PDF Oxu

Siyasət

  • 1 609

Dostluq və qardaşlığın əsl nümunəsi - Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ŞƏRH

Dostluq və qardaşlığın əsl nümunəsi - Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ŞƏRH

Bu gün Azərbaycanın xarici siyasət strategiyasının prioritet istiqamətlərindən birini Türk dövlətləri ilə mövcud münasibətləri daha da inkişaf etdirmək, əlaqələri bütün sahələr üzrə genişləndirmək təşkil edir. Xüsusilə, Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərməkdədir. İki dövlət arasında ən müxtəlif sahələrə dair imzalanmış mühüm sazişlər əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaratmışdır. Ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Qazaxıstanın iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasında artan nüfuzu, eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan əlaqələri son illərdə daha da inkişaf etmişdir.

Qazaxıstan dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Azərbaycan-Qazaxıstan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun mahiyyətindən irəli gəlmişdir. Ulu öndərin balanslaşdırılmış xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev Qazaxıstanla ikitərəfli əlaqələrin genişləndirilməsini ilk gündən vacib amil kimi nəzərdən keçirmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.

Xüsusilə də, son illərdə bu aspektdə görülən işlər davamlı xarakter daşıyır, dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər, imzalanan sənədlər qarşıda yeni əməkdaşlıqlar üçün zəmin yaradır. Yenidən Prezident seçilən İlham Əliyev bu il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində diqqəti Türk dünyası ilə bağlı ölkəmizin siyasətinə yönəldib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”. TDT-nin Azərbaycan üçün əsas beynəlxalq təşkilat olduğunu vurğulayan dövlətimizin başçısı əlavə edib: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Qeyd edim ki, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Son il yarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, Qazaxıstan Prezidenti isə bu müddət ərzində üç dəfə ölkəmizdə olub. Bu günə qədər Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu, təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni soykökə malik olan hər iki xalq arasındakı əlaqələrin tarixi qədim dövrlərə gedib çıxır. “Ortaq keçmişdən ortaq gələcəyə” şüarını reallığa çevirən bu cür səfərlər Türk dünyasının gələcəkdə daha böyük siyasi güc kimi meydana çıxmasını şərtləndirir”.

Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev ilə qazaxıstanlı həmkarı arasındakı görüşdə qarşılıqlı fəaliyyətin digər məsələləri, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə, BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət müzakirə olunub. “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”, - deyə Azərbaycan Prezidenti mətbuata bəyanatında bildirib.

Prezident İlham Əliyev ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana verdiyi daimi dəstəyə və azad edilmiş ərazilərin bərpasına göstərdiyi yardıma görə Qazaxıstan prezidentinə təşəkkür edib: “İlk növbədə, istərdim ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-Jomart Kemeleviçə bir daha təşəkkürümü bildirim. Bu, Prezidentin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Sabah biz birlikdə bizim keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq bu mərkəzi açacağıq. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir”.

Qazaxıstan Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatında bildirib ki, bu dövlət səfəri dövlətlərimiz arasında əməkdaşlığın inkişaf perspektivləri nöqteyi-nəzərindən çox mühümdür: “Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib. Biz bu mövzuda danışmışıq. Mən Sizə təbrik məktubu ünvanlamışam. Zənnimcə, bu, uzun illər ərzində Sizin dövlət suverenliyinin bərpasına yönəlmiş və son nəticədə tarixi həqiqətin bərpası ilə nəticələnən səylərinizin qanunauyğun yekunudur”.

Onu da qeyd edək ki, Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film çəkilib və nümayiş etdirilib. Bu, qazax xalqının Ümummilli Liderə verdiyi böyük dəyərin daha bir göstəricisidir.

Bir sözlə, qarşılıqlı səfərlər, imzalanan sənədlər Azərbaycan-Qazaxıstan münasibətlərini daha da gücləndirəcək, qardaş dövlətlərin və xalqların maraqları çərçivəsində bundan sonra da inkişaf edəcək və bütün sahələrdə əməkdaşlığımızın göstəriciləri nəzərəçarpacaq dərəcədə artacaq.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Digər xəbərlər