Siyasət

  • 1 640

Azərbaycan-Türkiyə arasında strateji müttəfiqlik - TƏHLİL

image

Sarsılmaz dostluq və qardaşlığa söykənən və uğurla davam etdirilən Türkiyə-Azərbaycan birliyi əsrlərdir ki, davam edir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından keçir. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 2-də Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi əlaqələrin möhkəmliyinin göstəricisidir. Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi qeyd olunub. Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi diqqətə çəkilib. Prezident İlham Əliyev Türkiyə hərbi sənaye kompleksinin məhsullarının keyfiyyət və səmərəliliyə görə artıq dünya səviyyəsində məhşurlaşdığını məmnunluqla qeyd edərək Azərbaycanda da müdafiə sənayesinin inkişafi ilə bağlı ciddi addımların atıldığını vurğulayıb. Bu baxımdan Türkiyənin aparıcı şirkətlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını deyib. Haluk Görgün səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin tərkibində olan şirkətlər ilə Azərbaycan müdafiə sənayesi şirkətləri arasında bir neçə istiqamətdə birgə fəaliyyətlə bağlı anlaşma memorandumlarının imzalanması barədə dövlətimizin başçısına məlumat verib. Qeyd edək ki, son 21 ildə Türkiyənin müdafiə sənayesi üzrə yerli istehsal nisbəti 20 faizdən 80 faizədək artıb. Ölkə bu dövr ərzində nəhəng layihələrə imza atıb.

AZƏRBAYCAN VƏ TÜRKİYƏ ORDULARI BİR YUMRUQ ANLAMINDA

Bütün sahələrdə olduğu kimi Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi sahəsində də məqsədəmüvafiq işlər həyata keçirilməkdədir. Bu hərbi əməkdaşlığın böyük tarixi vardır. Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu söyləməyə əsas verir. Hərbi əməkdaşlığın bütün sahələrini əhatə edən bu əlaqələr iki ölkənin orduları arasında sıx münasibətlərin qurulmasına xidmət edir və ən başlıcası, bu əlaqələrin yüksələn xəttlə inkişaf etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Əlaqələrini artıq rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş iki qardaş ölkənin bilavasitə hərbi sahədə əməkdaşlıq əlaqələri xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı çıxışlarının birində vurğuladığı kimi, bu gün Azərbaycan və Türkiyə orduları bir yumruq anlamına gəlib və hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm də Azərbaycanda keçirilir. Əlbəttə ki, bütün bunlar ölkələrimizin hərbi qüdrətinin artmasına xidmət edir.

Ölkələrarası hərbi-texniki əməkdaşlığa hərbi silah və sursatların istehsalı üzrə birgə layihələrin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması, hərbi məhsulların idxalı və ixracı, müdafiə sərgilərində iştirak və s. daxildir.

QARDAŞ ÖLKƏLƏR ARASINDA KEYFİYYƏTCƏ YENİ DÖVR

Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan müstəqil siyasət yürüdə bilən ölkədir. Dövlət siyasətinin də mütləq prioritetləri Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiə olunması, eyni zamanda ölkəmizin müstəqil siyasət aparmasıdır.

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə dövlətlərarası gələcək iş birliyinin istiqamətini göstərir. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi kimi məsələlər öz əksini tapıb. Tarixi, strateji önəmi, hüquqi, hərbi və siyasi baxımdan xüsusilə böyük əhəmiyyətə malik olan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirir. Azərbaycan və Türkiyə regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini davam etdirilməsi baxımından yeni imkanlar açır. Şuşa Bəyannaməsi iki ölkə arasında imzalanmış olsa da, bölgə üçün də böyük əhəmiyyət daşıyır.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Azərbaycan və Türkiyə birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun da inkişafına mühüm töhfələr verir. Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələrdən qardaş ölkələrimizlə yanaşı, digər xalqlar da faydalanır.

Ölkələrimizin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiyalı fəaliyyət, qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsi istiqamətində atdığı addımlar öz bəhrəsini verməkdədir. Azərbaycan-Türkiyə əlaqələrinin belə yüksək inkişafı regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu münasibətlər, həmçinin türkdilli ölkələr və xalqlar arasında birliyin və əməkdaşlığın daha da gücləndirilməsini şərtləndirən ən mühüm amillərdən biridir.
Əlbəttə ki, Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik yaradır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər