Siyasət

  • 1 614

Dünya standartlarına uyğunlaşdırılmış tibb müəssisələri - TƏHLİL

image

Prezident İlham Əliyev: "Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi olmasın"

Səhiyyə sistemində aparılan uğurlu islahatlar nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası və kadr potensialı gücləndirilib, bütövlükdə səhiyyə sahəsində nailiyyətlər əldə edilib. Müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən xəstəxanaların, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi avadanlıqla təmin edilib. Bu gün Azərbaycanda səhiyyənin inkişafı istər yeni tibb ocaqlarının inşasında, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpasında, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq büruzu verir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri Azərbaycan Prezidenti İlham Əliyev daim nəzarətdə saxlayır.

Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 700-ə yaxın səhiyyə müəssisəsinin əhalinin istifadəsinə verilməsi insan sağlamlığına ayrılan diqqətin bariz nümunəsidir. Bu gün ölkəmizdə "Talassemiya" Mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri və s. əhaliyə lazımi xidmət edir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir.

QƏBƏLƏ RAYON MƏRKƏZİ XƏSTƏXANASI - REGİON ƏHALİSİNƏ HƏRTƏRƏFLİ TİBBİ XİDMƏT

Bu günlərdə. aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışını edib. Binanın inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının altımərtəbəli əsas binası üç blokdan ibarətdir. Bu səhiyyə müəssisəsində terapiya, uşaq xəstəlikləri, nevrologiya, ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, qəbul, laboratoriya, təcili tibbi yardım, doğum, doğuşdan sonrakı fizioloji şöbələr və hamiləliyin patologiyası şöbəsi də fəaliyyət göstərəcək.

Xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla, o cümlədən maqnit rezonans tomoqrafiyası (MRT), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rəqəmsal teleskopik rentgen cihazı və rəqəmsal DR rentgen qurğusu ilə təchiz olunub. Ərazidə əsas korpusla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu Xəstəliklər Korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsi üçün binalar tikilib.

Xəstəxananın həyətində geniş yaşıllıq zolağı salınıb. Vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısı daim diqqətdə saxlayır. Bu cür müasir səhiyyə müəssisəsinin istifadəyə verilməsi yalnız Qəbələ sakinlərinə deyil, bütövlükdə region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan yaradır.

"SON İLLƏR ƏRZİNDƏ TƏMİR EDİLMİŞ, YAXUD DA Kİ, YENİ TİKİLMİŞ MƏRKƏZLƏR BÜTÜN CƏHƏTLƏRDƏN ƏN YÜKSƏK SƏVİYYƏDƏDİR"

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi olmasın". Bu, onun göstəricisidir ki, Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsinə uyğunlaşdırılır. Dövlət başçısı "biz artıq Azərbaycan standartlarından da danışa bilərik" deməklə, Azərbaycan səhiyyəsindəki gerçəkliklərə əsaslanır: "İndi dünya səviyyəsində müxtəlif elmi mərkəzlər var və bizim mərkəzlər - son illər ərzində təmir edilmiş, yaxud da ki, yeni tikilmiş mərkəzlər bütün cəhətlərdən ən yüksək səviyyədədir: həm keyfiyyət, həm rahatlıq, palataların ölçüləri, xəstələrə, həkimlərə yaradılmış şərait və əlbəttə ki, avadanlıq."

Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir. Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var".

"İNSAN SAĞLAMLIĞI SOSİAL MƏSƏLƏLƏR ARASINDA ƏN BİRİNCİ YERDƏDİR VƏ BU GÜN AZƏRBAYCANDA BU SAHƏDƏ GÖZƏL NƏTİCƏLƏR VAR"

Azərbaycanda həyata keçirilən sosial siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə etdiyi kimi, bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Ölkədə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş 10-dan artıq dövlət proqramının uğurlu icrasına nail olunub və bu davam etməkdədir. "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya"sı "2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı", "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" və s. insan həyatı və sağlamlığına zərbə vura biləcək halların qarşısının alınmasında əhəmiyyət kəsb edib. Bütün bunlar Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşamasının, ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyinin təzahürüdür.

Məlum olduğu kimi, ölkəmizdə açıq ürək, böyrəkköçürmə əməliyyatlarının keçirilməsi səhiyyəmizin uğurlu inkişafını şərtləndirən amillərdir. Əlbəttə ki, bu əməliyyatların ölkə daxilində aparılması, səhiyyəmizin inkişafına söykənir. Ölkəmizdə talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edilmişdir. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.

Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin maliyyə imkanlarının çoxalması və həyata keçirilən siyasi kurs dövlət büdcəsindən səhiyyəyə ayrılan maliyyə vəsaitinin artmasına imkan verir və Azərbaycan səhiyyəsində bir sıra işlərin keyfiyyətlə həyata keçirilməsinə şərait yaradır. Bütün bunlar gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə olduğunu, onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanıldığını göstərir. "İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var", - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan səhiyyəsi müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşayır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər