“Vətən müharibəsindən sonra regionda təhlükəsizlik nöqteyi-nəzərindən təhdidlərdən biri də mina terrorudur. Çünki işğal dövründə və ondan sonrakı mərhələdə Ermənistan işğal etdiyi ərazilərə milyonlarla mina basdırıb. Təkcə Vətən müharibəsindən sonra 300-ə yaxın şəxs həyatını, sağlamlığını itirib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq bildirib ki, eyni zamanda qeyd etməliyik ki, Ermənistanın Azərbaycana təqdim etdiyi mina sxemləri və xəritələri qəsdən yanlış verilib. Digər tərəfdən mina terrorunun qarşısının alınması üçün Azərbaycan öz üzərinə düşən bütün vəzifələri yerinə yetirsə də, beynəlxalq qurumlar tərəfindən lazımi dəstəyi görmürük. Ölkəmizdə mina terrorunun qarşısının alınması istiqamətində bütün güclər səfərbər olunarkən, beynəlxalq donor təşkilatlarının da Azərbaycana yardımı tələb olunur. Lakin biz görürük ki, Ermənistanın gücləndirilməsi, silahlandırılması istiqamətində müvafiq təmaslar, görüşlər həyata keçirilir. 5 aprel tarixində Brüsseldə keçirilən görüş də buna bir nümunədir. Çox istərdik ki, məhz mina terrorunun qarşısı alınması üçün bu cür görüşlər, konfranslar təşkil olunsun və Azərbaycana qarşı biganə münasibət aradan qaldırılsın.Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru regionun və dünyanın ən çiçəklənən, inkişaf etmiş ərazisinə çevirməkdə prinsipialdır, əzmlidir. Mina təhdidi aradan qaldırıldıqdan sonra məhz bu məqsədlərə nail olacağıq”.
Müəllif: Səbinə Hüseynli