PDF Oxu

Siyasət

  • 2 506

Rusiyalı politoloq: “Moskva Ermənistanda 2-ci anti-Rusiya cəbhəsinə imkan verməyəcək” - MÜSAHİBƏ

Rusiyalı politoloq: “Moskva Ermənistanda 2-ci anti-Rusiya cəbhəsinə imkan verməyəcək” - MÜSAHİBƏ

Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova Ermənistanın yeritdiyi siyasət və onun mümkün təhlükəli nəticələri haqda “Caliber” analitik mərkəzinə müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

— Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “İzvestiya” qəzetinə müsahibəsində İrəvana verdiyi son sərt mesajları necə qiymətləndirərdiniz?

— Bəli, doğrudan da, Sergey Lavrov Ermənistan rəhbərliyinin siyasətini sərt şəkildə tənqid edərək, bunu qeyri-dostluq adlandırıb. Moskva İrəvanın Gümrüdəki Rusiya hərbi bazasını NATO bazaları ilə əvəz etmək istəyindən ehtiyatlanır və bu, Ukrayna ssenarisinin təkrarlana biləcəyindən xəbər verir. Amma Rusiya Ermənistan üçün belə bir aqibəti istəməzdi. Ümid etmək istərdim ki, Ermənistan müvafiq nəticələr çıxaracaq.

- Buna baxmayaraq, proses başlayıb. Hansı perspektivdə bitə bilər?

— Yaxın gələcəkdə Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması tamamilə mümkündür. Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması məsələsi də İrəvanın daxili gündəliyindədir və yəqin ki, Qərb tərəfdaşları, Aİ və ABŞ ilə müzakirə olunur. Şübhəsiz ki, Qərb Gümrüdəki hərbi bazanı öz bazası ilə əvəz etmək və onun yerini tutaraq Rusiyanı bölgədən qovmaq istərdi. Üstəlik, Nikol Paşinyan bütün bunların əleyhinə deyil. Amma qanuni olaraq Rusiya Federasiyası ilə imzalanmış müqavilələrə məhəl qoymadan bu bazanı bağlaya bilməz.

Digər tərəfdən, kiçik addımlar atmaq istəyi və taktikası ilə yenə də etiraz aksiyaları ilə Rusiya bazasının Gümrüdən çıxarılmasına səbəb ola bilər. Belə olan halda Rusiyanın hərbi bazasının onun Ermənistanda qalması planlaşdırılan müddətdən tez çıxarılması mümkündür.

— İrəvanı KTMT-dən çıxmaq barədə qərar qəbul etməyə nə mane olur?

— İrəvanda dilemma var: KTMT-dən çıxmaq, yoxsa qalmaq? Düşünürəm ki, bu məsələ ilə bağlı qərarın verilməsində Ermənistanın Qərb tərəfdaşlarından çox şey asılı olacaq. Güman edə bilərəm ki, İrəvanın KTMT-də qalması Qərb üçün vacibdir, çünki bu halda Ermənistan öz boykotları və ya digər qeyri-məhsuldar hərəkətləri ilə təşkilatın işinə mane ola biləcək. Bundan başqa, İrəvan KTMT-də olmaqla, qərbli tərəfdaşlarını təşkilat daxilində gedən proseslərlə bağlı təlimatlandıra və casusluq edə bilər. Moskva da bunu başa düşür. İndiyə qədər Paşinyan Ermənistanın KTMT-dəki fəaliyyətinin dondurulduğunu bəyan edib və onun gələcək hərəkətləri Qərb tərəfdaşlarına lazım olanı – casusluq və ya KTMT-dən çıxmağı səciyyələndirəcək.

— Moskva Ermənistanın Qərbə çəkilməməsi üçün hər hansı əməli addımlar hazırlayırmı?

- Bu, ən çətin sualdır. Hesab edirəm ki, Moskvanın indiki mərhələdə əsas vəzifəsi Ermənistanda ikinci anti-Rusiya cəbhəsinin qarşısını almaqdır. Amma Ermənistanda Paşinyanın əvəzinə rusiyapərəst bir şəxsin namizədliyini irəli sürmək Moskva üçün çətin məsələdir.

Digər tərəfdən, Rusiya hələ də Paşinyanın bəyanatlarına və onun qərbyönlü “hərəkətlərinə” aktiv reaksiya verməyib, çünki Ermənistanda rusiyayönlü qüvvələr var və Rusiyada böyük bir erməni icması yaşayır. Buna baxmayaraq, Moskva öz hərəkətsizliyi ilə heç nə həll etmir ki, bu da Paşinyanın Qərbə doğru getməsinə şərait yaradır. Bu baxımdan, mənə elə gəlir ki, Rusiyanın reaksiyası daha qətiyyətli olmalıdır.

— Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasının perspektivləri barədə nə düşünürsünüz?

— Bakı ilə İrəvan arasında hərtərəfli sazişin imzalanması ona görə təxirə salınır ki, vasitəçilər regiona nüfuz etməyə çalışırlar və onların hərəkətləri yalnız sülhün bağlanmasına mane olur. Məhz bu münasibətlə Prezident İlham Əliyev tamamilə haqlı olaraq qeyd etdi ki, bu məsələ ilə birbaşa qonşular məşğul olmalı, Ermənistanla Azərbaycan danışıqlar masası arxasına əyləşib razılığa gəlməlidirlər. İndi isə biz Fransa və ABŞ-ın Cənubi Qafqazda öz maraqlarını aydın şəkildə irəli sürmək üçün proseslərə necə müdaxilə etdiyini izləyirik. Amma İrəvanda deyəsən bunu anlamırlar.

— Gələcək Ermənistan-Rusiya münasibətlərini necə görürsünüz?

— Rusiya-Ermənistan münasibətləri çox güman ki, pisləşəcək, çünki gec-tez Rusiya Ermənistanın açıq düşmənçilik siyasətinə reaksiya verməli olacaq. Moskva üçün Ermənistanda Ukrayna ssenarisinə gətirib çıxarmayacaq həll yolu hazırlamaq vacibdir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər