“Bir şəxs qurban kəsəcəyini deyib, bu əhd onun boynunda hesab olunur. Əgər qurban üçün dəqiq bir vaxt əhd etmiyibsə, imkanı varsa onu bacardığı qədər tez kəsməlidir. “Qoç kəsərəm” deyibsə deməli qoç kəsməlidir, “dana kəsərəm” deyibsə dana kəsməlidir. Əhd etdiyi heyvanı başqası ilə əvəz edə bilməz. Quşlardan qurban kəsilməz. Qurban minimum xırdabuynuzlu heyvandan kəsilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib. Onun sözlərinə görə, bir insan qurban deyibsə, əlində imkan olduğu qədər tez kəsməlidir: “Kəsməsə, günahkardır. Pulunu başqa şeylərə xərcləyirsə, vaxt ötürürsə, bunun cəzası böyükdür.Ola bilər ki, həmin insanın qurban almağa pulu varsa, lakin ailəsində yaranan problem, uşağının sağlamlığı və s. kimi zəruri hallar üçün bu pulu xərcləyirsə, başadüşüləndir. Qurbanın pulunu lazımsız yerlərə xərcləmək isə qəbuledilməzdir. İmkanı olduğu anda deyilmiş qurban kəsilib fəqirlərə paylanmalıdır. Əgər əhd edən zaman qurban ətin yeməyəcəyini deyibsə, yeməməlidir. Amma ağzından elə bir söz çıxmayıbsa, üçdə iki hissəsini paylamalı, qalan hissəni özünə götürməlidir”.
Ləman Sərraf