Siyasət

  • 744

Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi - ŞƏRH

image

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, xalqa müraciəti tarixi Zəfərimizə gedən yolun, eyni zamanda, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını şərtləndirən amillərin təqdimatı ilə diqqətdə olur. Bu baxımdan Müzəffər Ali Baş Komandan İlham Əliyevin martın 18-də Xankəndi şəhərindən xalqımızı Novruz bayramı münasibətilə təbriki də hazırda geniş müzakirə olunmaqdadır. Dördüncü dəfə Qarabağ torpağında Novruz tonqalını alovlandırmasını böyük qürur hissi ilə qeyd edən cənab İlham Əliyev vurğuladı ki, bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilib.

Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar təşəbbüsümüzlə münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. İqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq.

Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olundu, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi. Üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik.

Dövlət başçısı İlham Əliyev bildirdi: “İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi və suverenliyimiz tam bərpa edildi.

Cənab İlham Əliyev xalqımızı Novruz təbrikində lokal antiterror tədbirlərinə başlanılmasını şərtləndirən amillərə diqqəti yönəldərək bildirdi ki, altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir: “Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.”

Prezident İlham Əliyev təbrikində bu reallığı bir daha tarixi faktlar əsasında qeyd etdi ki, Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Bu gün azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar və həyat qaynayacaq. Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Xankəndi şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Şuşada separatçıların qondarma ikinci parlament binasının yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri fevralın 26-da başlandı.

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, xalqa müraciəti Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə zəngindir. Bu baxımdan Novruz təbriki də xüsusi diqqət çəkdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev “Buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq” söyləyərək bu mesajı da çatdırdı: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Digər xəbərlər