Siyasət

  • 967

Azərbaycan öz gücünə, imkanlarına arxalanan dövlətdir

image

Dövlət başçısı İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.

Bugünümüzün sosial-iqtisadi göstəriciləri Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, investisiya cəlbediciliyinin qorunması istiqamətində atılan addımların aydın mənzərəsini təqdim edir. Ölkə iqtisadiyyatına 310 milyard dollar sərmayə yatırılıb. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hər bir ölkənin inkişafında iqtisadi amil əsas rol oynayır. Ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Təbii ki, sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Ölkə Prezidentinin daim vurğuladığı kimi, sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını prioritet məsələ kimi öndə saxlayan dövlət başçısı İlham Əliyevin bir-birinin ardınca təsdiqlədiyi Dövlət proqramları, İnkişaf Strategiyaları, Milli Prioritetlər, ən əsası iqtisadi rayonların bölgüsünün yenidən aparılması yeni-yeni hədəflərin müəyyənləşdirilməsindən, onların uğurlu sonluqla başa çatdırılaraq yeni istəklərin, məqsədlərin ortaya qoyulmasından ibarətdir. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə təsdiqlənən Dövlət proqramlarının icrası bölgələrin malik olduqları potensialdan səmərəli istifadəni təmin edir. Dövlət proqramlarının uğurlu icrası nəticəsində 2 milyondan artıq yeni iş yerinin açılması özlüyündə işsizlik probleminin həlli deməkdir. Hazırda işsizliyin səviyyəsi 5 faizdən aşağıdır. Özünüməşğulluq proqramları uğurla icra edilir. Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi üçün ABAD mərkəzlərinin coğrafiyası genişlənir. Bu mərkəzlərin dəstəyi əsasında rəqabət gücləndirilir. Bu faktlar bir daha onu göstərir ki, sosial müdafiənin güsləndirilməsi prioritetdir. Dövlət hər bir vətəndaşının yanında olaraq ona dəstəyini bu və ya digər formada ifadə edir.
İşğaldan azad olunmuş ərazilərimizin malik olduqları potensialdan səmərəli istifadə nəticəsində ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfələr vermək də əsas hədəflər sırasındadır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, həmçinin iqtisadi rayonların bölgüsünün yenidən həyata keçirilməsi həmin bölgələrin malik olduğu iqtisadi imkanlardan səmərəli istifadəyə geniş imkanlar açacaq.
Cənab İlham Əliyevin hər bir çıxışı keçilən yolun, görülən işlərin təhlili fonunda qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsi baxımından xüsusi diqqət çəkir. Bu baxımdan aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında yer alan hədəflər gələcək barədə aydın təsəvvür yaratdı. Bildirildi ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək. Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq.
Hər bir layihə dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas prioritetlərini açıqlayır. Qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi, bütün bunlar görülən işlərdə əks olunur.
Cənab İlham Əliyev çıxışında onu da qeyd etdi ki, vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz öz su mənbələrimizə tam sahib olmuşuq. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaq. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var.
Azərbaycan hər bir hədəfə uğurla nail olur. Buna əsas verən amil ölkəmizin öz gücünə, imkanlarına arxalanmasıdır. Hazırda azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir. Cənab İlham Əliyevin vurğuladığı kimi, Qarabağda və Şərqi Zəngəzurda görülən genişmiqyaslı işlərin dünyada misli-bərabəri yoxdur.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Digər xəbərlər