Azərbaycan bir sıra Avropa ölkələri ilə olduğu kimi eyni zamanda Almaniya ilə də etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirir. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvar ayının 12-də tanıyıb. Həmin ildən də iki ölkə arasında diplomatik münasibətlər yaranıb. 1992-ci ilin sentyabr ayında isə Almaniyada Azərbaycan, Azərbaycanda isə Almaniyanın səfirlikləri açılıb. Diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq dövrdə bu münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində keçirilən görüşlərdə müasir dövrün çağırışlarına uyğun olaraq müzakirə edilən məsələlər hazırda ölkə və dünya mətbuatında geniş təhlil edilir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Həmçinin Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi. Cənab Prezidentin işgüzar səfəri çərçivəsində keçirilən görüşlər, iştirak etdiyi “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı iki ölkənin münasibətlərinin dünəninə, bugününə və perspektivlərinə işıq saldı.
Dövlət başçısı İlham Əliyev Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı diqqəti ölkəmizin enerji diplomatiyasının uğurlarına yönəldərək bildirdi ki, neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır: “Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən Memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda, yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb”.
Azərbaycan bu il mötəbər tədbirə - COP29-a ev sahibliyi edəcək. Cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə, eyni zamanda, sözügedən tədbirdəki çıxışında əsas diqqət göstərilən məsələ məhz ölkəmizin COP29-a ev sahibliyi oldu. Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts mətbuata birgə bəyanatında da COP29 diqqət göstərilən əsas məsələ idi.
Rəsmi Bakı Avropa İttifaqı ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.
Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.
Dövlət başçımız çıxışında regional təhlükəsizlik məsələsinə də toxunaraq demişdir: “Cənab Kansler, sizin dəvətinizlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər. Almaniyanın xarici işlər naziri xanım Berbok da öz dəstəyini göstərmişdir”. Bu görüş çərçivəsində də məhz delimitasiya və demarkasiya məsələlərinin, sülh gündəliyinin irəlilədilməsinə dair müsbət müzakirələrin olduğunu qeyd etdi.
Cənab Prezidentin Almaniyaya səfərinin nəticəsi olaraq qeyd edə bilərik ki, Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığı hərtərəfli və yüksələn xətlə inkişaf edir. Əminliklə söyləmək olar ki, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.
Saleh Məhərrəmov