Siyasət

  • 1 071

Azərbaycan-Rumıniya: enerji sahəsində qarşılıqlı əməkdaşlıq - TƏHLİL

image

Son 20 ildə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü müdrik xarici siyasət nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Rumıniya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul etməsi əlaqələrin davamlığının göstəricisidir. Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğu məmnunluqla vurğulanaraq bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndiyi bildirilib. Azərbaycan Prezidenti ikitərəfli münasibətlərin fəal inkişaf mərhələsində olduğunu qeyd edərək, dövlət başçıları, eləcə də digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında iqtisadi-ticari əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının münasibətlərimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəminə toxunaraq bu iclasın gündəliyində enerji ilə yanaşı, digər sahələrə aid məsələlərin də olduğunu məmnunluqla qeyd edib.

Vurğulamaq yerinə düşəər ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətlərarası ikitərəfli münasibətlərin coğrafiyası genişlənmiş və Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanımışdır. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmiş və Rumıniya Prezidenti İon İliyesku ilə görüşən Ulu Öndər Heydər Əliyev Rumıniya prezidentinin onu bu ölkəyə səfərə dəvət etməsini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addım kimi qiymətləndirmişdir.

Ulu Öndər Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. 1996-cı ilin martında Rumıniya Prezidenti İon İliyesku Azərbaycana rəsmi səfərə gəlmiş və səfər çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, hava əlaqələri, ticarət gəmiçiliyi, beynəlxalq avtomobil daşımaları haqqında və digər sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Qarşılıqlı əlaqələrin təzahürü olaraq 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılmışdır. 1998-ci il iyunun 29-da Rumıniya Prezidenti Emil Konstantinesku Heydər Əliyevin dəvətilə Azərbaycana rəsmi səfəri zamanı "Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında" bəyannamə imzalanmışdır.

REGİONAL VƏ BEYNƏLXALQ TƏŞKİLATLARDA ƏMƏKDAŞLIQ

Ulu Öndərin siyasi kursunu bu gün uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bir çox dünya ölkələri ilə yanaşı, Rumıniya ilə də dostluq əlaqələrini uğurla inkişaf etdirir. 2004-cü ildə İlham Əliyevin Rumıniyaya rəsmi səfəri və səfər çərçivəsində "Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Respublikası Prezidentinin Birgə Bəyannaməsi" də daxil olmaqla müxtəlif sahələri əhatə edən 12 sənədin imzalanması münasibətlərin genişlənməsinə geniş imkanlar açdı. Beləliklə, qarşılıqlı səfər və görüşlər ölkələr arasında siyasi - iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etməsinə səbəb oldu. "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə", "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş" və digər sənədlər dövlətlərarası münasibətlərdə körpü rolu oynayıb.

Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri münasibətlərin daha da inkişafına söykənir.

Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirilməsinə önəm verilib. Dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzalanmışdır. Bu gün regionda böyük gücə malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində də xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər.

YAŞIL ENERJİ SAHƏSİNDƏ REALLAŞAN LAYİHƏLƏR

Xatırladaq ki, Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Rumıniya ilə Azərbaycan gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin və 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, ümumən ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədinin ölkələr arasında əlaqələrin inkişafına imkan yaradıb, bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və cənab Prezident Buxarestə səfər zamanı dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalayıblar.Bu Sazişin imzalanması ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Rumıniya strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırdır.Dövlətimizin başçısı Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbulu zamanı Azərbaycanda enerji sektorunda, xüsusilə indiki dövrdə yaşıl enerji sahəsində böyük layihələrin reallaşdırıldığını deyərək, ötən ay Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının önəmini vurğulayıb. Söhbət zamanı energetika sahəsində artıq xeyli irəliləyişin olduğu vurğulanaraq Azərbaycandan təbii qazın və Qara Dəniz vasitəsilə yaşıl enerjinin Rumıniyaya ixracı ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, LNG, yaşıl enerji və qaz təchizatı layihələri üzrə müzakirələr davam edir və Azərbaycan şaxələndirilmiş şəkildə Rumıniyanın energetika bazarına daxil olmağı hədəfləyir.

"ENERGETİKA, ƏLBƏTTƏ Kİ, TƏKCƏ RUMINİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN YOX, BÜTÖVLÜKDƏ DÜNYA GÜNDƏLİYİNİN MƏRKƏZİNDƏ OLAN MƏSƏLƏDİR"

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı fikri xatırlatmaq yerinə düşər: "Energetika, əlbəttə ki, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır…Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir".

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndiyinə toxunulub, ötən il ticarət dövriyyəsinin daha əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon ABŞ dollarına çatdığı bildirilib. SOCAR-ın Rumıniyada çox aktiv fəaliyyətinə toxunularaq onun bu ölkənin yanacaq bazarında kifayət qədər əhəmiyyətli yer tutduğu diqqətə çatdırılıb. Azərbaycan Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra edərək və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilib. Bütün bunlarla yanaşı, Azərbaycan Ruminiya arasında olan əməkdaşlığı genişləndirmək üçün bir çox imkanlar var. Qaz, yaşıl enerji dəhlizləri, eləcə də nəqliyyat sahəsində olan münasibətlər dövlətlərarası əlaqələr üçün geniş imkanlar açacaqdır. Azərbaycan və Rumıniyanın iqtisadi əlaqələrində inkişaf dinamikasının davamı olaraq, iki ölkə arasında ticarət dövriyyəsinin yüksələn xətlə davam edir və ötən ildə 29,3 % artıb. Söhbət zamanı kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində də əməkdaşlığın genişlənməsi məmnunluqla vurğulanıb.

Göründüyü kimi, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Rumıniya-Azərbaycan əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad çalarları güclənmişdir. Ölkələrimiz arasında mövcud olan münasibətlər və bunun dinamik inkişafı belə bir proqnozdan çıxış etməyə əsas verir ki, Azərbaycan-Rumıniya əlaqələri yaxın gələcəkdə daha da yüksək olacaq.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər