Füzulinin azad olunmasından artıq dörd ilə yaxın zaman keçir. Ötən dövr ərzində Füzuli sürətlə abadlaşdırılır. Abadlaşdırılır ki, 30 il məcburi köçkün kimi yaşamaq alın yazısı olan soydaşlarımız öz doğma yurdlarına qayıtsınlar. Və qayıdarkən hərtərəfli şəraitlə təmin olunsunlar. Böyük Qayıdış proqramına uyğun olaraq artıq Füzuli bir neçə dəfə sakinlərini qoynuna alıb və bu proses davam edir.
Martın 12-də, həm də xalqımızın müqəddəs bayramı olan Novruzun çərşənbələrindən olan Yel çərşənbəsində dövlətimizin başçısının Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə birlikdə Füzuli şəhərində olması və səfər çərçivəsində yenə də bir sıra obyektlərin açılışında və təməllərinin qoyulması mərasimində iştirak etməsi qarşıdan gələn Novruzun Füzuliyə bir başqa gəldiyindən, işğaldan azad edilmiş qədim torpağımıza baharın öz təravətini səpələdiyindən xəbər verir.
Füzuliyə qayıtdığımız gün
Bu yurd Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş digər əraziləri kimi 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun rəşadəti ilə azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 17 oktyabr tarixdə Azərbaycan xalqına müraciətindən: “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir”.
Bəli, biz Füzuliyə qayıtdıq. Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin, rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsinə, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsinə, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəyə, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsinə, Qarğabazar kəndində, Şah Abbas karvansarayından yuxarı, qayanın üstündə füzulililərin Şah Abbas adlandırdığı məscidə qayıtdıq. Biz tariximizi qorumağa, gələcək nəsillərə ərməğan etməyə qayıtdıq.
Füzuliyə qısa bir səyahət
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Rayonun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
Bölgə inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10-da yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.
1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal-Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 kilometr aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII–XIX əsrlər) və sair bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.
Füzulinin yüzlərlə şəhidi, itkini, əlili var
23 avqust 1993-cü ildə Füzuli rayonu füzulililərin uzunmüddətli mübarizəsinə baxmayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. 1994-cü ildə isə Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi işğaldan azad olundu. 2020-ci ilə qədər rayonun işğaldan azad olunmuş ərazilərində 13 qəsəbə və 24 kənd mövcud olub. Qəsəbələrdən 12-si (“Qayıdış” qəsəbələri) ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. 2021-ə qədər ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.
1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155-i yetim qalmışdır. Müharibənin əsas ağırlığını Füzuli şəhəri, Yağlıvənd, Dövlətyarlı, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Gövşad, Xələfsə, Mollavəli, Xatunbulaq kəndlərinin əhalisi çəkmişlər.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Aşağı Əbdürrəhmanlı, 9 oktyabrda Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabrda Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabrda da Arış kəndi işğaldan azad edilib. 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. Davam edən əməliyyatlar nəticəsində 20 oktyabrda Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Saracıq, 21 oktyabrda Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, 28 oktyabrda Mandılı, 7 noyabrda Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar və Divanalılar, 9 noyabrda Qobu Dilağarda, Yal Pirəhmədli, Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu və Ələsgərli kəndləri Azərbaycan Silahlı qüvvələri tərəfindən erməni işğalından azad olunmuşdur.
Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Füzuli abadlaşır ki, sakinlərini qoynuna alsın
30 ilə yaxın dövrdə daşı daş üstündə qalmayan yurd yerlərimizdəndir Füzuli. İşğaldan azad olunan bu ata-baba ocağını da digər rayonlarımız kimi abadlıq işləri qoynuna alıb. Qoynuna alıb ki, abadlaşsın, hərtərəfli şərait yaradılsın, soydaşlarımız öz doğma evlərinə tezliklə qayıda bilsinlər.
Şuşanın işğaldan azad olunmasında böyük strateji əhəmiyyətə malik olan Füzuli rayonunda dövlətimizin başçısı tərəfindən 2021-ci ilin yanvarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, Füzuli rayonunda hava limanının, oktyabrın 17-də-Füzulinin azad olunduğu gün isə Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, həmçinin Azərişıq ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməllərinin qoyulması, işğaldan azad olunmasının ikinci ilində Füzuli Beynəlxalq Hava Limanının açılması qısa müddət ərzində Füzulinin bərpası və inkişafı üçün görülən böyükmiqyaslı işlər, sakinlərinin yurd yerlərinə tezliklə qayıdacaqlarını şərtləndirən amillərdir.
Füzulidə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı ölkəmizin başçısı demişdir: “Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir”.
Ötən il mayın 5-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərləri çərçivəsində Pirəhmədli və Dədəli kəndlərinin təməlinin qoyulması, Füzuli-Hadrut avtomobil yolunun bərpa olunandan sonra istifadəyə verilməsi, 38 bina, 846 mənzildən ibarət yaşayış kompleksində görülən işlərlə tanış olmaları, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması mərasimində, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışında iştirak etmələri Füzulinin hüsnünə yeni naxışlar vurdu.
Özbəkistanın Füzuliyə məktəb, Qazaxıstanın Uşaq Yaradıcılıq Mərkəzi hədiyyəsi
Ölkələr arasında nüfuzumuzun, qarşılıqlı münasibətlərin nəticəsidir ki, bu gün Qazaxıstan və Özbəkistan Füzulinin inkişafına töhfə verməyə çalışırlar. Biz Azərbaycan xalqı olaraq bundan qürur duyur və yüksək qiymətləndiririk.
Ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu il martın 12-də isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi füzulililər üçün unudulmaz hədiyyə olmaqla yanaşı, ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının daha bir göstəricisidir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirmişdi.
Martın 12-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.
Dövlətimizin başçısı Kasım-Jomart Tokayevə təşəkkür edərək demişdir: Füzulililər, ictimaiyyətimiz və bütün Azərbaycan xalqı adından Sizə bu qardaş hədiyyəsinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Azad olunmuş torpaqlarda Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması Sizin şəxsi təşəbbüsünüzdür. Ötən dəfə - ilyarım əvvəl Azərbaycana səfəriniz zamanı bu Mərkəzin təqdimatı oldu və bir il ərzində Mərkəz tikildi, bu gün onun rəsmi açılışıdır. Mərkəz qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Dünən biz Sizinlə danışırdıq ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq.
4,5 hektar ərazidə 180 çarpayılıq yeni xəstəxana
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuliyə səfərləri çərçivəsində həm də burada inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar.
Bildirilib ki, Baş plan layihəsinə əsasən 180 çarpayılıq yeni xəstəxana 4,5 hektar ərazidə inşa olunacaq. Xəstəxananın inşasında Qazaxıstanın “BI Group” və bir sıra Azərbaycan şirkətləri iştirak edəcək. Bu tibb ocağında inzibati bina, qəbul, terapiya, kardiologiya, nevrologiya, cərrahiyyə, travmatologiya-ortopediya, oftalmologiya, otorinolorinqologiya, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.
Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq. Müalicə ocağı ən müasir tibbi avadanlıqlarla təchiz ediləcək.
Diqqətə çatdırıldı ki, xəstəxana ilə yanaşı, eyni ərazidə Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Yardım Stansiyası və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi də inşa ediləcək.
Burada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılacaq. Beləliklə, öz doğma yurdlarına qayıdacaq rayon sakinləri bu tibb ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.
Füzuli perspektiv inkişafa doğru
Bir ərazinin inkişafı tək inzibati, ictimai yaşayış binalarının, müxtəlif obyektlərin tikintisi ilə məhdudlaşmır. Ərazinin perspektiv inkişafında digər məsələlər də nəzərdə tutulur ki, onlar olmadan gələcək inkişafdan söhbət gedə bilməz.
Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq.
Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb.
Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib.
Uzun illərin doğma torpaq həsrəti sona çatır
Unudulmayan, bir an belə olsa, yaddan çıxmayan, həmişə qürurla xatırlanan 44 günlük Vətən müharibəsində hər dəfə dövlətimizin başçısının xalqa müraciəti ilə yeni bir qürur yaşayır, dövlət-xalq birliyinə, həmrəyliyinə nail olduğumuz üçün özümüzü xoşbəxt hiss edirdik. Torpaqlarımızın hər birinin düşməndən azad edilməsinə məhz bu birliyimizin nəticəsində nail olduğumuzu bir daha anlayırdıq.
Prezidenti cənab İlham Əliyevin tarixi müraciətindən: “Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.
Bu gün isə azad torpaqlarımızda yerləşən rayon, şəhər və kəndlərin dövlətimizin başçısının tapşırıqlarına əsasən bərpa edilməsi, yenidən qurulması ilə fəxr edir, qürur duyuruq. Həqiqətən də çətin və təqdirəlayiq işdir. Bir ölkənin müharibə aparıb ərazilərini işğal azad etməsi və qısa müddət ərzində onlara yenidən həyat verməsi milyonlarla manat vəsait, eyni zamanda böyük zəhmət deməkdir. Odur ki, bütün bunların hər biri tarixin səhifələrinə yazılan anlar olduğu üçün qürur duyuruq. Yaxşı ki, xalqımızı 44 günlük şərəf, namus müharibəsində Zəfərə çatdıran və bu gün azad torpaqlarımızda eyni əzmlə qurub-yaradan müzəffər sərkərdəmiz, dövlətimizin başçısı var. Torpağı azad etmək bir Zəfərdirsə, onu dirçəltmək isə yeni bir Zəfərdir. Həm də düşmənə yaxın bir ərazidə...
Budur, həyata keçirilən bütün bu işlərin fonunda Novruz Füzuliyə bir başqa gəlir: abadlaşan, soydaşına qovuşan Füzuliyə...
Mətanət Məmmədova