Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan böyük oftalmoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 15 aprel anım günüdür. "İnsan biliyi ilə mütləq cəmiyyətə fayda verməli, xeyirxah əməlləri ilə özündən sonra iz qoymalıdır", - deyən Zərifə xanım üçün xeyirxahlıq hər zaman həyat tərzi olub. Zərifə xanımın müqəddəs xatirəsi, ülvi insani kefiyyətləri, elmi fəaliyyəti təkrarsız bir insan olaraq hər zaman xatırlanır.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində belə deyirdi: "Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir".
"YALNIZ O ŞƏXS ƏSL HƏKİMDİR Kİ, XƏSTƏNİN AĞRILARINI MƏHZ ÖZÜNÜN AĞRILARI HESAB EDİR"
Bəli, qeyri-adi peşəkarlığı ilə şöhrətlənən, dünya oftamologiya elminə töhfələrini verən, böyük qəlbli insan, nəcib qadın Zərifə xanım Əliyeva öz əməli fəaliyyəti ilə minlərlə insanın gözünə nur verərək, onlara bu dünyanın gözəlliyini görmək kimi böyük xoşbəxlik bəxş etmişdir. İnsanlarla mehribanlığı, dərin humanizmi Zərifə xanımın peşəsinə münasibətində də özünü aydın göstərirdi. O, haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir". Hər insan əməli fəaliyyətində bu səadətə – insanlara nur bəxş etmək səadətinə qovuşa bilmir. Böyük istedad, zəhmət və geniş qəlb insanı bu yüksəkliyə ucalda bilir. Gərgin əməyi ilə uzun illər elmi nailiyyətlərə imza atan Zərifə xanım elm aləmində nadir istedadlı şəxsiyyət kimi tanınır. Elmə gətirdiyi yenilik və çəkdiyi zəhməti ilə dünya oftalmologiya elmində öz möhrünü vurub.
ELMİ NAİLİYYƏTLƏRİ İLƏ AZƏRBAYCAN SƏHİYYƏSİ DÜNYAYA NÜFUZ ETDİ
Müasirlərindən biri yazırdı ki, Zərifə Əziz qızı göz yaşı ifrazının pozulması, göz yaşı ifraz edən orqanların xəstəlikləri məsələləri ilə məşğul olmağa başlamışdı: "Uzun müddət belə halların mahiyyətini və səbəblərini anlamaq qeyri-mümkün idi. Biz yalnız bu gün bilirik ki, quru göz sindromu deyilən bir əlamət vardır. O illərdə isə bu haqda heç nə eşitməmişdik. Amma bu, alimin öncəgörmə qabiliyyətidir. Bu keyfiyyət məhz istənilən istiqamətdə yaradıcılıqla işləyən insanlara xasdır".
Təsadüfi deyildir ki, Onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək olub.
O, yaşadığı illərdə araşdırmalar aparmış, elmi zəkası ilə gəldiyi qənaətlər və nəticələr böyük uğurlara yol açmışdır. Bu uğur bir şəxsin olmuş olsa da, bundan minlərlə, milyonlarla insan bəhrələnmişdir. Beynəlxalq aləmdə cəm olunaraq, bir araya gələn alimlərin müzakirə obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxardı. Azərbaycan və Rusiya alimləri arasında əməkdaşlığın təməlini qoyan, oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan və bütövlükdə, elmin bu sahəsinin inkişafına qiymətli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.
ŞƏRƏFLİ ÖMÜRDƏN SƏTİRLƏR
Şərəfli bir ömür yoluna sahib olan Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan MR-in Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. Uşaqlığı bu kənddə keçsə də, sonradan onlar ailəliklə Bakıya köçüblər. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və institutu əla qiymətlərlə bitirir. Bu elə bir zaman idi ki, Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Bu xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir. Zərifə xanım Əliyevanın bu istiqamətdə apardığı tədqiqatlar 1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edir. Traxoma xəstəliyinin müayinəsi və müalicəsi işləri ilə yanaşı, Zərifə xanım oftalmologiya elminin bir sıra aktual məsələlərinə də böyük əhəmiyyət verirdi.
Klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.
ELMİ NAİLİYYƏTLƏRİ ONU DÜNYADA TANITDI
Zərifə xanım "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Onun dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Öz həyatını tibb elminə bağlayan Zərifə xanım mərhələ-mərhələ buna nail olub. Onun elmi nailiyyətlərinə nəzər saldıqda nə qədər böyük əhəmiyyətə malik olduğunu görürük. Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Onun daktriologiyadan bəhs edən - "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir. Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. O, "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərin müəlliflərindən biridir. Zərifə xanım milli oftalmologiyamızın inkişafı üçün çox işlər görmüşdür. Onun arzularından biri də yeni oftalmoloji kompleksin yaradılması olmuşdur. Onun təşəbüssündən sonra Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə həmin kompleksin tikintisinə başlanılmış və istəyi müasir dövrümüzdə gerçəkləşmişdir.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına da əvəzsiz töhfələr vermişdir. Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri 130 əsərdə, o cümlədən, 5 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapmışdır.
Onun elmi nailiyyətləri ilə yanaşı, ziyalı işığı da daim insanlara nur, qüvvət verib. Zərifə Əliyevanın hər sözü, hər bir hərəkəti nümunəyə çevrilib. Hətta həmkarlarına verdiyi tövsiyələr onun ziyalılığının nümunəsidir.
Müasirləri Onun haqqında söz açarkən, nəcib bir Azərbaycan qadını olduğunu qeyd ediblər. Zərifə xanım işinin gərginliyinə baxmayaraq, həmişə bir qadın kimi mülayimliyi ilə, həssalığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Özünün insani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması məxsusi dəyərləri sırasında hallanır. Bəli, bu keyfiyyətləri, peşəkarlığı, ictimai fəallığı ilə Zərifə xanım Əliyeva yüksəkdə dayanır və zaman-zaman xatırlanaraq, fəaliyyətinə nəzər yetirilir. Bu həyat yoluna nəzər saldıqda, bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir.
"ZƏRİFƏ XANIM ÇOX SADƏ BİR İNSAN İDİ, HEÇ VAXT BÜRUZƏ VERMİRDİ Kİ, HEYDƏR ƏLİYEVİN – BİRİNCİ KATİBİN HƏYAT YOLDAŞIDIR"
Zərifə xanımın zəngin daxili aləminin formalaşmasında ailəsinin, valideynlərinin çox böyük rolu olmuşdu. Tanınmış alim və həkim, keçmiş SSRİ-də böyük nüfuz qazanmış bir dövlət xadimi Əziz Əliyevin qızı məhz Zərifə xanım kimi olmalı idi. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur. Zərifə xanım Ulu Öndər Heydər Əliyev kimi bir dahi üçün təkcə sədaqətli ömür-gün yoldaşı olmamışdı, həm də mənəvi dayağa, əsl dosta çevrilmişdi. Həyatının sonunadək onu qorumuşdu. Prezident İlham Əliyevin bildirdiyi kimi, "Zərifə xanım Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. Əlbəttə, 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi."
Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Övladlarını Ulu Tanrı tərəfindən bəxş olunan nur payı tək qəbul edib. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etmişdir. Bu, Onun fədakar ana olmasından irəli gəlirdi. Zərifə xanım Azərbaycana Cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Bizə Zəfər yaşadan Cənab İlham Əliyevi bu xalqa bəxş edib.
Göründüyü kimi, Zərifə xanımın bir qadın olaraq ətrafında nə qədər məsuliyyət cəmləşib: ana, həyat yoldaşı, övlad, Vətən keşiyində duran elmli-zəkalı ziyalı. Elm, ədalət, səxavət, səbr, həya və ismət kimi keyfiyyətlər Onun həyat simvoluna çevirilib. Bu dəyərlər içərisində güclü və fədakar oldu. Azərbaycan tarixinə məxsusi dəyərləri ilə iz saldı. Yaşanılan ömür yolunun sərlövhələri Onu zamanımızın seçilən xanımı etməklə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir simaya çevirdi.
Nəzakət ƏLƏDDİNQIZI