“Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin xarici siyasəti mühüm əhəmiyyət kəsb edir. Əslində milli dövlətlərin beynəlxalq nüfuzunda, beynəlxalq münasibətlər sistemindəki rolunu da xarici siyasət vektoru təyin edir. Bu konteksdə əlbəttə ki, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən səfirliklərin üzərinə böyük məsuliyyət və vəzifələr düşür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, səfirlər bir ölkənin xarici siyasətinin akkreditasiya olunduğu ölkədə təmsil edən rəsmi şəxslərdir: “Buna görə də biz onları hüquqlu və səlahiyyətli səfirlər adlandırırıq. Bu mənada diqqət çəkən məsələlərdən biri də Azərbaycan dövlət başçısının bu ilin 7 fevralında növbədənkənar Prezident seçkilərdən sonra Milli Məclisdə baş tutan andiçmə mərasimi zamanı etdiyi çıxışdır.Dövlət başçısı çıxışı zamanı qeyd etdi ki, bundan sonrakı mərhələdə dövlətimizin xarici siyasətində digər beynəlxalq təşkilat və dövlətlərlə bərabər, Türk Dövlətləri Təşkilatı ilə olan əlaqələrimiz də xüsusi strateji əhəmiyyət kəsb edir. Şübhəsiz ki, yeni reallıqlar kontekstində Azərbaycanın dünyaya tanıdılması, yeni tarixi mərhələdə yeni münasibətlərin qurulmasında səfirliklərin çox böyük rolu olub və olacaq da. Bu səbəbdən də Azərbaycan daima öz diplomatik korpusunu genişləndirir və milli maraqlarımız baxımından vacib hesab edilən ölkələrlə münasibətlər daha da dərinləşdirilir”.
Müəllif: Səbinə Hüseynli