Hər Novruz gələndə iki məsələyə çox sevinirik. Birincisi ona görə çox sevinirik ki, doyunca şəkərbura, paxlava yeyəcəyik. İkincisi, ona görə sevinirik ki, bahar gələcək, havalar istiləşəcək, ağaclar çiçək açacaq, gül gülü, bülbül bülbülü çağıracaq.
İkincidən başlayaq, inşallah ki, ölmərik, qalarıq, bu şəhərdə baharı da görərik. Hələlik isə niyə, nə üçün, hansı səbəbdənsə bu şəhərə bahar gəlmir. Gəlir, deyirsinizsə, bir çiçək göstərin. Gəlirsə, quşdan, bülbüldən birini göstərin. Hara baxırsan, beton, daş binalar, vəssalam. Deyir, quşlar gəlir, uçanda hündür mərtəbələrə çırpılır, ölən ölür, sağ qalan isə söyüş qoyur ki, mən bir də bu şəhərə gəlsəm, dədəmə lənət olsun.
Amma deyirlər, bu şəhərə bahar nə vaxtsa gələcək. Gözləyək, görək də, çarə nədir...
Dünən marketlərdən birində nə görsəm yaxşıdır? 4 şəkərburanın 7 manat 20 qəpiyə satıldığını. Dedim, yaxşı, bu Novruz bu il əziyyət çəkib nəyə gəlibmiş görəsən? Budur, nə ətrafda bahar var, nə də bol-bol şəkərbura-paxlava. 4-ü 7 manat 20 qəpikdən nə qədər şəkərbura yedi bu camaat görəsən?
Bir də dedim, əziyyət çəkib bişirməyi öyrənsinlər, çox da yesinlər də. Bax, bayram günlərində unda, yağda, süddə endirim vardı. Yəni, 7 manata xeyli ərzaq alıb şəkərbura xəmiri yoğurmaq olardı. Hə, bəs içi? Elə yəqin ona görədir də, 4-nün 7.20 olması. Bəs bunun içinin fındığı, şəkər tozu var...
Halva-halva deməklə ağız şirin olmur axı. Hələ çəkilən zəhməti demirəm. Bir gün qalırsan mətbəxdə ki, nədir, nədir 2-3 sini şəkərbura bişirəcəksən. Onu da hər mətbəxə keçən birini götürüb gedir, yerdə qalır heç nə.
Amma yenə evdə bişirəndə heç olmasa dadını bilmiş olursan da, niyə durub yalan danışaq ki?..
Bəs bişirməyi bacarmayanlar? Bacarmırlar da, nə etsinlər ki? Yəqin onlar da 4-ü 7.20 qəpik olan bu şəkərburalardan almalı olublar. Maraqlıdır, görəsən, 4-ü 7.20-yə olan şəkərburaları alanlar ondan nə qədər alıblar və nə qədər yeyiblər?
Məsələn, beş nəfərdən ibarət ailə belə şəkərburadan 5 bağlam alsa ki, hər kəs ən azından 4-nü yesin, onda buna verməlidir 36 manat. Vay, dədə, var, 20 şəkərburaya sən apar 36 manat pul ver? Biri 1 manat 80 qəpik edir ki... Etsin ey etməyinə. Bir şəkərbura iki dişləkdən ibarətdir. Bir, iki, getdi, axı heç dişin dibində də qalmır ki, dadını hiss edəsən...
Nə bilim, yəqin alanlar var da, məəttəl qalıb almayıb, nə edəcəklər ki... Belələri bişirənlərin, satanların insafına qalıblar. Onların da insafı budur.
Maraqlı isə orasıdır ki, sən gəl qara yazdan Novruzu gözlə, nə az, nə çox, düz 4 çərşənbə qarşıla, yola sal ki, Novruz gələcək, doyunca şəkərbura yeyəcəyəm, şəkərbura da gəlsin, olsun 4-ü 7.20 qəpiyə.
Ay belə Novruz, sənə nə deyim?.. Baharın yox idi, barı şəkərburan olardı...
Mətanət Məmmədova