Siyasət

  • 2 267

Qərbin təxtribat planları üçün qrant "boruları"...

image

Qərb yenə öz ənənəvi oyunlarını davam etdirir. İkili standartlar qütbü, var gücü ilə müstəqil siyasət yürüdən Azərbaycana qarşı təxribatlara start verib. Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan, Qərb dövlətlərinin, eləcə də xüsusi xidmət orqanlarının çətiri altında fəaliyyət göstərən hər cür təşkilat və fondların dərhal maraq obyektinə çevrilib və diqqəti cəlb edən odur ki, onlar istər ölkə müxalifətini, istərsə də çoxsaylı QHT-ləri səxavətlə maliyyələşdirməyə başlayıblar. “Demokratik inkişafa dəstək” adı altında ölkəmizin daxili işlərinə burun soxulmasında demokratiyaya aid heç nə görünməsə də, xoş niyyətin olmadığı açıq-aşkar görünməkdədir.

Son hadisələr bir daha sübut edir ki, ABŞ başda olmaqla Qərb mərkəzləri Azərbaycanda ictimai rəyi çaşdırmaq üçün çoxlu sayda təsir agentləri yetişdiriblər. İzi azdırmaq üçün isə onların adını “KİV qurumu”, “QHT”, “Siyasi partiya” qoyaraq öz agentlərini məsuliyyətdən yayındırmaq məqsədilə bir növ hüquqi platforma yaradıblar. Üstəlik, qrant vermək adı altında onlar üçün “qanuni maliyyə mənbəyi” təmin ediblər. Azərbaycan 2000-ci illərdən başlayaraq bu şəbəkəni qismən ifşa edib və zərərsizləşdirmək üçün qanunvericiliyi yeniləyib. Belə ki, 2014-cü ildə qrant alma prosedurları sərtləşdirilib və digər zəruri tədbirlər görülüb. Ancaq görünür “qrant şəbəkəsi” də çevik tərpənərək qeyri-leqal vəsaitin ölkəyə gətirilib agentura şəbəkəsinə çatdırılması üçün son 6 il ərzində tamamilə yeni metodlardan istifadə edib. “Abzas Media”, “Kanal-13”, “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu” və digərlərinin fəaliyyətinin araşdırılması bu yöndə çoxsaylı nümunələr verir. Bu təşkilatlar öz fəaliyyətlərini Azərbaycan qanunları əsasında deyil, ABŞ-dan gələn direktivlər əsasında qururlar. Maliyyə xərcləri kimi, informasiya tezisləri də Qərbdən gəlir. Hansı ki, bu tezislər Azərbaycanın mənafeyi və milli maraqlarla tamamilə ziddir.

Məlumdur ki, Qərb mərkəzləri, kəşfiyyat orqanları dönə-dönə yeni üsul və sxemlərə əl atmaqdadırlar. Elə buna görə də yeni variantlar, yeni çətinliklər ortaya çıxmaqdadır və bu baxımdan hansısa QHT-nin, medianın xaricdən qeyri-qanuni maliyyələşməsinin qarşısını hələ tam şəkildə almaq barədə qəti fikir bildirmək olmaz. Anti-Azərbaycan qüvvələr bütün gücü ilə fəaliyyət göstərirlər və bu, indi onlar üçün Qərbdə quduz, sərhədsiz bir təbliğatın aparıldığı bir vaxtda daha vacib hesab olunur. Düzdür, Qərbin çətiri altında olan qüvvələr, donor təşkilatları Azərbaycanda böyük bir ot tayasında bir saman çopü axtarışındadırlar və nəyə isə ümid etmələri xülyadır, amma etiraf etmək lazımdır ki, bu axtarışın məqsədi heç də xoş niyyətli deyil. Daha açıq şəkildə desək, onlar üçün nə isə tapmaq yox, aranı qarşıdırmaq üçün hansısa səbəb lazımdır. Onların marionetləri isə bu yolda bütün imkanlarını səfərbər etməyə çalışırlar və “Abzas Media” xəbər portalının və eləcə də Toplum TV-nin rəhbər və əməkdaşlarının nümunəsində biz bunun şahidiyik.

Hüquq-mühafizə orqanları Toplum internet TV-nin ofisində apardıqları axtarış-əməliyyat tədbirləri zamanı onların cinayət əməlini sübut edən bir sıra sənədlər aşkarlayaraq götürüblər. Qanunvericiliyə uyğun olaraq da həbs edilənlər var. Heç vəchlə ölkəmizdə pozucu qüvvələrin meydan sulamasına imkan verilə bilməz. Azərbaycan xalqının milli maraqlarına, Azərbaycan dövlətinin əleyhinə qarşı işləyən, hətta qeyri-qanuni üsullarla fəaliyyət göstərməkdən belə çəkinməyən şəbəkələrin müəyyən edilməsi və neytrallaşdırılması vacibdir. Baxmayaraq ki, məkrli qüvvələr ifşa olununca hay-küy qaldırırlar. Gözlənildiyi kimi ənənəvi ampluasından çıxış etməyə və hay-küy qaldırmağa adətkar olan Qərb institutları Toplum TV-nin ofisində aparılan axtarış tədbirlərini media azadlığının pozulması kimi qiymətləndirməyə cəhdlər göstərir. Halbuki, axtarış tədbirləri Azərbaycan qanunlarına zidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirməsinə dair ciddi dəlilərin müəyyən edilməsi ilə bağlıdır.

Bəs qərbdəki təxribat “institutlarının” maliyyə axını hansı marşrutla reallaşır? Gəlin əlahəzrət faktlara üz tutaq. Faktlar isə, geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir. Maliyyə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb, Şərqdə terror təşkilatlarının da istifadə etdiyi həvalə mexanizmi, adsız kartlardan geniş istifadə olunub. Məlum hal Qərbin müəyyən dairələrinin öz fəaliyyətini səngitmədiyini, Azərbaycanda qarışıqlıq yaratmaq üçün bütün mümkün vasitələrdən istifadə etdiklərini göstərir. Baş verənlər fonunda Azərbaycana qarşı xarici mediada qarayaxma kampaniyası davam etdirilir, gündəlik qaydada onlarla əsassız ittihamlarla dolu materiallar verilir. Qərbin qaranlıq dairələrinin həyata keçirdiyi məkrli siyasətin Gürcüstan, Rusiya və digər ölkələrdə həyata keçirildiyi, növbənin Azərbaycana çatdığı müşahidə edilir.
Daha doğrusu, Azərbaycanda daha geniş xarakter daşıyır. Bu prosesdə USAİD və Samanta Pauer başda olmaqla Qərb fondlarının, hüquq-müdafiə təşkilatlarının xüsusi il fəallıq göstərdikləri diqqəti çəkir. Məqsədləri özlərinə yaxın müxtəlif şəbəkələrin qurulması və onların vasitəsilə daxildə qarışıqlıq yaradılmasına cəhdlərin göstərilməsidir. Lakin qeyd edildiyi kimi, pozucu şəbəkə öz çirkin məqsədlərinə nail ola bilmədilər.
Ümumiyyətlə, son vaxtlar xaricdən maliyyələşən istər media qurumları, istərsə də dağıdıcı müxalif qüvvələr Azərbaycanda qarışıqlıq yaratmaq üçün hər cür çirkin vasİtə və üsullardan istifadə edirlər. Lakin xalq-hakimiyyət birliyi, insanların ayıq-sayıq olması məkrli dairələrin pozucu planlarının iflasa uğramasına gətirib çıxarır. Bu hal bir daha Azərbaycanın güclü dövlət olması və belə metodlarla daxili sabitliyə xələl gətirmək cəhdlərinin iflasa uğramasının sübutudur. Maraqlıdır ki, Azərbaycana qarşı təşkil olunan kampaniyaların arxasında xarici agent statusundan geniş yararlanmaqla, xarici dəstək almaqda və ya xarici təsir altında olmaqda şübhəli bilinən şəxslərə qarşı tədbir görən ABŞ dayanır. Öz daxilində hər hansı xarici təsiri qadağa edən, buna görə vətəndaşlarını məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən də Azərbaycanda bu işləri böyük həvəslə həyata keçirir. Müxtəlif ölkələrdə bu əməllərə qarşı tədbir görüləndə isə, xarici mediada həmin ölkəyə qarşı çirkin kampaniyalar təşkil edilir. Beləcə aydın olur ki, “Toplum TV”, “Abzas TV” kimi sosial şəbəkə səviyyəsində olan media qurumlarına qərbin bu cür “səxavəti”nin bir məqsədi var: Müstəqil siyasət yürüdən, bölgədə güclü və lider dövlət halına gələn Azərbaycana zərbə vurmaq, onu yolundan döndərmək. Lakin bütün bu addımlar Azərbaycanı öz daxili məkanını təxribat və qeyri-qanuni fəaliyyətdən qorumaqdan çəkindirməyəcək. Xalq-dövlət birliyi bütün təxribat qruplarını dəf edəcək əlahəzrət qüvvədir!

Mətləb

Digər xəbərlər