Prezident İlham Əliyev: "Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır"
2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Müdrik Lider, Böyük Sərkərdə - Prezident İlham Əliyev
Dövlətimizin başçısı son 20 ildə xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli surətdə yerinə yetirir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı hər bir vətəndaşda gələcəyə böyük inam və əminlik yaradır. Dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub. Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur. Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Dövlət başçısının verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar yerinə yetirilib. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil Azərbaycanın devizinə çevrildi.Azərbaycan dünyada güclü və nüfuzlu dövlət və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır.
REGİONLARIN İNKİŞAFINA HESABLANAN DÖVLƏT PROQRAMLARI
Ötən iyirmi il, aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Son 20 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən, sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir. Ümumilikdə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, əhalinin nominal gəlirləri isə 10,5 dəfə artıb. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. Statistik rəqəmlərə əsasən. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.
Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. İstehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir. Hazırlanan növbəti dövlət proqramı da regionların inkişafının müasir tələblərə uyğunlaşdırılmasına hesablanıb. Bütün bu və ya digər göstəricilər və statistik rəqəmlər deməyə əsas verir ki. Azərbaycan böyük bir ikkişaf yolu keçərək nufuzunu yüksəltmələy nail olub. Bu göstəricilər insanların rahatlıq və firavanlığını yüksəldib.
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb, təhsildə özəl sektor formalaşıb.
"XOŞ NİYYƏTİMİZ VƏ XARİCİ SİYASƏTİMİZİN ƏMƏKDAŞLIQ ÜZƏRİNDƏ QURULMASI BİZƏ BÖYÜK DOSTLAR DÜŞƏRGƏSİ QAZANDIRA BİLMİŞDİR"
Dövlətimizin kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə etdiyi uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf, məhz Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin nəticəsidir. Cənab Prezident müdrik qərarlarıyla xalqımızın uğur simvoluna, qurucu Liderinə çevrilib. Bütün bu və ya digər amillər müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər - tarixi gerçəklikləridir. Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər gerçəkləşib. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.
"Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır", - deyə Prezident bildirib. Cənab İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Azərbaycan Prezidenti təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur.
Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər vermiş oldu. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi. Ölkə başçısı İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir. Cənab Prezident çıxışlarının birində bildirdiyi kimi, "Bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar düşərgəsi qazandıra bilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilmişdir. Bu, bizim böyük siyasi, diplomatik qələbəmizdir, müstəqil Azərbaycanın böyük uğurudur", - deyə bildirmişdir.
ATA VƏSİYYƏTİNİ GERÇƏKLƏŞDİRƏN SİYASİ VARİS
Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır.
Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusu Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunun təzahürüdür. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu döyüş meydanında erməniyə dərs verdi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Tarixi qələbənin qazanılmasında Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusudur. 44 gün davam edən Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq göstərən vətən oğullarının şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Prezident İlham Əliyevin özünün də dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.
Ötən ilin sentyabrında rəşadətli ordumuz Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü. Cəmi 24 saat ərzində qarşı tərəf ağ bayraq qaldıraraq təslim oldu. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha ordumuzun gücünün göstəricisidir. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa olundu.
GƏLƏCƏK İŞIQLI YOLDA DAHA BÖYÜK UĞUR VƏ NAİLİYYƏTLƏR
Azərbaycan bayrağının işğaldan azad olunan torpaqlarımızda ucaldılmasını hər kəsin 30 ilə yaxın bir zamanda gözlədiyi möhtəşəm hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi bizim ölkəmiz üçün yeni dövr başlayır: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq".
Bu gün Azərbaycan qalib dövlətdir. Xalq-iqtidar birliyi bizi zəfərə, qələbəyə apardı. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilir.
İşğal altından azad olunan ərazilərimizdə abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur.
Artıq soydaşlarımız azad edilmiş ərazilərdə salınan yeni yaşayış məskənlərində məskunlaşmağa başlayıblar. "Ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir. Azərbaycanın ötən 20 il ərzində iqtisadi inkişaf parametrlərinə görə dünyada lider mövqeyə malik olması bu uğurlara söykənir. Ölkəmizi gələcək işıqlı yolunda daha da böyük uğur və nailiyyətlər gözləyir.
Zümrüd BAYRAMOVA