PREZİDENT İLHAM ƏLİYEV: «Bakı Forumu qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən birinə çevrilib»
Bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib. Forumlarda keçirildiyi dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Forumun digər bir əhəmiyyəti isə bu və ya digər məsələlərin həlli ilə bağlı fikirlər irəli sürülməsidir. Bu baxımdan, Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti mövcuddur.
Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilib. XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıb, 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı Forumu qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən birinə çevrilib: «Düşünürəm ki, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir».
Qlobal Bakı Forumunun dünya əhəmiyyətli diskussiya platformasına çevrilməsi Azərbaycanın da beynəlxalq müstəvidə təsirini artırıb, mövqelərini möhkəmlədib və ölkəmizi dünyaya, dünyanı ölkəmizə daha yaxşı tanıtdırmağa imkan yaradıb. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun verdiyi imkanlardan milli maraqlarımızın müdafiəsi, ölkəmizin inkişafı problemlərinin həlli baxımından maksimum yararlanıb. Qlobal Bakı Forumu Azərbaycanın gücünün, inkişafının rəmzinə çevrilib. Belə ki, martın 14-də keçirilən X Qlobal Bakı Forumu «Parçalanmış dünyanın bərpası» mövzusuna həsr olunan Forumda hazırda bütün dünyanı narahat edən, həyacanda saxlayan məsələləri müzakirə edilib.
Forumu əhəmiyyətli edən məsələlərdən biri də tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Qlobal Bakı Forumu heç bir halda konkret bir istiqamət məqsədli, hansısa dairələrin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi güdməyib. X Qlobal Bakı Forumu bir daha nümayiş etdirdi ki, bu forum hər hansı bir tərəf sərgiləmədən, hər hansı bir cəbhədə yer almadan dünyanı narahat edən obyektiv məsələlərin həlli istiqamətində müzakirələrin təşkil olunmasından ibarətdir.
«SONUNCU GÖRÜŞÜMÜZDƏN SONRA REGİONUMUZDA BAŞ VERƏN ƏSAS GEOSİYASİ DƏYİŞİKLİK AZƏRBAYCANIN SUVERENLİYİNİN TAM BƏRPASIDIR»
Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib ki, sonuncu görüşümüzdən sonra dünyada və regionumuzda bir çox hadisələr baş verib: «Əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır».
XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini gördük”.
Bəli, zaman göstərdi ki, biz haqq yolundayıq. Bu gün regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Artıq Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edərək böyük tarixi zəfərə imza atıb. İndi suveren, bütün ərazi bütövlüyü təmin olunmuş qüdrətli Azərbaycan dövləti mövcuddur! Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində müqəddəs üçrəngli bayrağımızı qaldırdı və xalqına etdiyi proqram xarakterli tarixi müraciətində bildirdi ki, artıq Azərbaycanla dünyada hesablaşırlar, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bilib. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, son 20 il ərzində verdiyi bütün vədlər, qarşısına qoyduğu bütün vəzifələr icra edilib. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu – 2023-cü il sentyabrın 20-də növbəti qələbəyə imza atdı. Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının «Dəmir Yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Qısa müddətdə - bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacağının sübutu idi.
«ERMƏNİSTANIN BAŞ NAZİRİNİN “QARABAĞ ERMƏNİSTANDIR VƏ NÖQTƏ” İFADƏSİ BELƏ BİR ÖLKƏ ÜÇÜN ÇOX BÖYÜK İDDİA İDİ»
Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi - birincisi, bu, beynəlxalq hüququn tam pozulması, ikincisi isə bu, belə bir ölkə üçün çox böyük iddia idi: «Onlar hesab edirdilər ki, əbədi olaraq bizim torpaqlarımızı işğal altında saxlaya bilərlər”, - deyən dövlətimizin başçısı əlavə edib ki, onlar bundan 2020-ci ilin sentyabr-noyabrında dərs götürdülər».
Bəli, Ermənistan vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Bunu isə “Dəmir yumruq” hesabına etməyə məcbur olub. Və unudub ki, onlar Azərbaycan ərazisində yaşayırlar. Ona görə bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk. Və dövlət başçımızın söylədiyi kimi: «bizə xor baxanlara, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “Dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!.Və….
«BİZ TARİXİ ƏDALƏTİ, BEYNƏLXALQ HÜQUQU BƏRPA ETDİK, ARTIQ BU REGİONDA ƏDAVƏTƏ SON QOYMAQ VAXTIDIR»
Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, indi Qarabağ məsələsi artıq bağlanıb, hazırda biz sülhə çox yaxınıq.
Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda bərpa olunub. Biz görürük ki, sülhə nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. İndi isə artıq bu regionda ədavətə son qoymaq vaxtıdır”.
Prezident İlham Əliyev çıxışlarında, müsahibələrində mütəmadi olaraq bildirir ki, Azərbaycan sülhün tərəfdarıdır və regionda baş verən bütün proseslərə təmkinlə yanaşır. Vətən müharibəsindən sonra regionda vəziyyətin mürəkkəb olaraq qalmaqdadır. Bu gərginliyin səbəbi Ermənistanın üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirməməsidir. Ermənistanın öhdəsinə düşən vəzifələri icra etməkdən boyun qaçırması vəziyyətin daha da mürəkkəbləşməsinə və əngəllərə yol açır.
Regionda təxribat xarakterli proseslər baş verir və bunlar kifayət qədərdir. Əslində, bu addımlar ona hesablanıb ki, sülh danışıqları pozulsun və nəticəsiz qalsın. Azərbaycan tərəfi sülhə və təhlükəsizliyə təhdid olan bütün təxribatları pisləyir, bunların aradan qaldırılması üçün bütün müstəvilərdə səylərini davam etdirir.
Prezident İlham Əliyev Bakı Forumunun iştirakçılarını Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi barədə məlumatlandırıb.
«FRANSANIN MÖVQEYİ BEYNƏLXALQ İCTİMAİYYƏTİN MÖVQEYİNƏ TAMAMİLƏ ZİDDİR»
Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı Fransanın ölkəmizə qarşı qərəzli mövqeydə olduğunu deyib: «Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir».
1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti Forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib.
Prezident İlham Əliyev çıxışı zamanı söyləyib ki, bir neçə ay sərf etməli olduq ki, həmin abidəni (Natəvanın vandalizm aktına məruz qalmış heykəli – red.) Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”. Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.
Beləliklə, Prezident cənab İlham Əliyevin tövsiyələri və Azərbaycanın münaqişələrin həlli, sülh quruculuğu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi XI Qlobal Bakı Forumunda yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərın yaranmasına əhəmiyyətli töhfə verəcək və Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacaq.
RƏFİQƏ KAMALQIZI