Prezident tərəfindən Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Azərbaycanda Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin adları dəyişdirilib. Bu, Prezident İlham Əliyevin imzaladığı “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi barədə fərmanı ilə təsdiqini tapıb. Dəyişikliklərə əsasən, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” bundan sonra “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” adlanacaq.Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə dəyişdirilib. Bundan başqa, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı Laçın rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə dəyişdirilib. Bunun üçün isə dövlət başçısı “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 26 may 2023-cü il tarixli fərmanında dəyişiklik edib.SİA mövzu ilə bağlı deputat, iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərini öyrənib. O bildirib ki, bütövlükdə Qarabağda yaradılan idarəetmə modeli Azərbaycan üçün yeni modeldir: "Hətta cənab Prezidentin qeyd etdiyi kimi məhz bu model nəinki Azərbaycan, regionda yeni yanaşmadır. Həmin modelin digər bölgələrimizdə tətbiqi imkanları da araşdırılacaq. Bu istiqamətdə də işlər görülür. Sosial əmanətlər həm də Naxçıvan Muxtar Respublikasında yaradılıb. Qarabağ və Şərqi Zəngəzurdan kənarda da oxşar modellər tətbiq olunur.Bərpa, tikinti və idarəetmə ilə bağlı yeni yanaşma bir tərəfdən işğaldan azad olunmuş ərazilərimizin daha sürətli, intensiv şəkildə bərpa edilməsinə, eyni zamanda məskunlaşmanın həyata keçirilməsinə, eləcə də daha səmərəli, şəffaf, obyektiv, hesabatlı idarəetmənin reallaşmasına xidmət edir. Bu baxımdan gözlənti, bu islahat bütövlükdə məskunlaşma prosesinin sürətlənməsinə müsbət təsir göstərməklə yanaşı həm də Qarabağ və Şərqi Zəngəzurda idarəetmə modelinin təkmilləşdirilməsinə xidmət edəcək".
Müəllif: Söylü Ağazadə