"Son altı ayda Ermənistan-Azərbaycan sərhədi ən sakit dövrünü yaşayıb. Hazırda Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Amma bu gün ABŞ, Avropa İttifaqı və Ermənistanla keçiriləcək görüş qərbin regional sülhlə bağlı səmimi olmamasını, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaratmaq cəhdini göstərir. Çünki bu görüş qeyri-şəffaf hazırlanıb, regional inkluzivlik və xarakter məqsədli formada nəzərə alınmayıb". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.Deputat bildirib ki, görüş qabağı ABŞ Prezidenti Co Baydenin mövcud səhhəti fonunda hazırda dövləti de-fakto idarə edən dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və vəziyyəti izah etməyə çalışması İlham Əliyevin qlobal səviyyədə nüfuzunun və regionda Azərbaycanın rəyi nəzərə alınmadan sülh və əməkdaşlığın təmin edilməyəcəyinin göstəricisidir: "Blinken Prezidentlə telefon danışığında bu görüşün Azərbaycana qarşı olmadığını, Ermənistanla ticarət əlaqələrin inkişafına həsr olunduğunu bildirib. Onun bu izahı isə heç bir halda ciddi qəbul edilə bilməz. Çünki Paris, Vaşinqton və Brüsselin Ermənistana istənilən iqtisadi çağırışı ermənilər üçün Moskva bazarı ilə müqayisə olunacaq imkanı təmin edə bilməz. Hazırda erməni məhsullarının, kapitalının və ən əsası işçi qüvvəsinin Rusiya bazarına sərbəst çıxışı var. Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur".