PDF Oxu

Siyasət

  • 1 439

Azərbaycan-Albaniya: qarşılıqlı inam və etimada əsaslanan əməkdaşlıq TƏHLİL

Azərbaycan-Albaniya: qarşılıqlı inam və etimada əsaslanan əməkdaşlıq TƏHLİL

Dünya ölkələri ilə qarşılıqlı əlaqələr quran Azərbaycan Albaniya ilə də dost, qardaş ölkələr olaraq əməkdaşlığa diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var.
Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin daha bir təzahürüdür. Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 14-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşü əlaqələrin davamlığına söykənir. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Prezident İlham Əliyevin Albaniyaya dövlət səfərinin, Prezident Bayram Beqayın isə ölkəmizə rəsmi səfərinin əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib. Bu ilin martında Albaniyanin Baş naziri Edi Ramanın ölkəmizə səfərinin əhəmiyyətinə toxunulub.

DÖVLƏTLƏRARASI SİYASİ DİALOQ

Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyəti və bu layihənin enerji təhlükəsizliyinin təmin olunmasında rolu bir daha qeyd edilib. Azərbaycan tərəfindən Albaniyaya investisiya qoyuluşu məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasına ilk səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan münasibətlərin, dialoqun daha da inkişafına təkan oldu. Dövlət başçısının səfəri dövlətlərarası münasibətlərin daha da inkişafına, xalqlar arasında əməkdaşlığın genişləndirilməsinə müsbət təsirini göstərdi. Azərbaycan Prezidentinin çıxışlarının birində "Biz çox sıx dostluq münasibətləri qurmuşuq və Azərbaycanla Albaniya arasında yüksək səviyyədə siyasi dialoqun çox yaxşı dinamikası var", - deyə bildirib. Cənab Prezident bunun ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm amil olduğunu söyləyib. Hər iki dövlət beynəlxalq təşkilatlarda fəal çalışır. Belə ki, Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında hər iki dövlət bir-birinə təkan olub.

ƏMƏKDAŞLIQ ÜÇÜN MÜHÜM MEYARLAR

Son illərdə bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edib. Əməkdaşlığın əsasını təşkil edən mühüm amil enerji sahəsinin inkişafı məsələləridir. Qaz təchizatı məsələlərinə gəldikdə isə, bildiyimiz kimi, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir. Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanmış və 2016-cı ilin mart ayından tikinti işləri başlanılmışdır. 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılmışdı. Hər iki dövlət Cənub Qaz Dəhlizinin icrasında müstəsna rol oynayıblar. Azərbaycan ilə Albaniya arasında enerji sektorunda əməkdaşlığın nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə də Cənub Qaz Dəhlizin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir və hazırda enerji təhlükəsizliyinin mənbəyidir. Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar əməkdaşlıq üçün mühüm meyarlardır.

İQTİSADİ MÜNASİBƏTLƏR – STRATEJİ HƏDƏFLƏR

Müasir dünyamızda Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. 2022-ci ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Albaniyanın qazlaşdırılması layihəsi ilə bağlı işlər cədvələ uyğun gedir. Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 milyon dollar, ixracın həcmi 4,29 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə müsbət 3,63 milyon dollar olub. 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 1,14 milyon dollar, ixracın həcmi 0,31 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 0,83 milyon dollar olub.

Əlbəttə ki, qarşılıqlı rəsmi səfərlər əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək, dövrün çağırışlarına cavab olaraq dövlətlərarası inkişafa müsbət təsirini göstərəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər