Tolerantlığın məkanı, multikultural ənənələrə, islam dininə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub-saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz nəinki ölkə daxilində millətlərarası və dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya nümunə də göstəririk: "Bax, belə inkişaf etmək lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərərək, başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk".
Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan, prinsipial və ədalətli mövqeyi ilə seçilən Azərbaycanın multikultural dəyərləri dünyaya örnək, nümunədəir. Bütün dünya ölkələri bu mühitə maraq göstərir. Qeyd edək ki, xalqımızın tarixi keçmişindən qalan tolerantlıq və multikulturalizm prinsipləri ölkəmizin qanunvericiliyində də öz əksini tapıb. Belə ki, Milli Məclis "Dini etiqad azadlığı haqqında", "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanunlar qəbul edib. Müasir dünyada baş verən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, bəzi ölkələrdə islamofobiyanın yayılması islam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani surətdə göstərir. Belə şəraitdə Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir. Bu gün Azərbaycan islam həmrəyliyi ideyalarına və mədəniyyətlərarası dialoq ənənələrinə sadiqdir. Azərbaycan öz əqidəsinə, milli dəyərlərinə sadiq bir dövlətdir. Azərbaycan islami dəyərlərə, islam dininə bağlı dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır. Bu gün tolerantlığın məkanı, multikultural ənənələrə, islam dininə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub-saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır.
"MƏNƏVİ MƏNBƏLƏRİMİZDƏN İSTİFADƏ EDƏRƏK GƏLƏCƏYİMİZİ QURACAĞIQ"
Ölkədə formalaşan bu və ya digər dəyərlər Azərbaycan cəmiyyətini səciyyələndirir. Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev "Biz heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq"- deyirdi. Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərləri, mədəniyyəti ilə fəxarət hissi keçirən Heydər Əliyev dini abidələrə, mədəniyyət ocaqlarına ehtiyatla yanaşır, böyük həssaslıqla qayğı göstərirdi. 1994-cü ildə Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Ulu Öndər Heydər Əliyev islam dininə olan yüksək etiqadı, rəğbətinin təcəssümü kimi Məkkə şəhərini və Kəbəni ziyarət etdi. Bir neçə il sonra 1998-ci ildə isə Həcc ziyarətində oldu. Bu islami dəyərlərə olan münasibət idi.
Heydər Əliyev islam dininin insanların mənəvi dünyasının paklanmasında rolunu yüksək qiymətləndirdi:"Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu islam dini özünün mütərəqqi olduğunu və eyni zamanda islam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub- saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, islam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün islam dininə itaət edən adamların hamısını xoşbəxtliyə və səadətə gətirib çıxaracaqdır". Bəli, bu, həqiqətən də belədir.
MULTİKULTURAL DƏYƏRLƏRİ İLƏ DÜNYAYA ÖRNƏK
Bütün tarixi çağlarda aparıcılığı özündə saxlamış Avropa ölkələrinin xalqları islam mədəniyyətinə, incəsənətinə hörmətlə yanaşaraq, bu mədəniyyətlə mübadilənin həyata keçirilməsinə maraq göstərmişlər. İslam öz dəyərləri ilə Qərb dünyasını hər zaman üstələyib. Bu gün dünyada islam həmrəyliyinin gücləndirilməsi üçün böyük işlər görülür. Bu gün fəaliyyətdə olan İslam Əməkdaşlıq Təşkilatı islam ölkələri arasında birliyin gücləndirilməsi, çoxşaxəli əlaqələrin inkişafı, bütün islam xalqlarının azadlıq və milli hüquqlarının qorunmasını dəstəkləmək, beynəlxalq təhlükəsizliyin və sülhün qorunması istiqamətində iş aparır dünya miqyasında əsas məqsədi dini, tarixi, siyasi, mənəvi dəyərlərlə bağlı olan müsəlman xalqlarının firavanlığını və inkişafını artırmaq, onların mənafeyi və maraqları naminə islam həmrəyliyinin möhkəmləndirilməsi, islamı dəyərlərin qorunması olan ən nəhəng və hörmətli müsəlman təşkilatıdır. Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın bu təşkilata üzv olması ilə beynəlxalq aləmdə respublikamızın qarşısında yeni imkanlar açıldı, Azərbaycan beynəlxalq və regional təşkilatlarda təmsil olunaraq dünya siyasətində mövqeyini möhkəmlətmək üçün daha bir addım atdı. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.
Multikultural və tolerant dövlət kimi də tanınan Azərbaycanın təsadüfi deyil ki, dünya dövlətləri bu sahədə olan təcrübəsinə maraqlıdır. "Razılıq hissi ilə qeyd etmək istərdim ki, bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur", - deyə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir.
İSLAM DÜNYASINDA HƏMRƏYLİK
Xatırladaq ki, Azərbaycan multikulturalizm ideyasını irəli sürdüyü vaxtda, Ermənistan işğalçılıq siyasətini davam etdirirdi. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilmişdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrinə, həmçinin BMT, AŞPA, ATƏT və İƏT Baş Assambleyalarının Ermənistanı qeyd-şərtsiz olaraq təcavüz etdiyi ölkədən qoşunlarını çıxarmağa səsləyən qətnamələrinə baxmayaraq, Ermənistan hələ də beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edirdi. Azərbaycanın ermənilər tərəfindən işğal altında olan ərazilərində saysız hesabda abdələri var idi. Bu tarixi abidələr erməni işğalçıları tərəfindən dağıdılmışdır. Tarixi və memarlıq abidələrinə nəzər yetirərkən işğal altında olan nə qədər sayda dini və mədəniyyət abidələri ilə tanış oluruq. Bütün bunlar Ermənistan tərəfindən Azərbaycana qarşı olan ərazi iddiasının nəticəsində baş vermişdir. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənələrini, onun mədəni kökünü özündə ehtiva edir. Vaxtilə erməni qəsbkarlarının işğalı altında olan ərazilərimizdəki abidələrin saxtalaşdırılması istiqamətində aparılan işlər Ermənistanın özünü təsdiqləmək, tarixi, mədəniyyətini yaratmaq siyasətinə xidmət edirdi. Amma Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub-saxlanılır. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir.
Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir və 7 sinaqoq, 4 gürcü kilsəsi də fəaliyyətdədir. Müasir dünyada baş verən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, bəzi ölkələrdə islamofobiyanın yayılması islam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani surətdə göstərir. Belə şəraitdə Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir.
Nəzakət ƏLƏDDİNQIZI