XI Qlobal Bakı Forumu beynəlxalq aləmin diqqət mərkəzində oldu
Böyük iqtisadi gücə malik Azərbaycan bir sıra regional və beynəlxalq layihələrin icrasında aparıcı rola malik dövlət olaraq tanınıb. Bu baxımdan dünyanın əksər ölkələri Azərbaycanla iki tərəfli əməkdaşlıq əlaqələrinin qurulmasında və birgə layihələrin icrasına can atırlar. Aparılan müdirik və ağıllı xarici siyasət müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan nüfuzlu beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əlaqələrinin daha da genişləndirilməsinə yeni-yeni tövfələr verir. Ölkəmizin BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlarla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdirib. Azərbaycan hazırda bir sıra beynəlxalq qurumlarda təmsil olunmaqla həm də prinsipial qərarların qəbulunda əhəmiyyətli rola malik dövlət kimi tanınır. Ölkəmizin beynəlxalq aləm də böyük hörmətə və nüfuza malik olmasının nəticəsidir ki, bir sıra beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə maraq artıb. Bu baxımdan elə bir ay olmur ki, hansısa beynəlxalq nüfuza malik seminarın, toplantının, konfransın Azərbaycanda keçirilməsi halı olmasın. Davamlı xarakter daşıyan bu kimi tədbirlərin ölkəmiz də keçirilməsi həm də Azərbaycanın sabitlik adası olmasından irəli gəlir. Martın 14-də Bakıda "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi də ölkəmizin dünya miqyasında artan nüfuzundan irəli gəlir. Hər il forma olan maraq artır. Əgər ötən il martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak etmişdisə, bu il “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edib. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.
Qlobal Bakı Forumu beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanmış mötəbər tədbirlərdən biridir
XI Qlobal Bakı Forumunda mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə edildi. Belə ki, hazırda bütün dünyanın diqqət mərkəzində olan COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr, yeni dünya nizamına təhdid yaradan amillər, o cümlədən təhlükəsizlik məsələsi və sülhün təmin olunması üçün perspektivlər, parçalanmış dünyada dayanıqlılığın qurulması forum iştirakçılarının müzakirə etdiyi məsələlərdən oldu. Bununla yanaşı, dünyanı sarsıdan münaqişələr, meqatəhdidlər, həmçinin iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətlər, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları kimi məsələlər barədə də fikir mübadiləsi aparıldı. Nəzərə almaq lazımdır ki, Qlobal Bakı Forumu artıq beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanmış mötəbər tədbirlərdən biridir. Azərbaycan Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən bu tədbir artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü, gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusu qazanıb. Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, eneryi təhlükəsizliyi kimi məsələləri daim gündəmdə saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna da mühüm töhfə verib. Azərbaycan Prezidenti İlham Əliyevin XI Qlobal Bakı Forumunda çıxışı dünya mətbuatının manjet mövzusuna çevrilib. Əksər aparıcı televiziyalar Prezident İlham Əliyevin çıxışı ətrafında tanınmış siyasi şərhçilərin iştirakı ilə müzakirələr qurur. Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bir sıra mələlərə diqqət çəkməklə yanaşı Fransanın Afrikada apardığı müstəmləkə siyasətindən, Ermənistanı silahlandırmasından, Azərbaycana qarşı olan qərəzli mövqeyindən və digər demokratik dünyanın hədəflərinə zidd fəaliyyətindən danışıb.
“Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı”
1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan Prezident İlham Əliyev Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.Azərbaycan Prezidenti Forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib: “Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir”. Prezident çıxışında qeyd edib ki, “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”. Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar”.
Azərbaycan Prezidenti İlham Əliyev çağırış xarakterli çıxışında bildirdi ki, dünya sürətlə dəyişir, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır: “Geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var”.
“Sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir”
Azərbaycan Prezident İlham Əliyev Forumda çıxışında 30 il erməni işğalı altında omuş torpaqlarımızn azad edilməsi məsləsindən danışarkən haqlı şəkil də qeyd etdi ki, uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərilsə də, nəticəsi olmayıb: “Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi qeyri-konstruktiv mövqeyi idi. Dünyanın aparıcı paytaxtlarından bizə mütəmadi olaraq göndərilən başqa bir mesaj da var idi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Əgər alternativ işğalla razılaşmaq, bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizin təqribən 20 faizində separatçı rejimin mövcudluğu ilə razılaşmaqdırsa, bu, bizim razılaşa biləcəyimiz məsələ deyil. Əfsuslar olsun ki, münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu. Beləliklə, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir.İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Son 3-4 il ərzində Azərbaycanda baş verənlər təkcə lokal xarakter daşıyan bir məsələ deyil. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər. Beynəlxalq hüququn normaları bizim tərəfimizdə idi, Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmışdı. Biz ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Bizə heç kəs kömək etmədi, biz bunu özümüz etdik”.
Yenilməz Sərkərdə, Prezident İlham Əliyev bildirdi ki, iqtisadi inkişafımız, maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınılması Qələbəmizi mümkün etdi.
Prezident İlham Əliyev məzmunlu, diqqətçəkən çıxışında onu da vurğuladı ki, Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi”.
XI Qlobal Bakı Forumunda COP29-a hazırlıq məqsədilə aparılan müzakirələr əhəmiyyəti ilə seçildi. “Həyatda qalmağımızı maliyyələşdirmək: İqlim ədaləti”, “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” və digər mövzular da aparılan panel iclaslarında Bakıda baş tutacaq COP29 konfransının uğurlu müzakirələr və qərarların qəbulu ilə yadda qalcağı vurğulandı. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma realıqlara əsaslanaraq vurğuladı ki, iqlim dəyişmələri bizə təsir etməkdədir: “Ölkələr bir araya gələrək sərhəd tanımadan birlikdə işləməlidir. Bizim əlimizdə texnologiya var, amma vəsait kifayət qədər deyil. “COP29-un əsas çətinliklərindən biri də vəsaitlərin cəlb edilməsidir. Bunu etmək üçün biz çox çətin vəziyyətə keçid alacağıq. Azərbaycanda keçiriləcək COP29 tarixi olacaq. Hər bir COP müəyyən bir bünövrədir. COP29 bizim üçün vacibdir. Azərbaycan taleyüklü öhdəliyə malik olacaq”.Türkiyənin keçmiş baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqalar Şurasının sədri Binəli Yıldırım isə "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun beşinci panel müzakirəsində bildirib ki, ölkələr iqlim dəyişikliyi ilə bağlı məsuliyyəti anlamalıdır: “Əsas sual budur ki, dünyanın daha yaxşı yerə çevrilməsinə kim məsuliyyət daşıyır? Bu məsələ, o cümlədən karbon tullantılarının azaldılmasında bütün ölkələrin üzərinə məsuliyyət düşür. İqlim dəyişikliyinin ciddi nəticələri ola bilər. Bununla bağlı beynəlxalq standartlara uyğun addımlar atılmalıdır”.
Bir sözlə görünən ondan ibarətdir ki, XI Qlobal Bakı Forumu dünyanın bir sıra sıra problemlərinin və qayğılarının aradan qaldırılmasında əhəmiyyətli mövzuların müzakirəsi ilə yadda qaldı.
Eldar İbrahimov
Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü