Prezident İlham Əliyev: "Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var"
Azərbaycan artıq yeni bir dövr başlanğıcındadır. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu və əzəli yurd yerlərimizə sahib olduq. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə səfər edərək, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı mesajlarını verir. Hər bir ərazidən qalib ordunun və dövlətin qalib SƏRKƏRDƏSİ kimi səsəni ucaldır, mesajlarını verir, dünya bunu görür və eşidir.Artıq Qalib bir Sərkərdə kimi Cənab Prezident dördüncü ildir ki, azad olunmuş torpaqlarımızda bayram tonqallarını qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu il isə Xankəndi şəhərində. Bu qalanan bayram tonqalları yurdumuzun yaşamasıdır, varlığıdır, sahib olduğumuz torpaqlara qayıdışımızdır.Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırması buranın əzəli sakinlərinin yurd yeri olduğunu bir daha təsdiqləyir. Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə Xankəndidən təbrikində bildirdiyi kimi, bu, böyük xoşbəxtlikdir: "Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir".
"BİZ İKİNCİ QARABAĞ MÜHARİBƏSİ ZAMANI VƏ ANTİTERROR ƏMƏLİYYATI NƏTİCƏSİNDƏ BÖYÜK QƏHRƏMANLIQ GÖSTƏRMİŞİK"
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. Ötən ilin sentyabrın 19-da başlayan və təqribən 24 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Vətən müharibəsindəki tarixi Qələbəmizdən və Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan dövləti humanizm göstərərək, ölkəmizin erməni əhalisi ilə reinteqrasiya prosesinə start verdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən Azərbaycan Ordusu bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirərək, Ali Baş Komandanın onların qarşısında qoyduğu tapşırığı cəmi 24 saatda yerinə yetirdi. Nəticə olaraq separatçılar ağ bayraq qaldırdı və dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatdı. İndi bütövlükdə bölgədə sülh və inkişaf üçün gözəl şərait yaranıb. 30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan ərazilərimiz hər kəsə qürur yaşatdı.
"BU GÜN BİZ BU TORPAQLARDA QURURUQ, YARADIRIQ, BU TORPAQLARA HƏYAT QAYIDIR"
"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır".
2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti tarixdə yeni səhifə, salnamə oldu. İşğal altında olan şəhər, kənd və qəsəbələrimizin Azərbaycan ordusu tərəfindən azad olunması, eləcə də Şuşanın azad edilməsi və noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi artıq düşmənin çıxılmaz vəziyyətdə olduğunu ona anlatdı və məğlubiyyəti ilə üz-üzə qaldı. Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi və düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı və bu mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. "Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik" – deyə Prezident bildirib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymayan Ermənistan döyüş meydanında Azərbaycanın gücünü görmüş oldu. "Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir" – deyən Prezident bunun Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olduğunun diqqətə çatdırıb: "Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq. Biz iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır".
"BU GÜN AZƏRBAYCAN DÜNYA MİQYASINDA NADİR ÖLKƏLƏRDƏNDİR Kİ, ONUN SİYASƏTİ TAMAMİLƏ MÜSTƏQİLDİR"
Azərbaycanın iqtisadi inkişafı, siyasi cəhətdən gücü torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxardı. "Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır" – deyə Prezident bildirib.Cənab Prezident təbrikində Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdığını və maddi-texniki təchizatın ən yüksək səviyyədə həll olunduğunu bildirərək İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatının bunu bütün dünyaya nümayiş etdirdiyin bildirib. Onu da qeyd edib ki, ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir: "Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər".Vətənpərvər ruhda tərbiyə almış Azərbaycan gənci hər qarış torpağın müdafiəsində dayandı. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgsini bir daha göstərimiş oldu. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Azərbaycan tarixi ədaləti bərpa etdi. Azərbaycan Respublikasının dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağını hər şeydən uca tutan gənclərimiz qürur mənbəyimiz, and yerimiz olan Bayrağımız qarşısında baş əyərək müqəddəs varlıq kimi ona and içdilər. Bu Azərbaycan Ordusunun, gəncinin sahib olduğu gücə, bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlandı. Torpaq yolunda şəhid olan Azərbaycanın igid oğullarının qəlbimizdə abidələri ucalıb. Vətən savaşında şücaət göstərərk düşmənə dönməzliyini sübut edərək vətən qarşısında öz borclarını vermiş oldular. " Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq" – deyə Prezident bildirib.
"NOVRUZ TONQALI DA SON TƏMİZLƏMƏ İŞLƏRİNİ GÖRÜR"
Bu gün Azərbaycan tarixi hadisələrlə zəngin bir dövrü yaşayırıq. Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər müstəqil və güclü dövlətə malikdir. O, regionda və dünyada sayılır və dövlətimizlə hesablaşırlar. Bunun arxasında əzmkarlıq, mübarizlik və düşünülmüş uzaqgörən siyasət dayanır.
İşğaldan azad olunan ərazilərimizdə yeni, qaynar dövr başlayıb. Abadlıq-quruculuq işləri aparılır. "Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür" – deyə Azərbaycan Prezidenti bildirib.
Nəzakət ƏLƏDDİNQIZI