PDF Oxu

Siyasət

  • 1 794

Şuşa tarixlə müasirliyin vəhdətində TƏHLİL

Şuşa tarixlə müasirliyin vəhdətində TƏHLİL

Əsrlərdən səsi eşidilən, hər zaman toy-büsatlı olan Şuşamızın hər daşında bir tarix yaşar, bir tarix danışılar. Tarixin dönəmlərində çox hücumlara məruz qalsa da başını dik tutub, əyilməz, məğlubedilməz olub. Çox gözlər dikilib bu diyara. 28 il erməni işğalı altında qalan Şuşamız bu gün azad nəfəs alır və dirçəlir. Şuşada, Cıdır düzündə festivallar, tədbirlər keçirilir, xalqın ruhu, istəyi öz ifadəsini tapır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır". Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!". Bu sözləri Azərbaycan Prezident İlham Əliyev Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində bildirmişdi. "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!" - deyə qeyd etmişdir. Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü. Düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. Bu gün işğaldan azad olunan Şuşa dirçəlir. Alınmaz qala, Qarabağın tacı, mədəniyyətimizin beşiyi Şuşanın Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi bu şəhərin yenidən dirçəlməsinə, onun əvvəlki ruhunun qayıtmasına söykənir. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib.

ŞUŞANIN BAŞ PLANINDA BƏRPA VƏ YENİDƏNQURMA İŞLƏRİ

Qədim tarixi olan Şuşa bu gün yeni dövrünü yaşayır. Azad olunan Şuşamızın Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Bu heykəllər tarixin dönəmlərində baş verən olaylardan çox faktları dilə gətirir. İşğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qaytarılıb.

"XAN QIZI" BULAĞI SAKİNLƏRİN VƏ ŞƏHƏRİN QONAQLARININ İSTİFADƏSİNDƏ
Şuşa işğaldan azad edildikdən qısa müddət sonra istifadəyə verilən "Xan qızı" bulağı şəhərin məşhur məkanlarından biridir. Qeyd edəək ki, Şuşa şəhəri salındıqdan sonra onun əhalisi içməli suya olan tələbatını həyətdə qazılmış quyular vasitəsilə təmin etməyə çalışıb. Lakin bu suların əksəriyyəti duzlu olduğu üçün içməyə yararlı deyildi. Şəhərdə yalnız iki içməli su quyusu var idi. Bu isə 30 min əhalisi olan bir şəhər üçün az idi. Buna görə də insanlar suya olan ehtiyaclarını şəhərdən 3-4 km uzaqlıqda olan dağlardan, Daşaltı və Xəlfəli çaylarının sahillərindəki çeşmələrdən təmin edirdilər. Onlar bu çeşmələrdən tuluqlara su doldurub at və eşşəklərlə şəhərə daşıyırdılar. Suyun uzaqdan gətirilməsi onun qiymətinin də baha olmasına səbəb olurdu. Varlı ailələr suya il ərzində 50 rubl pul xərcləyirdilər. Kasıb əhali isə çox vaxt elə şor bulaqlardan və ya yağış sularından istifadə etməyə məcbur qalırdı. Onlar evlərin damından axan suyu həyətin dibində yerin altında tikdikləri su anbarına yönəldib onu istifadə üçün toplayırdılar. Şəhərin içməli su ehtiyacını ödəmək üçün şəhərdə müxtəlif su bulaqları tikilməyə başladı. Bu bulaqlar öz memarlıq üslublarına və fərqliliklərinə görə hazırda şəhərin tarixi abidələri sırasındadırlar. Bulaqlardan birinin tikintisini Xurşidbanu Natəvan öz üzərinə götürür. O, 1871-ci ildə əhalini içməli su ilə təmin etmək üçün şəhərdən yeddi kilometr aralıda Sarıbaba dağının ətəyindən Şuşaya su kəməri çəkdirir. Kəmərin tikinti işləri 1 il 6 ay davam edir və 1873-cü il avqustun 18-də uğurla başa çatır. Həmin suyu insanlara təqdim etmək üçün Xurşidbanu Natəvanın saray kompleksinin ərazisində Çölqala məhəlləsində Xan qızı bulağı tikilir.
1992-ci ilin 8 may tarixində Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb.
Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti "Xan qızı" bulağı adı ilə məşhur idi. İşğal dövründə suyu quruyan bulaq yenidən sakinlərin və şəhərin qonaqlarının istifadəsindədir.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN TARİXİNDƏ BÖYÜK DÖNÜŞ DÖVRÜ

Daha sonra prezidentlər Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar. Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra ötən il mayın 10-da istifadəyə verilib. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır."Heydər Əliyev və Qarabağ" sərgisində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb. 1969-cu ildən etibarən, Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə Ağdam-Xankəndi dəmir yolu açıldı. Bu, Ulu Öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Ulu Öndər Şuşanın inkişafına da xüsusi əhəmiyyət verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirirdi.

ŞUŞANIN YENİ DÜNYASINDA SAATLI MƏSCİDİ

Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəllər Molla Pənah Vaqifin dərs dediyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi, Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb və ötən ilin may ayında məscidin açılışı olub.
Şuşanın hər bir daşı bu gün yeni dünyasını yaşayır. Zaman-zaman bərpa və təmir işləri aparılır. Bülbülün ev-muzeyi də bu sıradandır. Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün ev-muzeyində də bərpa işləri aparılıb və 2021-ci il avqustun 29-da muzeyin açılışı olub.

CIDIR DÜZÜ - "YARIŞ MEYDANI"

Azərbaycan və Qazaxıstan prezidentləri Cıdır düzündə də olublar. Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir. Yeri gəlmişkən qeyd edək ki, Şuşanın rəmzi sayılan Cıdır düzü də bu gün başqa bir ab-havadadır. Cıdır düzü - "yarış meydanı" qədim Şuşanın əsas aktiv istirahət yeri idi. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şuşalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük verirdilər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəllər yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçirirdilər. Yeri gəlmişkən, yarışlar təkcə atlarda deyil, dəvələrdə də təşkil olunurdu. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirilirdi. Qaliblərə qarşı comərdcəsinə davranış sərgiləyib, dəyərli hədiyyələr verilirdi. Gənclər at belində yarışmaya daha böyük maraq göstərirdilər. "Baharbəndi" adlı oyunu ən məşhur oyunlardan idi. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu. Sonra isə, ardıcıl olaraq, sürəti azaltmadan onları yığıb taxmalı idilər. "Papaq oyunu" və "Yaylıq oyunu" kimi məşhur oyunlar da Cıdır düzündə keçirilir. Tarixi salnamələrə və yerli Şuşalıların xatirələrinə görə Cıdır düzü həm də pəhləvanların görüşdüyü və yarışdığı yer olmuşdur. Xüsusən də yerli güləşçilərin tanınmış əcnəbi pəhləvanlarla görüşlərinə çoxlu tamaşaçı toplaşırdı. Cıdır düzündə insanlar həmçinin qoç və dəvə döyüşüləri də keçirirdilər.
Bundan başqa, Cıdır düzü ədəbi-musiqili məclislərinin, musiqi şənliklərinin də keçirildiyi yer idi.
Bu gün Şuşa yenidən qurulur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Cənab Prezidentin Şuşaya hər səfəri tarixi hadisələrlə yadda qalır.


Zümrüd BAYRAMOVA

Digər xəbərlər