Siyasət

  • 2 645

Rusiyalı ekspert: Ermənistan Qərbin təhriki ilə Azərbaycanı təxribata çəkməyə çalışır – MÜSAHİBƏ

image

İqor Korotçenko: “Azərbaycana qarşı ittifaq qurulur: Ermənistan, ABŞ, Aİ, Fransa, Yunanıstan, Hindistan və digər peyk ölkələri ilə”

“Kaspi” Strateji Tədqiqatlar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko Cənubi Qafqazda sabitliyin pozulması təhlükəsi haqqında “Moskva-Baku” portalına müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, İrəvan Moskva ilə mübahisə etmək istəmir, lakin belə imkanı və gücü olmadığına görə yox. Ermənistan hansı gücü və hansı imkanları ilə öyünür?

- Aprelin 5-də Brüsseldə Nikol Paşinyanın ABŞ dövlət katibi və Avropa Komissiyasının rəhbəri ilə görüşündə Qərbin bu güc mərkəzlərinin Ermənistana dəstək verməsi ilə bağlı müəyyən razılaşmalar əldə olunub, ona görə də Ermənistanın baş naziri bu gün belə bəyanatlar səsləndirir. Və bununla da onu nümayiş etdirir ki, nüfuzlu Qərb oyunçuları onun arxasında dayanır və o, İrəvanın qeyri-dost addımlarına cavab olaraq Rusiyanın potensial hərəkətləri ilə bağlı heç bir nəticəni nəzərə almadan Moskva ilə sakit danışa bilər.

Brüsseldə bağlı qapılar arxasında Paşinyan, Blinken və fon der Leyen yəqin ki, Ermənistanın yeni təhlükəsizliyi, eləcə də onun yeni hərbi komponenti məsələsini müzakirə ediblər. Mən hesab edirəm ki, ilk növbədə Ermənistana Qərb silahlarının hərbi təchizatının daşınması müzakirə olunub. Fransa hazırda burada əsas rol oynayır. O, Ermənistanın yaxın illərdə inkişaf etdirəcəyi Qərb standartlarına əsaslanan hava hücumundan müdafiə sisteminin əsas elementləri olan qısa mənzilli zenit-raket kompleksləri və hava monitorinqi radarlarını tədarük edir. Üstəlik, Brüsseldə, görünür, kibertəhlükəsizlik və informasiya əməliyyatları sahəsində Ermənistana koordinasiyalı dəstəkdən danışıblar. Elan edildiyi kimi, ictimai rəylə işləyəcək bir qrup amerikalı hərbçinin respublikaya bu yaxınlarda olan səfəri Paşinyanın Rusiya ilə münasibətlərdə artıq həddi aşması kimi səciyyələndirilə bilər. ABŞ informasiya əməliyyatları sahəsində yaxşı səriştələrə malikdir. Və belə olan halda, amerikalı təlimatçıların Ermənistana hərtərəfli dəstəyi respublikanın rusiyapərəst vətəndaşlarına, eləcə də bütövlükdə Rusiyaya, eləcə də onun qonşularına - Azərbaycan, Türkiyə, İrana qarşı hərəkətləri əhatə edəcək. Amerikalı təlimatçıların köməyi ilə manipulyasiya texnologiyaları Ermənistanda ən fəal şəkildə, o cümlədən Paşinyanın ölkə daxilində mövqelərini gücləndirmək üçün istifadə olunacaq.

Qərbin və Ermənistan hakimiyyətinin bütün bu addımlarının son məqsədi Ermənistanda Rusiya və digər region dövlətlərinə qarşı tramplin yaratmaq, Qərbin qədim “Parçala, hökm sür” prinsipindən istifadə etməkdir.

Qarşıda nə gözlənilir: Ermənistana Qərb silahlarının göndərilməsi ilə yanaşı, Moskva ilə İrəvan arasında hərbi-texniki əməkdaşlıq tamamilə dayandırılacaq. Ermənistan ordunun Qərb standartlarına keçməsinə hazırlaşır: NATO ölkələrinin hərbi komponentləri ilə maksimum qarşılıqlı fəaliyyətə nail olmaq üçün operativ döyüş hazırlığı, komanda-idarəetmə, qərargah hazırlığı alyansın standartlarına uyğun həyata keçiriləcək. Bunlar Qərb silahlarının tədarükü və Qərbin logistika standartlarına keçiddir.

Niyə hava hücumundan müdafiə sistemi ilə başlandı? Çünki bu halda “dost və ya düşmən” identifikasiya sistemi işləyir. Əgər Ermənistana verdiyimiz hava hücumundan müdafiə sistemləri Rusiya standartlarına uyğun idisə, Ermənistanın Qərbin hava hücumundan müdafiə sistemini qəbul etməsi hərbi baxımdan respublika üçün 180 dərəcə dönüş deməkdir. Yəni, bu həm də İrəvanla Moskva arasında tam qopmaya hazırlığın əksidir. Proses tam sürətlə davam edir. İndi Ermənistanın Rusiyadan ayrılmasını daha necə “rəsmiləşdirəcəyi”, hansı zaman çərçivəsində, bunun üçün hansı səbəblərdən istifadə edəcəyi və sonda Qərbə üz tutacağı zaman məsələsidir.

- Aİ və ABŞ Ermənistanın Aİİ üzvlüyünü Ermənistana iqtisadi yardımla əvəz edə biləcəkmi?

- Ermənistan Qərbin dəstəyi sayəsində öz itkiləri bahasına olsa da, 2-ci Ukraynaya çevrilə biləcək; buna heç bir şübhə yoxdur və olmamalıdır. Yaranan vəziyyətin ciddiliyini qiymətləndirməmək olmaz. Xüsusən də əgər region ölkələri baş verənləri sadəcə passiv müşahidə edirsə və heç nə etmirsə. Əgər Rusiya heç nə etməməyə davam etsə, ancaq Paşinyanın üzərinə “köpük” yağdıran məşhur insanları ekranlara buraxmaqla kifayətlənsə və ehtiyatlılıq siyasəti ilə məhdudlaşsa, nəticə daha da pis olacaq. Bizə konstruktiv sistemli iş lazımdır. Amma bu sistemli iş yoxdur. Bu gün əldə etdiyimiz nəticə, əslində Ermənistanın itirilməsidir. Vəziyyət çox ciddidir. Bu, bizim geosiyasi maraqlarımıza, ticarət-iqtisadi əlaqələrimizin təhlükəsizliyinə, Rusiya üçün strateji əhəmiyyət kəsb edən Şimal-Cənub dəhlizinin reallaşdırılması məsələsinə toxunur. Ona görə də təəssüf ki, tendensiyalar əlverişsizdir, proqnozlar da.

Ermənistanın addımlarına qəzəblənmək, qınamaq olar. Bunun nə mənası var? Qərbin Ermənistana genişmiqyaslı nüfuzunun qarşısını almaq üçün konkret praktiki tədbirlərə ehtiyac var. Amma təəssüf ki, müşahidə etdiyimizə görə, Qərb Ermənistanla daha yaxşı işləyir. Ərazi bütövlüyünü bərpa etməyə müvəffəq olan və hazırda kifayət qədər əlverişli mövqedə olan Azərbaycanı beynəlxalq mövqelərinin ciddi şəkildə artdığını görərək Qərb Bakıya enerji sahəsində əməkdaşlıq baxımından Aİ üçün faydalı tərəfdaş olmasına baxmayaraq, getdikcə daha çox təzyiq göstərir. Və biz görürük ki, Azərbaycan həqiqətən suveren dövlət kimi ona nə qədər çox təzyiq edilirsə, ABŞ və Aİ-nin ünvanına bir o qədər tənqidi fikirlər səsləndirir. Bu, həqiqətən güclü bir yanaşmadır. Bu gün nümunəsi çox olmayan həqiqi müstəqil dövlətin yanaşması. Azərbaycana qarşı ittifaq qurulur: Ermənistan, ABŞ, Aİ, Fransa, Yunanıstan, Hindistan və digər peyk ölkələri ilə. Və buna görə də müstəqilliyə can atan, öz milli maraqlarının Qərb hegemonluğu tərəfindən boğulmasına müqavimət göstərmək istəyən region dövlətləri koordinasiyalı mövqe və fəaliyyətlərində birləşməli, konkret addımlar atmalıdırlar. Bu baxımdan Rusiya-Azərbaycan əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir.

Rusiya Qərbin sərt sanksiyaları altındadır. Bu vəziyyətdə, biz xüsusilə tərəfdaşlar və müttəfiqlərin problemləri ilə maraqlanırıq. Bu məsələdə mən Türkiyəni misal çəkə bilərəm. Qarşılıqlı fəaliyyətimiz bizə beynəlxalq mövqelərimizi möhkəmləndirməyə, öz milli maraqlarını müdafiə edən dövlətlərdən ibarət “klub” yaratmağa və paralel idxal hesabına Rusiya iqtisadiyyatına lazım olanı almağa imkan verir. Rusiya Türkiyədə Akkuyu atom elektrik stansiyasını tikir. Qarşıda bu ölkədə daha 2 atom elektrik stansiyasının tikintisi dayanır. Və bu atom elektrik stansiyalarını potensial hücumlardan havadan qorumaq lazımdır. Ona görə də, fikrimcə, Türkiyə yeni S-400 zenit-raket komplekslərinin alınmasında maraqlı olacaq.

Bu gün mürəkkəb çoxşaxəli geosiyasi oyun gedir. Və başa düşürük ki, bu böyük oyunu uduzmaq Rusiyanın Qərb tərəfindən məhv edilməsi deməkdir. Ona görə də, bizə bu və ya digər şəkildə dəstək verən istənilən dövlət bizimlə konstruktiv münasibətlər qurur, bizim tərəfdaşımız və müttəfiqimiz olur. Və bu gün bizim üçün çətin məqamda xəyanət edənlər, düşmənlərimizlə dostluq edənlər, Rusiyanı əvəz etmək və ona zərər vermək üçün öz ərazilərində Qərbin güc komponentlərini yerləşdirənlər- bunlar bizim rəqiblərimizdir. Onları birbaşa olaraq təsnif etməyin vaxtı gəldi. Dəvəquşu kimi başını quma basdırıb “hər şey yaxşıdır” deməyi dayandırmaq lazımdır. Ermənistanla münasibətlərdə hər şey pisdir. Ermənistan Rusiyaya xəyanət edir. Bu gün Ermənistan təəssüf ki, Rusiyaya düşmən ölkədir. Paşinyan Ermənistan dövlətinin qanuni başçısıdır, erməni seçicilərinin əksəriyyəti ona səs verir. Ona görə də ona səs verənlərin hamısı Paşinyanın Rusiya ilə münasibətləri pozmağa yönəlmiş siyasi kursunu dəstəkləyir. Bu, yeni siyasi reallıqdır. Biz bunu dərk etməliyik və ən əsası hərəkətə keçməliyik və oturub Ermənistanla “əsl dostluq” haqqında mantranı təkrarlamağa davam etməməliyik. Yunanıstan və Bolqarıstanla “qardaşlıq”, dostluq haqqında da eyni şeyi dedik. Nəticə nədir? Tarixən müdafiə etdiyimiz bu ölkələr bu gün bizə xəyanət ediblər. Rusiya dövlətinin və rus əsgərlərinin onlara kömək etməsinə, təhlükəsizliyini gücləndirməsinə baxmayaraq, bu gün onlar Rusiyanın əleyhdarına çevriliblər.

- Son həftələrdə Ermənistandan Azərbaycanla sərhəddə və Qarabağda gördüyümüz atışmalar niyə birdən-birə peyda oldu?

- Düşünürəm ki, bunlar Brüsseldəki üçtərəfli görüşlə bağlıdır. Paşinyanın məqsədi çox sadədir: məhdud miqyaslı yeni silahlı qarşıdurmanı qızışdırmaq. Azərbaycanı Ermənistan tərəfinin son vaxtlar atəş açdığı bir sıra yeni mövqeləri tutmağa təhrik etmək. Bu vəziyyət o deməkdir ki, İrəvanda yenə qışqıracaqlar: “KTMT bizi qorumur”. Baxmayaraq ki, Ermənistanın özü ənənəvi olaraq toqquşmalara səbəb olur. Və sonra- Aİ-nin müşahidə missiyasının Ermənistanın KTMT-nin müdafiə etmədiyi, “təcavüz” qurbanına çevrildiyi barədə hesabatlarını açıqlamaq. Bu, İrəvana kömək üçün Qərbə üz tutmaq və onu elə təqdim etmək imkanı verəcək ki, Ermənistanda Rusiya deyil, Qərbin hərbi bazalarının yerləşdirilməsinə dair ictimai rəyə dəstək olsun. Fəaliyyətin məntiqi və taktikası belə bir şeydir.

- Paşinyan bildirib ki, Ermənistan hakimiyyəti hələ də düşünür: mayın 8-də Moskvada keçiriləcək Aİİ-nin yubiley sammitinə getmək, ya yox. Ermənistanın strukturun hazırkı sədri olmasına baxmayaraq və məntiqlə bu sammit İrəvanda keçirilməli idi...

- Burada çox güman ki, Paşinyanın mayın 9-da Qırmızı Meydanda keçiriləcək Qələbə Paradında iştirak edib-etməyəcəyi, yəni Ermənistanın baş nazirinin Rusiyaya qarşı müsbət jest nümayiş etdirib-etməyəcəyi ilə bağlı vəziyyət yaranır. Əgər o, artıq müzakirələrin hələ də davam etdiyini bəyan edirsə, yəqin ki, dərhal imtina edə bilməz. Dmitri Peskov Putinlə Paşinyan arasında yaxın gələcəkdə mümkün təmaslara eyham vurub. Bu o deməkdir ki, Rusiya lideri respublika hakimiyyətinin mövqeyinin zərərli olduğunu yenə də ermənilərə şəxsən izah edə bilər.

Nikol Paşinyanın bu cür bəyanatları, mən deyərdim ki, artıq qeyri-dost xarakter daşıyır, Ermənistanın Rusiyaya qarşı şantaj xarakteri daşıyır.

Açığı, Qərbin Paşinyana vəd etdiyi bonusların təsiri var. Hər halda, Ermənistanın baş naziri çox böyük səhvlərə yol verir. Bəli, hamı çox vektorlu olmaq istəyir. Yaxşı, hamı ilə münasibət qurursunuz, amma diqqətlə etməlisiniz. Amma Ermənistan hakimiyyəti tərəfindən hər şey şüurlu şəkildə edilir: Rusiya ilə münasibətlər bilərəkdən və nümayişkaranə şəkildə pozulur, Rusiya tənqid olunur. İndi biz Paşinyandan hansı salto gözləyə bilərik? Yeri gəlmişkən, Ermənistanın indiki maliyyə-iqtisadi vəziyyəti ilə əvvəlkini müqayisə etmək olmaz. Ona görə də Rusiya ən pis ssenarilərə hazırlaşmalı və onların qarşısını necə alacağını əvvəlcədən planlaşdırmalıdır. Ardıcıl və israrla Ermənistana xəbərdarlıq siyasətini davam etdirmək mənfi təsirdən başqa heç bir nəticə verməyəcək, əksinə problem yaradacaq.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər