AXCP sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, "Azərbaycan iqtidarı sülh danışıqlarını uzatmağa çalışır, Azərbaycan ayağını sürüməklə danışıqlardan imtina edir".Mövzu ilə bağlı SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bunları deyib: “Azərbaycan torpaqları işğal altında olanda da, azad etdikdən sonra da sülhə, əməkdaşlığa, əmin-amanlığa üstünlük verib. Bu tək Ermənistan tərəfə təklif edilməyib, beynəlxalq platformalarda da səsləndirilib. Bildirilib ki, Azərbaycan sülhün tərəfdarıdır və torpaqlarımız sülh yolu ilə azad olunmalıdır. Amma buna nə Ermənistan, nə də beynəlxalq təşkilatlar ciddi əhəmiyyət vermədilər. Ondan sonra da Azərbaycan özünün gücü hesabına torpaqlarını azad etdi. Bundan sonra noyabrın 9-da Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan sülhün tərəfdarıdır”.Onun sözlərinə görə, Azərbaycan bütün dövrlərdə sülh tərəfdarı olduğunu bildirib və bununla əlaqədar beynəlxalq təşkilatlarda özünün bəyanatlarını verib: “İndi kiminsə buna qara yaxmağı əslində anti-Azərbaycan təbliğatının nümunəsidir. Biz qalib ölkəyik, torpaqlarımız azad olunub, münasibətlərə beynəlxalq hüquq normaları ilə yanaşırıq. Lakin təəssüflər olsun ki, əldə olan faktlara görə, Ermənistan sülhə hazır deyil, xarici qüvvələrin təsiri ilə yenidən revanş etmək istəyir. Bir çox ölkələrin ona dəstək verməsi, Fransanın Ermənistanı silahlandırması, özünün hərbi atteşelərini oraya göndərməsi, Avropanın bu ölkəyə müşahidə missiyası göndərməsi, müəyyən təsirləri onların sülhün tərəfdarı olmadığını göstərir. Əldə bu faktlar varsa, Fuad Qəhrəmanlı eləcə də digərləri bunu hansı əsaslarla deyirlər? Bu absurd bir fikirdir, erməni təbliğatına üstünlük verməkdir, ermənilərdən bəhrələnməkdir, qərbin Azərbaycana qarşı apardığı məkrli niyyətin tərkib hissəsidir”.
Müəllif: Rəşid Qarayev