PREZİDENT İLHAM ƏLİYEV: “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq”
“Biz indicə əməkdaşlıq haqqında Bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək". Bu sözləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı qeyd edib: “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır”.
AZƏRBAYCAN XARİCİ SİYASƏTLƏ BAĞLI NÜMUNƏVİ ÖLKƏ SAYILIR
Bu gün xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində atılan addımların, əldə edilən nəticələrin miqyası olduqca genişdir. Cənab İlham Əliyev çıxışlarında bu fikirləri də böyük inamla qeyd edir ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər.
Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri çərçivəsində Prezidentlərin keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında da Azərbaycanın xarici siyasət uğurlarından, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcudluğundan bəhs edildi. Dövlət başçısı İlham Əliyev ilk dəfədir Konqo Prezidentinin ölkəmizə səfər etdiyini önə çəkərək böyük əminliklə bildirdi ki, səfərin çox gözəl nəticələri olacaq. Qarşılıqlı səfərlərin əlaqələrin inkişafında mühüm faktor olduğu xüsusi qeyd edildi. Konqo Prezidenti cənab İlham Əliyevi Konqoya dostluq səfərinə dəvət etdi və bundan böyük şərəf hissi keçirəcəklərini vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev birgə bəyanatında son 20 ildən artıq dövrün reallıqlarından geniş bəhs edərkən bildirdi ki, siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etdi, münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yarandı. Həmçinin iqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi, siyasi cəhətdən asılı deyilik: "Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır".
"BU GÜN QOŞULMAMA HƏRƏKATI DAHA GÜCLÜ TƏŞKİLATDIR"
"Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir".
Bunu Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında deyib.“Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bəli, Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatına - Qoşulmama sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir. Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Məhz Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycanın Hərəkata sədrliyi bir il uzadıldı. Bəli, Azərbaycan 4 il sədrlik etməklə bir ilkə imza atdı. Qeyd edək ki, dünyanın ərazi, əhali və iqtisadi baxımdan güclü olan ölkələri bu hərəkatın üzvüdür və Qoşulmama Hərəkatı heç bir hərbi bloka qoşulmadan dünya miqyasında bütün problemlərin danışıq yolu ilə həll edilməsi və beynəlxalq hüququn əsas götürülməsini prioritet kimi götürür. 2019-cü ildə dünyada qazandığı siyasi nüfuza görə Azərbaycan bu təşkilatın sədri seçilməsi və təşkilat tarixində ilk dəfə olaraq sədrlik müddətinin bir il uzadılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürüdür.
Bütün bunlar Azərbaycanın xarici siyasət uğurlarının təqdimatıdır. Azərbaycanın çoxşaxəli xarici siyasətinin dəyişməz prioritetləri yeni tərəfdaşlar, dostlar qazanmasında öz sözünü deyir. Ölkəmizə səfər edən bu və ya digər ölkələrin dövlət başçıları Azərbaycanın uğurlarından heyrətləndiklərini və onların əldə olunmasında cənab İlham Əliyevin liderliyini yüksək dəyərləndirirlər.
KONQO PREZİDENTİ: "Biz xüsusilə Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıq"
Konqo Prezidenti "Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq" söyləyərək qeyd etdi ki, bu səfər ölkənin gözəlliyini, onun iqtisadi inkişafını, Bakı şəhərinin gözəlliyini görmək imkanı verdi. Konqo Respublikasının rəhbəri diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Konqo ilə Azərbaycan arasında bütün sahələrdə bu gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi: "Biz xüsusilə Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıq. Həmçinin biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək. Biz artıq ölkələrimiz arasında qurulmuş əlaqələri alqışlayırıq və Azərbaycanı COP29-a hazırlıq çərçivəsində də alqışlayırıq. Biz Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmizin yanında olsun". Denu Sassu- Nqesson cənab İlham Əliyev ilə keçirilən geniş tərkibdə görüşdə bildirdi ki, bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik.
Bir sözlə, Konqo prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Hər bir səfər, eyni zamanda, Azərbaycana beynəlxalq baxışın hansı səviyyədə olduğunu açıqlayır. Ölkəmizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti hər bir sahədə, xüsusilə xarici siyasətdə davamlı uğurlar qazanmasını şərtləndirir. Yerləşdiyi coğrafi məkana görə ölkələri, xalqları daim bir araya gətirən Azərbaycanın tarixi Zəfərindən sonra sözünün imzası qədər dəyərli olması hər bir azərbaycanlını qürurlandırır.
RƏFİQƏ KAMALQIZI