Oğuzda Vətən müharibəsi şəhidi, Tural Məmmədovun doğum günündə xatirəsi anılıb. Anım tədbirində YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, rayon icra hakmiyyətinin əməkdaşları, şəhid ailələri, Sincan kənd tam orta məktəbin kollektivi, kənd sakinləri Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsində xüsusi şücaət göstərərək, döyüşüb qəhrəmancasına şəhadətə yüksəlmiş şəhid Tural Məmmədovun doğum günü ilə əlaqədar Sincan kəndində yerləşən məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidin böyüyüb boya-başa çatdığı ünvana gedərək ailə üzvləri ziyarət edilib.
Tural Arif oğlu Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olmuşdur. 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Əsgəri xidmətini başa vursa da Azərbaycan Ordusunda xidmətini davam etdirmişdir. Tural Məmmədov 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. Tank komandiri olan gizir Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinin ilk günündən döyüşlərdə iştirak etmişdir. Tural Məmmədov Suqovuşanın və Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, həkimdən icazəsi olmasına baxmayaraq yenidən döyüşlərə qatılıb və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Məmmədov Tural oktyabrın 29-da Oğuz rayonunun Sincan kəndində dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Laçının azad olunmasına görə", Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.
Oğuz rayon Sincan kəndindəki küçələrdən birinə şəhidimizin adı verilərək əbədiləşdirilmişdir.
Allah bütün səhidlərimizə rəhmət eləsin.