"ABŞ-nin dövlət katibi Antoni Blinkenin Azərbaycanın dövlət başçısı ilə telefon danışığı aşağıdakı məsələlərə münasibət bildirməyi göstərir". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.O bildirib ki, ABŞ təbii ki, böyük dövlətdir, imkanları geniş, maraqları daha çoxdur: "Amma bununla yanaşı ABŞ dövlət katibinin Azərbaycanın dövlət başçısına telefon zəngi onu göstərir ki, bu dövlət müstəqil Azərbaycanın siyasətini görür, eyni zamanda Azərbaycanla münasibətlərin normal qalması üçün müəyyən cəhdlər göstərir. Əlbəttə ki, Blinkenin telefon danışığından belə məlum olur ki, guya, ayın 5-də üçtərəfli Ermənistan, ABŞ və Aİ-nın görüşü olacaq, Azərbaycan bu görüşdən narahatdır. Bəli, Azərbaycanın dövlət başçısı da qeyd edir ki, əlbəttə ki, narahatlıq var, səbəb ondan ibarətdir ki, biz hal-hazırda Ermənistanla sülh müqaviləsini imzalamaq üzərində çalışırıq. Ermənistan bir tərəfdən bizimlə sülh müqaviləsini imzalamağa çağırır, bu barədə çağırışlar edir, digər tərəfdən isə hərbi gücünü, potensialını möhkəmləndirmək üçün yollar axtarır. Azərbaycan tərəfinin də ABŞ tərəfindən öyrənmək istədiyi ondan ibarətdir ki, Cənubi Qafqazla bağlı danışıqlar gedirsə, Azərbaycan orada mütləq iştirak etməlidir. Azərbaycan yoxdursa, bu konfransa ehtiyac yoxdur. Bu konfransı keçirirsinizsə, konfransda hansı məsələlər ola bilər? Mövcud hərbi məsələlər ola bilərmi? Bəlkə də, Amerika tərəfi iddia edir ki, guya, zəif Ermənistana iqtisadi yardım göstərmək istəyir. Bəlkə, bu iqtisadi yardım içində hərbi yardımlar da var. Hərbi yardımlar Cənubi Qafqazda vəziyyəti kəskinləşdirməzmi? Əslində Azərbaycan tərəfinin iddia etdiyi həqiqətdir. Çünki Ermənistan yarandığı gündən bu günə qədər heç bir zaman əməlləri üst-üstə düşməyən, sabit siyasəti olmayan bir dövlətdir. Bu mənada da Azərbaycan tərəfi də bu məsələləri Blinken zəng edərkən müzakirə etmişdir.Blinkenin zəngi həm də onu göstərir ki, Blinkenin mövcud vəziyyəti izah etməyə çalışması Azərbaycan Prezidentinin nüfuzunu və çəkisini görür, Azərbaycanla bağlı məsələləri şərh edərkən Azərbaycan tərəfini inandırır ki, aprelin 5-də olacaq konfransda Azərbaycanla bağlı, onun əleyhinə heç nə yoxdur. Bütün bunlar onu da göstərir ki, deməli, Azərbaycan tərəfi qəbul olunur ki, ABŞ-nin dövlət katibi bu barədə izahat verir. Azərbaycan onu istəyir ki, Cənubi Qafqazla bağlı hansı məsələ müzakirə olunursa, Cənubi Qafqaz dövlətləri orada olsun. İspaniyanın Qranada şəhərində Azərbaycansız məsələ müzakirə olundu. Azərbaycan həmin görüşə getməkdən imtina etdi. Nəticəsi heç nə oldu. Bu məsələdə də Qərb dövlətlərinin iddiaları Azərbaycansız Cənubi Qafqazla bağlı nə isə görmək siyasətinin uğursuzluğunu göstərir.Ermənistan bu gün Rusiyadan uzaqlaşır, görünən budur. Qərbə meyl edir. Amma 30 il ərzində Ermənistanı güclü dövlətə çevirən, işğalçı dövlətə çevirən Rusiya idi. Bu gün bir tərəfdən Fransa, bir tərəfdən Qərbin digər dövlətləri Ermənistanı silahlandırırsa, Ermənistan sülh müqaviləsi imzalamaq əvəzinə Qərbin bu hərbi yardımlarına aludədirsə, bunun da sonrakı nəticələri uğurlu deyil. Ermənistana heç bir uğur gətirməyəcək. Eyni zamanda bölgənin digər dövlətlərindən biri olan və Azərbaycan-Ermənistan müharibəsi zamanı Ermənistana hər cür yardım göstərən, Azərbaycanın uğurunu qəbul edə bilməyən İran bu dəqiqə susur. Təbii ki, İranın özünün mürəkkəb geosiyasi vəziyyəti göz önündədir. Bir tərəfdən ABŞ, bir tərəfdən İsrailin Yaxın Şərqdə İrana münasibəti çox mürəkkəb vəziyyət yarandığını göstərir. Cənubi Qafqaz regionunda cərəyan edən hadisələr onu göstərir ki, Qərb İkinci Dünya müharibəsindən sonra bu ərazini yenidən bölmək istəyir. Ssenari hazırdır, amma hazır olarkən başqa nəyi etmək olar? Qərb üçün ən böyük narahatlıq Azərbaycan və Türkiyə münasibətləridir. İki qardaş dövlətin bir-birinə səmimi münasibəti və türk dövlətləri birliyinin yaradılması üçün edilən cəhd Qərb dövlətlərini narahat edir".Onun sözlərinə görə, vaxtilə Qərb, Rusiya 1988-ci ildən sonra erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarını işğal etməsini, hətta burada bir qurumun müstəqilliyi elan etməsini, Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılmasına xidmət edəcəyini planlaşdırmışdı: "Ancaq bu ssenari pozuldu. Bunu pozan Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev cənabları və onun ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan xalqı oldu. Regionda yeni reallıq Ermənistana heç nə vermədi. Əslində Ermənistanı məğlub dövlətlər siyahısına saldı. Azərbaycan isə Qərb və Ermənistanı müdafiə edən dövlətlərin təzyiqinə baxmayaraq qalib dövlətlər siyahısına daxil oldu. Azərbaycan xalqı, bu xalqın yetişdirdiyi ordu bir daha dünyaya bəyan etdi ki, onun torpağını heç kim, heç vaxt tuta bilməz.Ukrayna-Rusiya müharibəsi Cənubi Qafqaza da təsirini göstərir. Bu müharibə artıq bütün dünyanı iki cəbhəyə bölməyə gətirib çıxarır. Bu müharibənin hər cür acı taleyi ola bilər. Gürcüstan bir tərəfdən Qərbə tərəf münasibət göstərir, digər tərəfdən də Rusiyanın təsirindən xilas ola bilmir. Amma region dövləti kimi həmişə Azərbaycan və Gürcüstan bir-birinə dəstək olub, Cənubi Qafqazda "Qafqaz evi"nin yaradılması üçün çalışıb. Bu gün də bu istiqamətdə işlər gedir. Rusiyanın Ermənistana münasibəti bəllidir. Ermənistan Qərbə yaxınlaşmaq istədikcə Rusiyanın Ermənistana münasibəti sərtləşir və ondan intiqam almaq əhval-ruhiyyəsi yaranır. Rusiya və Ermənistan arasında münasibətlər qeyri-səmimi münasibətlərdir. Son nəticədə Rusiya hansı addımı atacaq, bəllidir.Regionda ən zəif vəziyyətdə olan dövlət Ermənistandır. Tarix boyu Qərbə bağlanıb nəticədə Qərb onu yolda qoyub. Birinci Dünya müharibəsindən sonra da Ermənistanın belə acı tarixi var. Bu gün də Ermənistan bu yolla gedir. ABŞ-da bu il prezident seçkiləri olacaq. Seçkilərdən sonra Ermənistana olan münasibət də bəlli olacaq. Ermənistanın Əfqanıstan və Suriya kimi dövlətlərlə də münasibətləri var, bu, qeyri-rəsmi münasibətlərdir. Çünki ermənilər harada pul, silah varsa, ona meyillidir. Hal-hazırda Əfqanıstan, Suriyada kifayət qədər terrorçu və narkotrafikin cəmləşdiyi məkan var. Ermənistan üçün bu ərazi maraqlıdır. Vaxtilə Dağlıq Qarabağ da ermənilər tərəfindən narkotik yuvasına çevrilmişdir.Azərbaycan müstəqil dövlətdir, siyasəti müstəqildir. Ərazi bütövlüyünü və suverenliyini nəhayət 2023-cü ilin sentyabrında bərpa etdi. Azərbaycan heç bir halda Ermənistanın revanşist siyasətinə göz yuma bilməz. Regionda yeni münaqişə ocağının yaranmasına imkan verməz. Azərbaycanın buna həm imkanı var, həm də Azərbaycanın keçmiş tarixi təcrübəsi var. Vaxtilə Qərb dövlətləri, o cümlədən Sovet rəhbərliyi Ermənistana havadarlıq etdi. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal etdi. Acı nəticələr göz qabağındadır. Azərbaycanda 1 milyon insan qaçqın və məcburi köçkün həyatını uzun müddət yaşamağa məcbur edildi. İşğal edilən ərazilər yerlə-yeksan edildi. Tarixi, dini abidələri sıradan çıxarıldı. Burada elə vəziyyət yaradıldı ki, bu gün işğaldan azad olunmuş ərazilərə gələn hər kəs Azərbaycana münasibətindən asılı olmayaraq dəhşətli səhnənin şahidi olur. 2020-ci ilin noyabrından sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə gecə-gündüz bərpa və quruculuq işləri aparır, bu işlər hər gün davam edir. Düşmənin bizə qarşı həyata keçirdiyi vəhşilik böyük, ibrətli tarixdir. Bu gün Azərbaycan Ermənistanın yenidən sərt və işğalçı siyasətinə dözə bilməz. Azərbaycan Ermənistana imkan verməyəcək ki, bir daha Azərbaycana qarşı aqressiv hərəkət etsin. Çünki Azərbaycan bu illər ərzində bunu gördü. Dünya Ermənistana hansı köməyi göstərsə də, Azərbaycan öz ərazi bütövlüyünü qorumağa hazırdır. Nə Makronların, nə də Blinkenlərin Ermənistanı, guya, gücləndirməklə bölgənin ən nüfuzlu dövlətinə çevirməkləri yanlış düşüncədir. Azərbaycan heç zaman birinciliyi əldən verməz".
Müəllif: Söylü Ağazadə