“Böyük Qayıdış prosesi Azərbaycanın dövlət siyasətidir və qısa müddət ərzində işğalı sonlandıran ölkənin öz əhalisini ən təhlükəsiz şəkildə azad edilmiş ərazilərə necə qaytara biləcəyini göstərir. Bu gün Azərbaycanın Böyük Qayıdış prosesini mərhələli şəkildə həyata keçirməsi özlüyündə çox vacib məqamları ehtiva edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki, Böyük Qayıdış prosesi baş vermədən öncə ərazilərimizdə təhlükəsizlik təmin edilib: “Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan heç bir beynəlxalq təşkilatın köməyi olmadan minalanmış ərazilərdə təmizlik işləri həyata keçirir. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi fonunda əhalimizin həmin bölgələrə köçü prosesi baş tutur.Digər tərəfdən Azərbaycan qısa müddət ərzində xeyli sayda soydaşını işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırmağı bacarıb. Bu bizim ölkəmizin qüdrətinin, gücünün göstəricisidir. Hazırda da işğaldan azad olunmuş bölgələrdə böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Həmin ərazilərdə mühüm infrastruktur işləri görülür. Məntiqi yekun olaraq Azərbaycanın Böyük Qayıdış layihəsindəki iradəsi, gücü və qabilliyyəti nümayiş edilmiş olur”.
Müəllif: Səbinə Hüseynli