PDF Oxu

Siyasət

  • 1 964

İkitərəfli əlaqələrin inkişafı yüksək səviyyədədir - ŞƏRH

İkitərəfli əlaqələrin inkişafı yüksək səviyyədədir - ŞƏRH

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında münasibətlər ortaq tarixi, etnik və mədəni köklərə əsaslanır. Ölkələrimizin liderləri arasında səmimi dostluq və yüksək səviyyəli dialoq tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verir.

Qeyd edək ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub ki, bu gün münasibətlərin inkişafında Prezident cənab İlham Əliyevin əvəzsiz xidmətləri var. Ümummilli lider Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ilə təsadüf edib. Həmin vaxt Türkdilli Ölkələrin Dövlət Başçılarının ikinci Zirvə görüşündə iştirak edən Ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycanla Qazaxıstan arasında həm ikitərəfli, həm də türk dövlətlərinin münasibətləri çərçivəsində əlaqələrin qurulmasına dair qərar qəbul edilib.

Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, xüsusi ilə yeni dönəmdə yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Təbii ki, burada Qazaxıstan Respublikasının yeri çox əhəmiyyətlidir. Əlaqələrin inkişafında isə qarşılıqlı olaraq rəsmi dövlət səfərlərinin rolu danılmazdır.

Bildirək ki, cari ilin mart ayının 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə dövlət səfərinə gəlib. Daha sonra Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü olub. Həmin gün iki ölkə prezidentlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının birinci iclası keçirilib. Sonda Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, cənab Prezident sonuncu andiçmə mərasimində çıxışı zamanı “bizim ailəmiz Türk dünyasıdır” söylədi və türk xalqlarının biri-birinə daha da yaxınlaşmasının əhəmiyyətindən danışdı. Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi dövlət səfərinə gəlməsi və səfər zamanı baş tutan görüşlər, imzalanan sənədlər, hər iki dövlət başçısının bəyanatları, mətbuata verilən açıqlamalar ölkələrimiz arasındakı əlaqələrin daha yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.

Prezident cənab İlham Əliyev mətbuata bəyanatında ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş coğrafiyada səmərəli əməkdaşlıq üçün böyük önəm daşıdığını bildirib. Ölkə rəhbəri bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib, bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə genişmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini diqqətə çatdırıb. Hər iki ölkə son illərdə bütün region üçün mühüm önəm daşıyan bir sıra layihələrin icrasına fəal qoşulub. Məsələn, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı, habelə Qazaxıstandan Azərbaycan bazarına buğda tədarükünün reallaşdırılması istiqamətindəki təşəbbüslərin diqqət mərkəzində saxlanılması nəticəsində Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Dövlət başçılarının görüşündə ikitərəfli qarşılıqlı fəaliyyət məsələləri ilə yanaşı regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuldu. Liderlər öz bəyanatlarında beynəlxalq strukturlarda, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyi, mümkün inkişaf potensialını dəyərləndirməyi vacib hesab etdiklərini növbəti dəfə bəyan etmiş oldular.

Qazaxıstan hazırda türk dünyasının və bütövlükdə regionun sürətlə inkişaf edən, iqtisadi cəhətdən yüksələn dövlətlərindən biridir. Ölkə başçısı da öz çıxışında Astanaya səfərləri və bu mənada Qazaxıstanın inkişafı, tərəqqisi, qüdrətlənməsi yolunda əldə etdiyi uğurları qeyd etdi. Dövlət başçısı Qazaxıstanın Azərbaycana qardaş, dost dövlət olduğunu bildirdi. “Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir”. Xalqlarımızın ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşadıqlarını vurğulayan dövlət başçısı qeyd edib: “İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir”. Ümumilikdə isə Qazaxıstan Prezidentinin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı prezidentlər arasında COP29-a hazırlıq prosesində Qazaxıstanın iştirakının da təmin edilməsi həm ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması, həm də yeni bir təcrübə əldə edilməsinə imkan yaradacaq.

İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib.

İki dövlət başçısının Şuşaya səfərini isə Qarabağa şahanə səyahət kimi qəbul etmək olar. Prezidentlər burada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir bəy Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxmışlar. Dövlət başçıları daha sonra Bülbülün ev-muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət "Yasəmən" hotelində olmuşlar. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq ali qonaqda dərin təəssüratlar doğurmuşdur.

Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni inkişaf dövrünü yaşayır. Bu mərhələnin əsası isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin 2022-ci ildə Azərbaycana rəsmi səfərinin nəticələrinə əsasən, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”sinin qəbul edilməsi ilə başlayır. İndiki dövrdə iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Siyasi, ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində sistemli layihələr gerçəkləşdirilir.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Digər xəbərlər