“Artıq Brüsseldə baş tutan üçtərəfli görüş sülhniyyətli görüş hesab edilə bilməz və onun regiona hər hansı bir rifah və əməkdaşlıq gətirəcəyi təsəvvür belə etmək olmaz. Çünki Avropa Birliyi, ABŞ və Ermənistan arasında keçirilən üçtərəfli görüş Cənubi Qafqaz kimi kiçik bir regionda ayrıcı xətləri daha da dərinləşdirir. Birtərəfli qaydada bu gün də Azərbaycanın səkkiz kəndini işğal altında saxlayan Ermənistanın silahlanması və güclənməsinə gətirib çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Azərbaycanın mövqeyi qətiyyətlidir: “Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, Cənubi Qafqazda yeni silahlı forpost yaratmaq regionun gələcəyini ciddi təhlükəyə atır. Buna görə də istər Avropa Birliyinin komissarı, istərsə də ABŞ-ın dövlət katibi ilə danışarkən, ölkə başçısı bir daha bu məsələləri qaldırmaqla, Azərbaycanın mövqeyini ifadə etmiş oldu. Şübhəsiz ki, artıq Ermənistanda müəyyən miqdarda, təxminən 270 milyon avro məbləğində qrant layihəsinin dörd illik müddətdə artırılması ilə qərar qəbul edilib. Amma bu başlanğıcdır, bundan sonra da Avropa Birliyi və ABŞ Ermənistanı gücləndirməkdə davam edərsə, bu regionda ciddi gərginliyə gətirib çıxaracaq. Bu gərginlik isə əslində sülhə qarşı olacaq. Bu səbəbdən də nə qədər ki, gec deyil Brüsseldə keçirilən görüş inkluzivliyi təmin etməlidir. Bundan sonrakı mərhələdə də mütləq proseslər Azərbaycanın iştirakı ilə həyata keçirilməlidir”.
Müəllif: Səbinə Hüseynli