“Aprelin 15-i Akademik Zərifə Əliyevanın doğum günüdür. Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, Zərifə Əliyeva Əziz Əliyevin ailəsindən çıxıb. Əziz Əliyev görkəmli partiya xadimi, həkim, ən yaddaqalan xidmətlərindən biri kimi bir müddət Bakı Dövlət Universitetinin rektoru olub. Təbii ki, belə bir ailədə dünyaya gəlməyin özü də xoşbəxtçilikdir. Digər tərəfdən bu ailə haqqında danışarkən onu da qeyd etmək lazımdır ki, II Dünya müharibəsi illərində Dağıstanda vəziyyət ağır olarkən gənclərin əksəriyyəti müharibədən imtina etdiyi üçün dağlara çəkilmişdilər. Dağıstana rəhbər kimi elə bir adam göndərmək lazım idi ki, o, bu gəncləri düşmənə qarşı mübarizədə səfərbər edə bilsin. 1942-ci ildə Əziz Əliyev Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi təyin olunduqdan sonra qısa müddət ərzində on minlərlə dağıstanlı gənc faşist Almaniyasına qarşı müharibədə iştirak edir və böyük qəhrəmanlıq göstərir. Yəni, Əziz Əliyev harada olubsa, orada uğur olub”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat bildirib ki, Zərifə xanım kimi bir ziyalının da bu ailədən çıxması onun sonrakı həyatı üçün böyük uğurların bünövrəsini qoyub: “Zərifə Əliyeva görkəmli tibb işçisi, oftalmoloq və Azərbaycanda ilk dəfə olaraq xəstəxanadan kənarda, yəni Bakı Məişət Kondisioner zavodunda xüsusi yer hazırlayaraq insanları müalicə edirdi. Onun ən böyük xidmətlərindən biri də Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, silahdaşı olması idi. Ümummilli Liderin böyük uğur qazanmasında, ailənin bütün problemlərini yüklənməkdə müstəsna xidməti olub. Ulu Öndər sonradan özü də qeyd edirdi ki, bütün işləri Zərifə xanım görürdü. Zərifə Əliyeva böyük ana, sədaqətli həyat yoldaşı, səmimi və təvazökar insan idi. Bütün bunlar onu bir Azərbaycan qadını kimi xarakterizə edirdi. Zərifə xanıma böyük şöhrət gətirən xüsusiyyətlərindən biri də Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin anası olmağıdır. O ana ki, dövlət başçısı İlham Əliyev kimi bir övlad tərbiyə etmiş, vətənə məhəbbət ruhunda böyütmüşdür, həmin oğul da bu tərbiyənin nəticəsi olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün bütün xalqı səfərbər edə bildi”.Onun sözlərinə görə, xalqı “dəmir yumruq” kimi birləşdirmək cənab İlham Əliyevin ən böyük xarakterik xüsusiyyəti oldu və beləliklə 44 günlük müharibə nəticəsində düşmən darmadağın edildi, minlərlə şəhidin qisası alındı: “Azərbaycan bu gün ərazi baxımından suveren bir dövlətdir. Təbii ki, Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı olmaq, hazırkı Prezident İlham Əliyevin anası olmaq Zərifə xanımın bəxtinə düşüb. Zərifə Əliyeva da bir ana, bir ziyalı, akademik kimi Azərbaycanın ictimai-siyasi həyatında böyük xidmətləri olan bir qadındır. Doğurdan da onun qısa və mənalı həyatı Azərbaycanın sonradan çiçəklənməsi üçün böyük rol oynayıb”.
Ləman Sərraf