Siyasət

  • 749

Sarsılmaz birliyimizin növbəti rəmzi - TƏHLİL

image

Azərbaycan-Türkiyə Universitetinin yaradılması

Dünyada analoqu olmayan və sərhəd tanımayan qardaşlığın, ulu öndər Heydər Əliyevin söylədiyi “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün iki güclü Liderlərin – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şad gündə, dar gündə bir-birinin yanında olması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da bir olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Məhz bu dostluq və qardaşlığın əbədi və sarsılmaz olduğunun nəticəsidir ki, Azərbaycanla Türkiyə arasında həm hərbi, həm də digər sahələrdə əməkdaşlığın yüksək sürətlə inkişaf etməsində Şuşa Bəyannaməsinin rolu xüsusi vurğulanmalıdır.

«ŞUŞA BƏYANNAMƏ»Sİ İKİ QARDAŞ ÖLKƏNİN MÜNASİBƏTLƏRİNİ YENİ MÜSTƏVİYƏ ÇIXARAN TARİXİ VƏ SİYASİ ÖNƏM KƏSB EDƏN MÜTTƏFİQLİK HAQQINDA HÜQUQİ SƏNƏDDİR

Prezident İlham Əliyev "Şuşa Bəyannaməsi"nin əhəmiyyətini vurğulayaraq demişdir: “Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük nailiyyətdir, böyük sərvətdir. Həmin bəyannamə bizim qarşımızda yeni üfüqlər açır”.

Bəli, üç il əvvəl, 2021-ci il 15 iyun tarixində Şuşada imzalanmış Bəyannamə iki qardaş ölkənin münasibətlərini yeni müstəviyə çıxaran tarixi və siyasi önəm kəsb edən müttəfiqlik haqqında hüquqi sənəddir. Bəyannamədə 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilir. Ən əsası isə "Şuşa Bəyannaməsi" ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Prezident İlham Əliyev Türkiyə lideri Ərdoğanla birlikdə mətbuata bəyanatında qeyd etdiyi kimi bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Eyni zamanda, Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi. Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq".

Möhtəşəm dostluq və sarsılmaz birliyin nəticəsidir ki, qardaş Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycanın yanında olduğunu bəyan etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. Türkiyənin Vətən müharibəsi dövründə və ondan sonra verdiyi siyasi dəstək, həmçinin Ankaranın Qarabağın inşasına xüsusi diqqət ayırması iki xalqın dostluğunun daha da möhkəmlənməsinə böyük töhfə verir.

HƏR İKİ ÖLKƏNİN PREZİDENTLƏRİ TƏRƏFİNDƏN DƏSTƏKLƏNƏN TÜRKİYƏ-AZƏRBAYCAN UNİVERSİTETİNİN YARADILMASI ALİ TƏHSİLƏ FƏRQLİ BİR PERSPEKTİV GƏTİRƏCƏK

Hazırda Türkiyə ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir və bu inkişaf siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrlə yanaşı, elm və təhsildə də özünü göstərir. İki qardaş ölkə təhsil əlaqələrinin gücləndirilməsi və mövcud əməkdaşlığımızın inkişafı istiqamətində sıx əməkdaşlığa nail olub, bunun üçün bir sıra sənədlər imzalanıb. Hər iki ölkənin prezidentləri tərəfindən dəstəklənən, ali təhsilə fərqli bir perspektiv gətirəcək Türkiyə-Azərbaycan Universitetinin yaradılması bunun əyani təsdiqidir. Universitet ilkin mərhələdə səhiyyə, mühəndislik və informatika sahələrində fəaliyyət göstərəcək, növbəti tədris ilində isə ilk tələbələrini qəbul edəcək. Bu universitet tamamilə yeni yaradılmış müəssisə olmayacaq, fərqli universitetlərin müxtəlif proqramlarını eyni dam altında birləşdirən “yeni nəsil” universitet olacaq.

Prezident İlham Əliyev fevralın 19-da qardaş Türkiyəyə səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşündə digər mühüm məsələlərlə yanaşı, bu ali təhsil müəssisəsinin yaradılmasının əhəmiyyəti barədə də danışıldı və Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalandı.

Tədbir zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir: "Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da tədbirdə çıxışı edərək bildirdi ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacaq: "Təhsil sahəsindəki əlaqələrimizin inkişafından da məmnunluq duyuram. Bu çərçivədə bir az sonra imzalanacaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacaq. Universitetimiz elm və texnologiya sahələrində münasibətlərimizi yeni səviyyəyə qaldıracaq. Bu istiqamətdə başda səhiyyə olmaqla mühəndislik və texnologiya sahələrində təcrübə mübadiləmiz artacaq".

Aprelin 16-da isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzaladı. Fərmana əsasən, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edildi. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.

Bir sözlə, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşmasına, ümumiyətlə təhsilin bütün səviyyələrində keyfiyyətin artırılması, inklüziv təhsilin təmin edilməsi, müasir texnologiyalardan istifadənin genişləndirilməsi və ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasına nail olmaqdır.

Göründüyü kimi, yüksələn xətlə inkişaf edən Azərbaycan -Türkiyə əlaqələrinin sarsılmaz qardaşlıq birliyinin nəticəsidir ki, Azərbaycan-Türkiyə Universitetinin yaradılması iki qardaş ölkənin təhsil sahəsində əməkdaşlığının daha da dərinləşdirilməsində əhəmiyyətli rol oynayacaq. Bir sözlə, dövlət başçımızın söylədiyi kimi: "Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər