“Müasir dövrdə rəqəmsallaşma artıq hər bir insanın həyatının tərkib hissəsidir. Dövlət xidmətlərinin vətəndaşların gözləntilərinə uyğun təşkili görməli olduğumuz tədbirlərdir. Bu gün rəqəmsallaşma siyasəti dövlətin müəyyən etdiyi siyasətlə yanaşı, cəmiyyətin tələbinə çevrilməkdədir. İnsanlar xidmətlərin daha çevik, daha sürətli olmasını tələb edirlər. Dövlət xidmətlərindən danışanda vətəndaş məmnunluğunu ön plana çıxır”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib."Ədalət mühakiməsinin həyata keçirilməsində də vətəndaş məmnunluğu əsas şərtlərdən biridir. Məmnunluq nə zaman əldə edilir? Təbii ki, vətəndaşların gözləntilərinə uyğun xidmət təqdim etdikdə. Vətəndaşın gözləntisi daim artmaqdadır. İşimizi buna uyğun qurmalıyıq ki, məmnunluğa nail olaq. Hər bir rəqəmsal layihə dövlətin rəqəmsal siyasətinin tərkib hissəsidir. Rəqəmsallaşma Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətinin tərkib hissəsidir. Həmin siyasətin tərkibində ədalət mühakiməsi prosesinin rəqəmsallaşdırılması qaçılmazdır. Ədalət mühakiməsi sahəsində bu proseslər uzun müddətdir gedir", - deyə İ.Kərimov qeyd edib.