Azərbaycanın Qazaxıstanla sıx tarixi, siyasi və mədəni əlaqələrə malikdir. Son illərdə bu əlaqələr yeni imkanlar açıb. Məlumdur ki, Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Ölkələrimiz müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Bu, təsadüfi deyil. Belə ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Hazırda Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmiryolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Artıq Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz ifadəsidir. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir.
Prezidenti İlham Əliyev çıxışında vurğuladı ki, Qazaxıstanla bizi ortaq tarix, dəyərlər birləşdirir. Ən əsas məqamlardan biri də Türk Şurasında olan əməkdaşlıq faktorudur. Qazaxıstanın da bu qurumda təməlli təmsilçiliyi digər türkdilli ölkələrlə əməkdaşlıq və strateji tərəfdaşlıq missiyasına öz töhfələrini verməkdədir.
Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib. Qazaxıstanla Azərbaycan həm də qlobal layihələrin icrası sahəsində ciddi iş birliyinə malikdir. Çinvə Avropanı birləşdirən Transxəzər (Orta) Beynəlxalq Nəqliyyat Marşrutu Çindən Avropa Birliyi ölkələrinə qədər nəhəng bir coğrafiyada yük daşımalarının artırılmasına böyük töhfə verəcək ki, bu prosesdə də Azərbaycan və Qazaxıstan “açar ölkə”lər rolunu oynayacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir. Trans Xəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri