin Füzuliyə səfərləri tarixi hadisələrlə yadda qalır.Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi və s. Füzulinin tezliklə abadlaşmasına yönəlmiş layihələrdir. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərimizdə, eləcə də Füzulidə abadlıq-quruculuq işləri böyük vüsət alıb. Füzuli qaynar dövrünü yaşayır. Füzuli şəhərinin Baş planı hazırlanıb. Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb.
Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib.
KURMANQAZI ADINA UŞAQ YARADICILIQ MƏRKƏZİ İSTİFADƏYƏ VERİLDİ
Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Füzuliyə səfər edib. Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu gün isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi füzulililər üçün unudulmaz hədiyyə olmaqla yanaşı, ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının daha bir göstəricisidir.
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev yenidən qurulan Füzuli şəhərində inşa ediləcək Mərkəzi rayon Xəstəxanasının layihəsi ilə tanış olublar.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar. Füzuli abadlaşır və yenidən qurulur. Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il yanvarın 14-də təməlinin qoyulması və 2021-ci il oktyabrın 26-da açılışı buradakı görülən işlərin əyani təzahürüdür. Cəmi 9 ay ərzində müasir standartlara cavab verən beynəlxalq hava limanının inşa edilib istifadəyə verilməsi və bu layihənin tam dağıdılmış, heç bir adi infrastrukturu belə olmayan bir ərazidə həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinini göstəricisidir. Füzuli Beynəlxalq Hava Limanı, xüsusən bu rayonun Qarabağın və Şərqi Zəngəzurun hava qapısı rolu oynadığını birmənalı surətdə təsbit edir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti, siyasi iradəsi ilə Füzuli-Şuşa yolunun təməlinin qoyulması və qısa müddətdə müasir tələblər əsasında və keyfiyyətli surətdə istifadəyə verilməsi, o cümlədən Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarının inşası xüsusi ilə qeyd olunmalıdır. Füzuliyə köç karvanları davamlı olaraq yol alır.
2026-CI İLİN SONUNDA 22 MİN İNSAN FÜZULİ RAYONUNDA YAŞAYACAQ
Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. "Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda -2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər. Məsələn, mən həm Zəngilanda, həm Laçında uşaqlarla söhbət əsnasında maraqlanırdım. Yəni, Bakıda doğulmuş, böyümüş, necə deyərlər, böyük şəhərin ab-havasına öyrəşmiş uşaq, yeniyetmə gəlib indi bir qədər uzaqda yerləşən şəhər və kənddə necə yaşayır? Onlar ürəkdən deyirdilər ki, bu, böyük xoşbəxtlikdir", - deyə Prezident çıxışlarının birində bildirmişdir.
ŞUŞADAN GƏLƏN SƏDALAR
Qeyd edək ki, martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib. Sonra dövlət başçıları Natəvan bulağında olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar.
Daha sonra prezidentlər Saatlı məscidində, Bülbülün ev-muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət "Yasəmən" otelində olublar.
Təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət beşiyi qədim Şuşa bu gün yeni bir dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözləri diqqətə çəkmək yerinə düşər. O, demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi və artıq bütün dünya bunun şahidi oldu. Şuşamız 44 günlük Vətən müharibəsində azad olundu. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir.
YENİ DÖVR - İŞIQLI GƏLƏCƏYİN TƏMİNATI
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət alıb. İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işləri, mədəni-dini abidələrimizin bərpası davam edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub. Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Heydər Əliyev Fondu hazırda Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırıb. Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir.
Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub. Bir çox əlamətdar hadisələrə şahidlik edən Şuşamızda Otel-Konqres Mərkəzi Kompleksinin açılışı olub. Erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, "şeytan yuvası" – "parlamentin" binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu otelin açılışı gerçəkləşdirilir.
Bütün bu və ya digər açılış mərasimləri ilə yanaşı, dövlətimizin başçısı Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlini də qoyub. Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq. Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Şuşanın tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması bu məkana xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Cənab Prezident çıxışlarını birində "Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu", - deməklə bu tarixi şəhərin məğrurluğunu, müqəddəsliyini ifadə etmiş oldu.
Görülən və görüləcək bütün işlər bunlarla bitmir. Azad Şuşamız müasir bir məkana çevrilir. Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı, Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Şuşa yaşayır və qaynar, yeni dövrü onun işıqlı gələcəyinin lap yaxında olduğundan xəbər verir.
Müharibədən çıxmış bir dövlət qısa zamanda Böyük Qayıdışın təntənəsini yaşayır. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük abadlıq, quruculuq işləri davam etdirilir. Tikilən yeni evlər, ictimai binalar, sosial obyektlər əzəli sakinləri qoynuna alır.
Zümrüd BAYRAMOVA