Siyasət

  • 809

Görülən işlər iqtisadi imkanlarımızın təqdimatında öz sözünü deyir

image

Dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak etdi. Hər bir bölgənin, ümumilikdə ölkənin inkişafına yönələn bu addımlar davamlılığı ilə diqqətdədir. Ölkə Prezidentinin regionlara səfərləri bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Regionların inkişafı üçün uğurla reallaşdırılan Dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımını, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, yeni iş yerlərinin açılmasını, nəticədə əhalinin məşğulluğunun təmin olunmasını şərtləndirir. Dövlət başçısı İlham Əliyevin sözügedən təməlqoyma mərasimində qeyd etdiyi kimi, Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə yüksəltdi. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırıldı. Taxtakörpü su anbarının tikintisi, Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi.

Ölkə Prezidenti vurğuladı ki, Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaq. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək.
Qeyd edək ki, 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırıldı.
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək. Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq. “Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk” söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki, eyni zamanda, Qarabağ kanalının da inşası ilə əlaqədar Sərəncam imzalandı: “Biz Qarabağ kanalının inşasına gələn ildən başlamalıyıq. Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq.”
Ölkəmizin gələcək inkişafının əsas istiqamətləri bundan ibarətdir. Çünki qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi, bütün bu amillər gördüyümüz işlərdə əks olunur.
Dövlət başçısı çıxışında bu məqama da diqqət yönəltdi ki, iqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən Azərbaycanda böyük narahatlıq var: “ Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir.”
Göründüyü kimi, hər dövrün tələbinə uyğun olaraq yeni hədəflər müəyyənləşdirilir və onlara nail olmağın yolları göstərilir. Azərbaycanın iqtisadi və maliyyə imkanları hər bir layihəni uğurlu sonluqla başa vurmağa geniş imkanlar yaradır. Cənab İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan güclü dövlətdir, öz gücünə, imkanlarına arxalanır.
Son üç ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər iqtisadi imkanlarımızın təqdimatında öz sözünü deyir. Dövlət başçısı keçilən yolun qısa təhlili əsasında böyük əminliklə qeyd etdi ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyim, bu layihələrin icrası da tam təmin ediləcək: “Biz üç ildən sonra - uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.”

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Digər xəbərlər