Siyasət

  • 839

Xankəndi əzəli və əbədi Azərbaycan torpağıdır - ŞƏRH

image

Xalqımız illərdir qəlbində Qarabağ həsrəti, Qarabağ nisgili ilə yaşayıb. Hər keçən gün Qarabağa qovuşmaq arzusu, istəyi, ümidi daha da artırdı. Nəhayət 44 günlük müharibə, bir günlük antiterror əməliyyatları və igid oğullarımız səyi nəticəsində xalq öz arzusuna, amalına qovuşdu. Yaşanan ən böyük sevinclərdən biri də Xankəndi torpaqlarına qovuşmaq idi. Xankəndi XVIII əsrin axırlarında Azərbaycanın mühüm iqtisadi və mədəni mərkəzlərindən biri olan Qarabağ xanlığının ərazisində, Şuşa şəhərinin 10 kilometrliyində salınmışdır.

Salındığı dönəmlərdə Xankəndidə ancaq azərbaycanlılar, xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınıb. Sovet hakimiyyəti illərindən başlayaraq erməni qəsbkarlarının Azərbaycana əsassız torpaq iddiası ozamankı Moskvanın dəstəyi ilə yeni forma almağa başladı. Ötən əsrin ikinci yarısına qədər əsassız səbəblərlə Azərbaycandan parça-parça torpaq qoparmağa müvəffəq olmuş ermənilər SSRİ-nin çöküşündən istifadə edərək yenidən torpaq iddialarına əl atdılar. 1988-ci ildə Xankəndidə baş qaldıran separatçılar guya Qarabağın Azərbaycanın tərkib hissəsi kimi iqtisadi-mədəni inkişafdan geri qalması və bunun üçün regionun Ermənistana birləşdirilməsi kimi sərsəm tələblər irəli sürür və arzularımnı reallaşdırmaq üçün terror əməlləri törədirdilər. Başqalarının torpaqları hesabına böyük dövlət qurmaq xəyalları ilə başlatdıqları iyrənc əməllər tezliklə Qərbi Azərbaycanda, Qarabağda və bütün Azərbaycanda yaşayan soydaşlarımızın kabusuna çevrildi. Ermənilər harada gəldi azərbaycanlıları qətl etdi, qadın, uşaq və qocalara işgəncə verdi, cəsədləri vandalca təhqir etdi, yurdundan qovulmuş insanların evlərinin qapı-pəncərəsini, divarların künc daşlarını belə söküb apardılar.

Bu gün artıq Azərbaycan güc strukturlarının tam nəzarət etdiyi Xankəndi şəhərində Ermənistan işğalına qədər yaşamış 17 minə qədər azərbaycanlı sakin də erməni separatizmindən əziyyət çəkmiş, çoxsaylı itkilər vermişdir. Xankəndidə yaşamış sonuncu azərbaycanlı 1991-ci ilin dekabrında bu şəhəri tərk etməli olmuşdur. Lakin illər sonra ilahi ədalət bərpa edildi və 2023-cü il oktyabr ayının 15-də cənab prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırdı. Ənənəvi olaraq müxtəlif bayramlar işğaldan azad edilmiş torpaqlarımızda qeyd edilir. Novruz bayramında 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalandı. Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb.

Hər zaman olduğu kimi yenə də Cənab Prezident qazanılan qələbələrdə şəhidlərimizin rolunu vurğulayib: “Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək”.

Prezident öz nitqində eyni zamanda Xankəndi şəhərinin tarixindən, Pənahəli xan tərəfindən salınmasından, memarlıq abidələrindən də məlumat verib. İlham Əliyev eyni zamanda Xocalı memorial kompleksi haqqında məlumat verib və xalqın Novruz bayramını təbrik edib: “Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür. Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.

Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki uğrunda canlarından keçdikləri torpaqlarda artıq həmin torpaqların əsl sahibləri addımlayır.

Lalə Səlimzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər