Siyasət

  • 923

Böyük Qayıdışın ürəkaçan mənzərəsi TƏHLİL

image

Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika 44 günlük Vətən müharibəsində döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir Yumruq" əməliyyatını sürətlə və az itki ilə reallaşdırmağa imkan verdi. Döyüş meydanında əməli təsdiqini tapan "Qarabağ Azərbaycandır və nida" həqiqəti milli birliyimizin, haqqın və ədalətin Zəfəri kimi tariximizə yazıldı. Bütün aparıcı beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanımasına, dəstəkləməsinə, beynəlxalq tədbirlərdə və platformalarda həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmasına baxmayaraq, heç bir səmərəsi olmadı.Müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. "Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik", - deyə Prezident bildirmişdir. Xatırlatmaq yerinə düşər ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmışdır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazaraq erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan yeni dövrünə qədəm qoydu. Dövlət başçısının rəhbərliyi ilə hərb meydanında azadlığı, müstəqilliyi yolunda mübarizə aparan, mücadilə edən Azərbaycan yeni reallıqlar yaradaraq işıqlı, daha uğurlu bir yola qədəm qoyub.
"ŞƏHƏRLƏRİ QURURUQ, KƏNDLƏRİ QURURUQ, BİNALAR TİKİRİK VƏ HƏLƏ NƏ QƏDƏR EDƏCƏYİK"
Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara əsaslanır. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda müşahidə olunur. Zəfər qazanmış Azərbaycanın hər bir sahəsində onu uğurlar müşayiət edir. Bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilir: "Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub", - deyə Prezident çıxışlarının birində bildirmişdir.
Bəli, 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdığından azad etdi. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Tariximizə yazılacaq Böyük Qaydışın ilk karvanı əzəli torpağımıza yol aldı. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olundular. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətləndi və ardıcıllıqla həyata keçirildi.
Bu gün böyük abadlıq-quruculuq işləri davam etdirilir. Tikilən yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə işğaldan azad olunan ərazilərimizi müasir şəhərə çevirəcək.
Zəngilan rayonu Ağalı kəndində yaşanılan canlı həyatdan sonra əzəli sakinləri sorağı digər ərazilərdən eşidilməyə başlanıldı. Tərtərin Talış kəndindən, daha sonra Laçından, Füzulidən əzəli sakinlərin sevinc səsləri gəlir.
AĞALIDAN BAŞLANAN İLK KÖÇ…
Üç il bundan əvvəl Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə, eləcə də Füzuliyə səfərləri tarixi hadisələlərlə yadda qalır. Füzuli geniş abadlıq-quruculuq meydanına çevrilib. Beynəlxalq Hava Limanında istifadəyə verilməsi, Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və s. Füzulinin tezliklə müasir bir şəhər kimi seçiləcəyini ifadə edir. Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməli dövlət başçımız tərəfindən qoyuldu. Üçüncü yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.

YENİ REALLIQLAR YARADAN AZƏRBAYCAN İŞIQLI BİR YOLA ÇIXDI

Füzuli şəhərində dövlət başçısı tərəfindən inzibati binanın da təməli qoyulub. İnzibati binanın inşa olunacağı şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb. İnzibati binanın inşası üçün isə 4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.
İlk köç karvanı Füzuliyə 23 ailə ilə başlanılsa da bu gün onların sayı artmaqdadır. Bu, qısa bir zamanda reallaşan infrastruktur layihələrin, abadlıq və quruculuq işlərinin məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Füzuli şəhərindəki yeni yaşayış yerlərinə ilkin mərhələdə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr köçürülür. Bugünkü püşkatma 156 ailə arasında keçirilib və ailə tərkibinə uyğun olaraq, onlardan 59-na ikiotaqlı, 80-nə üçotaqlı, 17-nə dördotaqlı mənzil təqdim olunacaq. Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.
"BİZ QAYIDIŞ PROSESİNİ PLANLI HƏYATA KEÇİRİRİK"
Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür."Biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə bilərik, şərait yarada bilərik. Yeri gəlmişkən söyləyim ki, həmin sahələrdə məşğulluq məhz vacib məsələdir. Bir halda ki, biz qayıdış prosesini planlı həyata keçiririk və qayıtmış insanların əksər hissəsi artıq bu iş yerlərinə malikdir, bu onu göstərir ki, tətbiq edilmiş yanaşma tamamilə əhatəlidir" – deyə Prezident diqqətə çatdırıb.İşğaldan azad olunan ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. "Biz də çalışırıq əlimizdən gələni edək ki, məcburi köçkünlər üçün maksimal həyat şəraiti yaradılsın onlar buna layiqdirlər. Onlar, həmçinin psixoloji sarsıntı keçiriblər" – deyən Prezident bildirib ki, biz istəyirik ki, proses mümkün qədər tez getsin. Lakin biz anlayırıq ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmalıyıq".
Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər