PDF Oxu

Siyasət

  • 3 280

Böyük Zəfərin başlanğıcı: Aprel döyüşləri - TƏHLİL

Böyük Zəfərin başlanğıcı: Aprel döyüşləri - TƏHLİL

Prezident İlham Əliyev: "Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq"

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə aprel döyüşləri kimi tariximizə yazıldı. Böyük Zəfərin başlanğıcı olan Aprel döyüşlərindən artıq bizi 8 illik bir zaman ayırır. Ən müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusu 2016-cı il aprelin əvvəllərində ölkəmizin ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda əks-həmlə ilə təxribatların qarşısını aldı. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bir sıra mövqelər düşməndən azad olundu. Silahlı Qüvvələrimizin döyüşçülərinin qəhrəmanlığı, igidliyi sayəsində mənfur qonşularımızın öz orduları haqqında yaratdıqları mif alt-üst edildi. "Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır" – deyg Azərbaycan Prezidenti çıxışlarının birində vurğulamışdır. Ermənistanın Azərbaycanla dövlət sərhədində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident Ordumuzun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi.

4 GÜNÜN BÖYÜK QƏLƏBƏSİ

Ən müasir hərbi texnika və silahlarla təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik Ordumuzun 4 gün ərzində düşməni əks-hücumu ilə darmadağın etməsi məhz yüksək peşəkarlığın göstəricisi idi. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat orqanları tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Ordusu irəlilədi. Azərbaycan bayrağı Lələtəpə yüksəkliyində asıldı.
Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi və Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.

Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

2,000 HEKTARLIQ ƏRAZİ AZAD EDİLDİ

5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edirdi.

Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.

Əlbəttə ki, Aprel döyüşləri bizi Zəfərə doğru apardı. Aprel döyüşləri xalqımızın həmrəyliyini, hər bir Azərbaycan vətəndaşının Vətən, torpaq, el-oba yolunda hər cür fədakarlığa hazır olduğunu təsdiqləmiş oldu.

"BİZ BMT TƏHLÜKƏSİZLİK ŞURASININ QƏTNAMƏLƏRİNİ İCRA ETDİK"

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni diz çökdürdü, torpaqlarımız işğalçılardan təmizləndi, ərazi bütövlüyümüz bərpa olundu. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən torpaqlarımız əsl sahiblərinə qaytarıldı. "Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq" – deyə Prezidentimiz bildirmişdir.
Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdi. Noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və nadir əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi.

24 SAAT DAVAM EDƏN LOKAL ANTİTERROR TƏDBİRİ - ŞANLI TARİXİMİZDƏ YENİ SƏHİFƏ

Ötən ilin sentyabrın 19-da başlayan və təqribən 24 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Vətən müharibəsindəki tarixi Qələbəmizdən və Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan dövləti humanizm göstərərək ölkəmizin erməni əhalisi ilə reinteqrasiya prosesinə start verdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən Azərbaycan Ordusu bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirərək Ali Baş Komandanın onların qarşısında qoyduğu tapşırığı cəmi 24 saatda yerinə yetirdi. Nəticə olaraq separatçılar ağ bayraq qaldırdı və dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatdı. "Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış "Komando" silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz". – deyə Prezident bildirib.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam - intizama malik bir quruma çevrilib.
İkinci Qarabağ müharibəsinin nəticəsi Qafqazın yeni geosiyasi vəziyyətinin formalaşmasında mühüm mərhələ oldu. İndi bütövlükdə bölgədə sülh və inkişaf üçün gözəl şərait yaranıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər