Siyasət

  • 1 322

“Aprel döyüşləri Azərbaycan ordusunun gücünü göstərdi” - ŞƏRH EDİLDİ

image

“Azərbaycanın müasir döyüş tarixində 2-5 aprel 2016-cı il döyüşləri xüsusi yer tutur. Birinci Qarabağ müharibəsində qüvvələrin bərabərsizliyi, Ermənistana kənardan çox böyük dəstək verilməsi, Ulu Öndər Heydər Əliyevin böyük siyasətdən kənarlaşdırılması Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsinə səbəb oldu və Ermənistanda qələbə abu-havası yaşandı. Onlar bu torpaqların heç bir zaman qaytarılmayacağına, Azərbaycanın onlara güc göstərməsinin qeyri-mümkünlüyünü iddia edirdilər. Lakin 8 il bundan əvvəl aprel döyüşlərində Azərbaycan ordusu öz gücünü göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, 2000 hektara qədər ərazi işğaldan azad edildi: “Lələtəpə yüksəkliyi götürüldü, hansı ki, çox böyük əhəmiyyət daşıyırdı. Həmçinin mühüm strateji mövqelər ələ keçirildi. Ermənistan qoşununun məğlubedilməzliyi mifi dağıdıldı.Həmin dövrkü Ermənistan rəhbərliyi dünya liderlərinə Azərbaycana təsir göstərməyə və döyüşü dayandırmaq üçün yalvarmağa başladı. Problemi sülh yolu ilə, ərazi bütövlüyü çərçivəsində həll edəcəyinə söz verdi. Amma sonrakı dövrlərdə yenidən Azərbaycan ərazilərini qaytarmayacağını iddia etdi.Aprel döyüşləri Azərbaycan ordusunun gücünü, əsgərlərimizin qətiyyəti və döyüş hazırlığını göstərdi. Azərbaycan cəmiyyətinin həmin dövrdə bir yumruq kimi birləşməsi, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin möhtəşəm sərkərdəliyi nümayiş olundu. Bu Ermənistanı gec-tez Azərbaycanın işğal etdiyi torpaqlarını geri qaytaracağı fikrini düşünməyə məcbur etdi. Lakin bununla belə Ermənistan tərəfindən beynəlxalq hüquqa hörmətsizlik edildiyinə görə, Azərbaycan vətən müharibəsinə başlamağa məcbur oldu. 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Üç böyük bölgə döyüşsüz, bir güllə atılmadan azad edildi. Sonradan isə bir gün davam edən anti-terror tədbirlərində Azərbaycan ərazi bütövlüyünü tamamilə bərpa etdi.Aprel döyüşləri Azərbaycan ordusunun gücünü, qüdrətini, xalqımızın öz torpağına sevgisini, liderin cəmiyyət tərəfindən dəstəklənməsinin nümayişi oldu. Aprel döyüşlərinin şərəfi hər zaman bizim qürurumuz olacaq və Azərbaycan tarixində mühüm yer tutacaq. Həmin dövrdə şəhid olanlara Allahdan rəhmət diləyirik. Onların qanı yerdə qalmadı. Azərbaycan xalqı öz ordusunu, igidlərini sevir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər