Dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri kimi dəyərləndirilir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, turizminin inkişafına da dövlət tərəfindən ayrılan diqqət və qayğı bu sahəni iqtisadiyyatının aparıcı sahəsinə çevirməkdədir. Belə ki, rəqabətqabiliyyətli inkişaf üçün iqtisadiyyatın müxtəlif sahələrində aparılan iqtisadi islahatlar turizm sahəsinin inkişafına töhfəsini verir. Turizmin inkişafı ilə bağlı görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib.
Növbəti yaxın gələcək üçün turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bu hədəflər həm də "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib. Əsas məqsəd Azərbaycanı dayanıqlı, əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirməkdir. Əsas hədəflərdən biri 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaqdır. 2026-cı ildə turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və balanslı xarici siyasəti, uğurlu daxili siyasəti nəticəsində Azərbaycan bu gün dünya üzrə ən təhlükəsiz və sabit ölkələr sırasındadır. Bu amil isə müasir dünyada turistlərin səyahət seçimi etməsində ən əsas göstəricidir. Xatırladaq ki, Odlar diyarı kimi səciyyələndirilən ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial vardır. Təsadüfi deyildir ki, dünyada olan 11 iqlim qurşağından 9-u ölkəmizdədir. Ölkəmizin tarixi mədəniyyət abidələri var. Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, yerli Maçi-Piçku və ya Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları və Talış dağları və s. turist məkanı kimi tanınıb.
TURİZMİN İNKİŞAFININ YENİ MƏRHƏLƏSİ
Mədəni turizm, sağlamlıq turizmi, idman turizmi, çimərlik turizmi, ekoloji turizm və s. ölkəmizdə mövcuddur və bunlar xarici turistləri ölkəmizə cəlb etməyə bilməz. Bu gün Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması, yeni iş yerlərinin açılması baxımından da sərfəlidir. Bu isə dövlət siyasətinin prioritet məsələlərindən biridir. 1999-cu ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzalandı. Bu qanun Azərbaycanda turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönələn dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.
Ümummilli Lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikildi, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olundu. Ulu Öndər Heydər Əliyevin məqsədyönlü fəaliyyətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrə olduğu kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsi olaraq uğurlu nəticələr əldə edildi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə turizmin inkişafının yeni mərhələsinə təkan verən "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlandı. Bu müddət ərzində nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edildi və turistlərin istifadəsinə verildi.
DÜNYANIN APARICI OTEL BRENDLƏRİ
Prezident İlham Əliyev tərəfindən turizmə göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan perspektivli turizm ölkəsinə çevirib. Son illər ərzində ölkəmizdə mehmanxana və mehmanxana tipli obyekt tikilərək istifadəyə verilib. Azərbaycanın turizm coğrafiyası genişlənib. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işlər davamlı olaraq həyata keçirilir.
Bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" kimi dünyanın səkkiz aparıcı otel brendi Bakıdadırsa, artıq bu ölkəmizin inkişafının bir göstəricisidir. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Bakıda beşulduzlu otellərin sayı durmadan artır. Beşulduzlu otellərdə rahat və gözəl yerləşmə, yüksək xidmət və cazibəli interyer diqqəti cəlb edir. Təbii ki, belə hotellərin inşası Azərbaycana gələn turistlərin marağının artmasında əhəmiyyətli rol oynayır. Bu gün nəinki paytaxt Bakıda, eləcə də Azərbaycanın bir çox yerlərində ən müasir səviyyədə otellər tikilib. Şimal-qərb zonasında, Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib.
Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir.
Nəzakət ƏLƏDDİNQIZI