PREZİDENT İLHAM ƏLİYEV: “Keçmiş məcburi köçkünlərlə görüşlərdə demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu”
33 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir.
2022-ci ildə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Hazırkı dövrün əsas çağırışlarından biri tarixi sahibinə qovuşan torpaqlarda bərpa-quruculuq işlərinin sürətini artırmaq, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarına nail olmaqdır. Qısa müddətdə Füzuli və Laçın şəhərlərinə, həmçinin Ağalı, Zabux və Talış kəndlərinə soydaşlarımızın qayıdışı, cari ildə də bu prosesin davamlılığının təmin edilməsi özündə bütün məqamları ehtiva edir. Təbii ki, qısa müddətdə yaşayışın təmin edilməsi zəruri olan infrastrukturun yaradılmasının, bunun fonunda ölkəmizin iqtisadi imkanlarının göstəricisidir. Cənab İlham Əliyev ilk gündən bu tapşırığı verdi ki, soydaşlarımızın ən yüksək səviyyədə yaşayışı təmin edilməlidir. Bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir.
Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi: "Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib".
Ölkə Prezidenti tarixi Zəfərimizdən sonra aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin miqyası fonunda bu çağırışı da edir ki, bunun asan məsələ olmadığını hər kəs bilməlidir. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur: “Biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik".
Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur.
"KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞLƏRDƏ DEMİŞDİM Kİ, SİZ ÖZ TORPAQLARINIZA QAYIDACAQSINIZ, BELƏ DƏ OLDU"
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qaytarıldığını vurğulayaraq bildirmişdir: "Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır".
Çünki bu gün haqlı da bizik, güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində Ermənistana növbəti mesajını verdi və bildirdi ki, son iki il yarım ərzində Ordumuzu böyük dərəcədə gücləndirilib, Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik və o mövqelərdə möhkəmlənirik, strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir və biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik. Bu gün biz azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq. Biz keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarırıq: "Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır".
Prezident İlham Əliyev bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və tezliklə doğma yurdlarından köçkün düşən soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacaqlarını deyib: "Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır. Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır".
BU TORPAQLARIN SAHİBLƏRİ BİZİK - AZƏRBAYCAN XALQIDIR
Bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq. Tarixi Zəfərimizin reallıqları yeni Dövlət proqramlarının qəbulunu bir zərurətə çevirdi. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də nəzərdə tutulan perspektivlər reallaşdırılır. Milli Prioritetlərin hədəfi ölkəmizdə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsini sürətləndirmək, dayanıqlı makroiqtisadi sabitliyə, Böyük Qayıdışın mərhələli həllinə nail olmaq, əhalinin həyat tərzini daha da yaxışlaşdırmaqdır. Nəticə ehtibarilə işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Bu sahədə diqqət göstərilən ən mühüm amil insanların sağlam həyat tərzinin formalaşdırılması üçün ekoloji baxımdan əlverişli "yaşıl texnologiyalar”ın tətbiqinə diqqətin artırılmasıdır. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək. Qeyd edilən Milli Prioritetlər Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir".
Bir mühüm məqamı da qeyd etmək istərdik ki, tarixi Zəfərimizdən sonra Ölkə Prezidenti İlham Əliyev 2021-ci il üçün planları və tapşırıqları açıqlayarkən bildirmişdi ki, planlarımız böyükdür. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur: "Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin”.
Artıq bütün dünya görür ki, erməni vəhşilərinin dağıtdıqları ərazilərdə bərpa-quruculuq işləri sürətlənir, Qarabağ, Şərqi Zəngəzur dirçəlir, insanlar doğma ocaqlarına qayıdırlar. Azərbaycanın dünyaya təqdim etdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində yenidən bərpa edilən və qurulan torpaqlarımızda sakinlərin rahat yaşayışı üçün zəruri olan bütün imkanlar yaradılıb. 30 illik torpaq həsrətinə son qoyularaq bu yerlərdə çal-çağırın yaşanması qürurvericidir.
Son üç ilin mühüm uğurlarından, tariximizin Zəfər səhifələrindən biri 2023-cü ilin aprel ayının 23-də Azərbaycan-Ermənistan sərhədində nəzarət -buraxılış məntəqəsini yaradılması oldu. Azərbaycan bu mühüm addımı ilə ərazi bütövlüyünü tam şəkildə bərpa etdi.
"BİZ TƏKCƏ ÖZ TORPAĞIMIZI AZAD ETMƏDİK, BİZ REGİONU, CƏNUBİ QAFQAZI BU VƏHŞİ XİSLƏTLİ QÜVVƏLƏRDƏN TƏMİZLƏDİK"
Dövlət başçısı İlham Əliyev bildirir ki, biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşi xislətli qüvvələrdən təmizlədik: “Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir."
Postmünaqişə dövründə “Qisas”, “Qətiyyətli cavab” əməliyyatları, ən əsası sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri lokal antiterror tədbirləri Ordumuzun gücünü, eyni zamanda. “Dəmir yumruğ”un yerində olmasının təsdiqidir. Cənab İlham Əliyev noyabrın 3-də Türk Dövlətləri Təşkilatının Astanada keçirilən “Türk Əsri” çağırışı altında 10 yubiley Zirvə görüşündə də bu məqama xüsusi diqqət yönəltdi. “2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, 2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.
2026-CI İLİN SONUNADƏK QARABAĞA VƏ ŞƏRQİ ZƏNGƏZURA 140 MİNDƏN ARTIQ İNSANIN GERİ DÖNMƏSİ NƏZƏRDƏ TUTULUR
Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çağırışı dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinə söykənir. Lokal antiterror tədbirlərindən sonra da belə qənaət yarandı ki, artıq sülh müqaviləsinin imzalanması üçün maneə yoxdur. Dövlət başçısının yuxarıda qeyd etdiyimiz fikirlərinə istinadən deyə bilərik ki, Ermənistan sülh müqaviləsinin imzalanması prosesini uzatsa da belə Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini uğurla davam etdirir, sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyini möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə qeyd etdiyi kimi, üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard dolların ayrılacağı nəzərdə tutulur. “Biz Böyük Qayıdış Proqramını icra edirik” söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki, artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb.
2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur: “Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.”
Bəli, biz bu Qələbəyə layiqik! Arxada qalan hər gün Böyük Qayıdışın tam şəkildə başa çatacağı günü yaxınlaşdırır. Soydaşlarımızın doğma yurd-yuvalarına qayıtdıqları ünvanların sıralaması genişlənir. Tarixi Zəfərimizin üçüncü ilinin mühüm qələbə səhifələrindən biri də Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanmasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində Ermənistana və ona havadarlıq edən dövlətlərə mesaj kimi dəyərləndirilən “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın” fikirlərinin davamı olaraq bildirdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir.
Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Prezident İlham Əliyevin 1 aprel 2024-cü il tarixili «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanı da bu məqsədə xidmət edir. Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmçinin Prezidentin 1 aprel 2024-cü il tarixli Sərəncamı ilə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiqləndi.
Göründüyü kimi, günümüzün reallığı deməyə əsas verir ki, regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir və Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Və arzuları gerçəyə çevirəcək Böyük Qayıdışa dair I Dövlət Proqramında əks olunan hədəf, məqsəd və vəzifələrin icrası bölgədə məskunlaşacaq əhalinin layiqli həyat şəraitini təmin edəcək və bu nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir. Həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir və Azərbaycan düzgün yoldadır, uğurlu gələcəyə inamla addımlayır.
RƏFİQƏ KAMALQIZI