Deyir, bir gəda Gəncədə məsciddən nə az, nə çox, düz 20 min manat oğurlayıb. Məsciddə 20 min manat haradan imiş, deyən olsa, cavabı belə olar ki, ağzında müsəlman deyirsən də, öz də hansı aydayıq, Ramazanda. Nə bilim uşağının universitetə girməsini, övladının attestat imtahanından keçməsini, dövlət qulluğunda ən yüksək nəticə göstərən oğlunun işə düzəlməsi üçün filan məmura yol tapmasını, qızının ərə getməsi üçün yaxşı bir adamın onun qarşısına çıxmasını, qardaşı oğlunun vəzifədə bir pillə də irəliləməsini, bacısı qızının 3 qızdan sonra bir oğlan doğmasını, ginekoloq həkimin, sən ancaq keysəriyyə ilə doğa bilərsən, deməsini, uşağına ev almaq üçün ipoteka kreditlərinin insafa yaxın gəlməsini, evinə televizor, paltaryuyan almaq üçün bankların kredit faizlərini aşağı salmasını, nə bilim axı 3-5 il ərzində xəstə balasını sürüdüyü həkimdən şəfa tapmasını, evi olmağına görə evlənə bilməyən balasına ev almasını, inəyinin bu il də doğmasını, ta nə bilim, rayondan yaxa qurtarıb Bakıya köçməsini, qayınana ilə birlikdə yaşamamasını, ərinin xəyanət etməməsini, daha nələri, nələri arzu edənlərin hamısı Ramazan ayının bu əziz günlərində məscidə gedir, nəzir-niyaz edir ki, “Qurani-Kərim”in də göylərdən yerə nazil olduğu bu müqəddəs günlərdə bəlkə Allah-təala səsini eşidər, onu arzularına çatdırar.
Beləliklə, camaat yeməyib-içməyib, əlindəki beş qəpiyini aparıb dilək tutub, dua edib, neçə rükət namaz qılıb, sonra da məsciddəki qutuya salıb ki, ehsan olsun, arzuları da çin olsun.
Yəqin yığılan pullar da məscidin adablaşmasına, imkansız insanların bir yarağının düzəlməsinə sərf olunacaqdı...
Bu gəda haradansa peyda olub, bir yolla, bir vasitə ilə məscidin həmin qutusunu ələ keçirib. Açıb görüb nə? Pul dəstə-dəstə. Say ki, bitəcək. Düz 20 min manat, qoyub cibinə, iz tutub Bakıya. Nə edib, nə edib bəs pulu? Nə edəcək, gecə klublarından birində bir gecədə 20 mini sovurub göyə.
İndi bu gədanı hansı cəza gözləyir, desəniz, cavabı belədir ki, onu hüquqi və cismani cəza gözləyir. Hüquqi başlanıb. Aid orqanlar onun haqqında artıq cinayət işinə başlayıb.
Lakin cismani cəzası hələ qarşıdadır. O dünyaya ki, vasil olacaq, qarşısında iki qapı görəcək. Deyəcək bəlkə bu dünyadır da, nə istəsə, edə bilər. Elə cənnət qapısına yavaşca əkilmək istəyəndə, “ey qafil, çəkil”,- deyən bir səs onu düz cəhənnəm qazanına atacaq. Bütün cəhənnəm əhli bu qazanda bir burum qaynayanda, bu gəda iki burum qaynayacaq. Çünki buna sual olunacaq ki, ə, nakişi, məsciddən götürdüyün pullar bir ayıb, onu gecə klubunda xərcləməyin isə bir ayıb. Ə, gəda, o 20 mini xərcləməyə yer tapmırdın? Di, qayna ki, qaynayasan...
Mətanət Məmmədova