Siyasət

  • 792

Əməkdaşlığımız davamlı xarakterə malikdir

image

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin cari ilin 16 mart tarixində ölkəmizə rəsmi səfəri zamanı Prezident İlham Əliyevlə görüşü və mətbuata verilən bəyanat çox mühüm mesajları əhatə edir. Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq davamlı xarakterə malikdir. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri getdikcə daha da güclənir. Sözsüz ki, ənənəvi görüşlər ölkələri və xalqları daha da yaxınlaşdırır. Bu bir reallıqdır ki, Azərbaycan və gürcü xalqı arasında olan yüksək münasibətlər Cənubi Qafqazın ümumi inkişaf tendensiyasında mühüm rol oynayır. Xalqlar arasında əsrlər boyu mövcud olan mehriban qonşuluq, dostluq hər iki ölkənin əlaqələrinə mühüm təsir göstərir.

Azərbaycan və gürcü xalqları arasındakı dost və qardaşlıq əlaqələrinin çox qədim tarixi kökləri vardır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulub. İki dövlət arasında bir çox sahələr üzrə əməkdaçlıq günü-gündən artmaqdadır.
İki ölkə arasında sıx münasibətlər strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Bu, Azərbaycan və Gürcüstanın indiyədək birgə fəaliyyət göstərdikləri meqalayihələrin reallaşmasında özünü aydın göstərir. Həmin təşəbbüslərin gerçəkləşməsi regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Başqa sözlə, Cənub Qaz Dəhlizi və TAP layihələrinin həyata keçirilməsi ilə Gürcüstan və Avropanın enerji təhlükəsizliyində yeni mərhələnin əsası qoyulmaqla bərabər, tərəflər arasında əməkdaşlıq münasibətinin möhkəmlənməsinə əsaslı təsir göstərir. İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daima bir-birilərini dəstəkləyirlər. İkitərəfli və üçtərəfli Azərbaycan–Gürcüstan–Türkiyə diplomatik formatında yeni regional əməkdaşlıq platforması yaratmağa nail olublar. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü bərpa etməsini dəstəklədiyi kimi, Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Azərbaycan-Gürcüstan münasibətləri demək olar ki, həyatın bütün sahələrini əhatə edir. İki ölkə arasında dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün daim strateji əhəmiyyət daşıyır və bu münasibətləri hər iki xalqın milli maraqları şərtləndirir.
Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və s. sahələrdə mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilməkdədir.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər