İllərdi ki, yorulmaq bilmədən çalışan və böyük əhəmiyyət kəsb edən, müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci Xanımı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti özünün vurğuladığı kimi, sarsılmaz həqiqətlərə söykənir: "Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir".
Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın Birinci xanımı, Mehriban Əliyeva hər zaman xalqın yanında olan onun problem və qayğıları ilə maraqlanan və onların çözülməsinə çalışaraq həqiqətən də insanların ümid, pənah yeridir. Xeyirxahlıq, haqq-ədalət ünvanıdır. Ulu Öndər Heydər Əliyev ideyalarını davam etdirən Fondun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında əks-səda doğuraraq, birmənalı qəbul edilir. Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyev haqqında belə deyir: "O, Vətəninə, müstəqil, çiçəklənən, qüdrətli Azərbaycanda xoşbəxt görmək istədiyi xalqına olan sonsuz sevgisini hər şeydən üstün tuturdu. Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Ən başlıcası onun müqəddəs arzusu reallaşıb".
"LƏYAQƏT VƏ ŞƏRƏF HİSSİNİN HƏR ŞEYDƏN ÜSTÜN OLDUĞUNU AŞILADILAR"
Mehriban xanım Əliyeva valideynlərindən əxz etdiyi dəyərləri hər zaman üstün tutaraq, onların öyrətdikləri həqiqətə və mənəviyyata can atmağı özünün həyat məqsədinə çevirib: "Onlar öz varlığı ilə ləyaqət və şərəf hissinin hər şeydən üstün olduğunu aşıladılar. Öyrətdilər ki, alicənablıq və dürüstlük, mənəviyyat və şəfqət, xeyirxah əməllər, inam və məhəbbət – həqiqi xoşbəxtliyə və harmoniyaya aparan yoldur". Söhbət insan anlamından gedirsə, bu məfhumun arxasında dayanan amillər ən böyük dəyərlərə yol açır.
Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva uşaqların xoşbəxt gələcəyi üçün bütün imkanlardan istifadə edir, bu sahəni daim diqqət mərkəzində saxlayır. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri isə sadalamaqla qurtaran deyil. Fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları onlarla internat məktəbi və uşaq evləri əsaslı təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Hətta, kimsəsiz uşaqlara ev şəraitinə uyğun mühit yaradılmışdır. Gənc nəslin təhsili və sağlamlığının qorunması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğundan Fond ölkədə həyata keçirilən təhsil və səhiyyə islahatlarında xüsusi fəallıq nümayiş etdirir. Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı həllinə yönəlmişdir. Məktəbəqədər hazırlıq müəssisələrinin, uşaq bağçalarının müasir standartlar səviyyəsində qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində ölkəmizdə uşaq evi və internat məktəbi əsaslı təmir olunub və bu müəssisələrdə yaşayan uşaqların problemlərini daim diqqətdə saxlanılıb. Müasir tələblərə cavab verən uşaq evlərində inşa edilmiş hamam, üzgüçülük hovuzu, yay konsert meydançası, stadion, iclas, idman, rəqs salonları, həyətdəki yaşıllıqlar, uşaqların əl işləri muzey-sərgisi burada balacaların fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün hər cür şərait yaradıldığına, Fondun xeyirxah fəaliyyətinin bəhrəsinə əyani sübutdur.
"Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı" kimi layihələri Mehriban Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətində reallığa çevrilib.
"TOLERANTLIĞIN ÜNVANI – AZƏRBAYCAN"
Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur. Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətli işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.
Qeyd edək ki, Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür. Onun hər bir uğuru Azərbaycanın nailiyyəti, yüksəkliyidir. Fəaliyyəti dövründə əldə etdiyi bu nailiyyətlər Fondun qeyri-hökumət təşkilatı olaraq həyata keçirdiyi layihələri ilə təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Gördüyü işlərində təvazökarlıq göstərir.
BÖYÜK QAYIDIŞIN MÖHTƏŞƏM LAYİHƏLƏRİ
Heydər Əliyev Fondu ölkəmizin çətin zamanında xalqımıza dəstək oldu. Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdü. Bununla yanaşı, Heydər Əliyev Fondu daim öz himayəsində saxladığı bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərib. 20illik fəaliyyəti dövründə əldə etdiyi bu və ya digər nailiyyətlər fondun qeyri-hökumət təşkilatı olaraq təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir.
Mehriban xanım bütün fəaliyyəti dövründə xalqın maraqlarını əsas götürərək, ictimai, sosial layihələri ilə öz ətrafında böyük imic formalaşdırıb. 44 gün davam edən müharibədə Müzəffər Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlub edərək, işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işlərində Mehriban xanım Əliyevanın da həyata keçidiyi layihələr töhfəsini verməkdədir. Böyük Qayıdışın möhtəşəm olacağına əminik və bu işdə Mehriban Əliyevanın payı müstəsna olacaqdır. Artıq bu işlərin ilkin addımlarını və reallaşan layihələri görürük. Heydər Əliyev Fondu məscidlərin təmirini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan M.P. Vaqifin büstü öz əvvəlki yerinə qaytarılıb. Görülən işlər kifayət qədərdir. Damarlarında azərbaycanlı qanı qövr edən Böyük Ziyalının işığında Azərbaycanın hər bir bölgəsində əməyini, layihələrini görürük. Bu hər kəsi qürurlandırır.
Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun gələcək fəaliyyətinin əsasında qeyd etdiyimiz məsələlərin daha da geniş bir planda həyata keçirilməsi dayanır.
Nəzakət ƏLƏDDİNQIZI