Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına da maraq göstərərək, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır. Xüsusilə də indiki dönəmdə, yəni uzun illər ərzində Qərbin amansız istismarına məruz qalmış “Qara qitə” ölkələrinin geosiyasi arenada çəkisinin artması Bakının kontinentlə siyasi-iqtisadi əlaqələrin yaradılmasına və inkişaf etdirilməsinə təkan verir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri bunun sübutudur.
Konqo Prezidentinin səfəri Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe və əldə etdiyi nailiyyətlərin daha da irəlilədilməsi kontekstinə əlavə dəyər verir.Konqo liderinin səfəri zamanı imzalanan sənədlər, o cümlədən “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” iki ölkənin münasibətlərinin parlaq gələcəyini ortaya qoyur. Liderlərin görüşlərindəki iqtisadi və energetika sferalarında apardığı müzakirələr (karbohidrogen, kənd təsərrüfatı, mədənçilik, informasiya, bərpaolunan enerji sahələrində iki ölkənin mühüm potensialının olduğu qeyd edilib) əlaqələrin spektrini dayanıqlı edən maliyyə potensiallarını da təşviq edir. Deməli, iki ölkənin qarşılıqlı müsbət əməkdaşlıq xarakteri ümumi maraq doğuran digər məsələlərdə birgə çalışmaq üçün düsturları qeyd edir.
Azərbaycanla Konqo arasındakı bu istiqamətdəki mümkün tərəfdaşlıq iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin qorunması və bərpaolunan enerji üzrə qlobal səylərə əhəmiyyətli töhfə verə bilər. Görüş çərçivəsində Azərbaycanla Konqo arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə münasibətlərinin gələcək inkişafında təməl rolunu oynayacaq. Məhz bugünkü səfər və keçirilən görüşlər gələcəkdə Azərbaycanın Afrika ölkələri ilə münasibətlərini intensivləşdirəcək. Təbii ki, xüsusilə ticarət sahəsində əməkdaşlığın inkişafı olduqca vacibdir. Prezident İlham Əliyev çıxışlarında bu fikirləri də böyük inamla qeyd edir ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Ona görə ki, Azərbaycan dünyada sülhə, sabitliyə xüsusi töhfə verir. Ölkəmizdə keçirilən humanitar forumlar, konfranslar, yüksək səviyyəli iclasların gündəliyində dünyada sülh prosesinin irəli aparılması, ədalətin bərqərar olunması dayanır.
Bir müddət əvvəl ölkəmizdə təsis olunmuş Bakı Təşəbbüs Qrupunun əsas məqsədi də məhz bu gün dünyada baş verən yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizə aparmaqdır.Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında söyləyib: “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır”.
Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əlaqələri yüksək səviyyədədir. BMT-də və Qoşulmama Hərəkatında əlaqələrin uğurlu inkişafı səfər çərçivəsində atılan addımlarda özünün aydın ifadəsini tapdı. Belə ki, cənab İlham Əliyev qeyd etdi ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermiş və bunun nəticəsində quruma sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri