Siyasət

  • 853

Azərbaycan ZƏFƏR tarixi xronologiyasını yazır -TƏHLİL

image

2020-ci ildən Prezident İlham Əliyevin liderliyi ilə xalqın itirilmiş torpaqlarının qaytarılması Azərbaycanın Zəfər tarixi adlı yeni xronologiyasını yaradıb. O xronologiya ki, tarixin 270 ildən çox axınını dəyişib göstərdi ki, zaman ona hökm oxuyan şəxsiyyətləri xalqların həyatına bəxş edə bilir. Bəxş edir ki, itirdiklərini yenidən onlara qaytara bilsin.

2024-cü ilin 19 apreli 2020-ci ildən qələbədən qələbəyə addımlayan Azərbaycanın şanlı tarixinə yeni bir hadisəni əlavə etməklə Zəfər xronologiyasını belə sıraladı: 2020-ci il sentyabrın 27-dən 10 noyabradək Azərbaycanın əldə etdiyi tarixi qələbə - 44 günlük Vətən müharibəsi, 2023-cü il 20 sentyabr antiterror əməliyyatı, 2024-cü il aprelin 18-dən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması və 2024-cü il aprelin 19-da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasını təsdiq edən birgə bəyanat.

Bu, Zəfər, eyni zamanda qürur tarixidir.

Xalqın qürur, namus və iffətinin xilası

Zaman göstərdi ki, məhz Heydər Əliyev və Zərifə xanım Əliyeva kimi dahi insanların, gözəl ata-ananın, ləyaqətli vətəndaşların, ictimai xadimlərin, vətənpərvər insanların ailəsində İlham Əliyev kimi övlad böyüyə bilərdi. Bu övlad ailənin bütün üstün cəhətlərindən zaman-zaman aldığı dəyərlərlə yumruğu boyda ürəyinə Azərbaycan böyüklükdə Vətən sevgisini elə sığdıracaqdı ki, bu sevgi bir gün xalqın, millətin xilasına çevriləcəkdi. 30 il işğal altında olan torpaqlara görə başını dik tuta bilməyən xalqın başını zirvələrə qaldıracaqdı. Xalqa qürurunu, namusunu, iffətini qaytaracaqdı. Azərbaycanın işğal olunan torpaqlarının azad olunması ilə tarixin 270 ildən artıq zaman kəsiyinin axarını dəyişəcəkdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana məhəbbətinin, sevgisinin, torpaqlarımızın bir gün geri qaytarılması üçün mübarizəsinin davamçısı oldu cənab İlham Əliyev. O, tək ailəsinin deyil, ümumilikdə Azərbaycan xalqının övladı oldu. Dövlətimizin başçısı kimi fəaliyyət dövrünün hər anı ölkəmizin inkişafına, dünyada tanınmasına, bir də ata nəsihətlərinin həyata keçirilməsinə sərf edilib.

Qarabağ məsələsi isə bir an da unudulmadı. Liderimizin bütün bayramlarda xalqa müraciətlərdə Qarabağın bir gün azad olunacağına əminliyini dinlədik. Bu torpaqların düşmən tapdağı altında inləməsini ürək yanğısı ilə yaşadığını hiss etdik. Onların bir gün yenə də bizim olacağına xalqı əmin etdiyini gördük...

Prezidentimiz ən mötəbər tədbirlərdə Qarabağla bağlı dünyaya üz tutdu. Qarabağ həqiqətlərini onlara çatdırdı. Bütün dünyanı haqq səsimizə səs verməyə çağırdı. Bu qədim torpaqların Azərbaycana məxsusluğunu tarixi faktlarla sübut etdi. Bizim Prezidentimiz yeri gələndə tarixçi oldu, yeri gələndə coğrafiyaçı, yeri gələndə siyasətçi, yeri gələndə sıravi azərbaycanlı. Mükəmməl olaraq rus və ingilis dillərdə mötəbər kürsülərdəki səlis nitqləri ilə bir tərəfdən azərbaycanlı olduğu, bizim Lider olduğu üçün, digər tərəfdən isə xalqın istəklərini aydın çatdırdığı üçün qürur duyduq.

Bizim Prezidentimiz Azərbaycanın sülhün tərəfində dayandığını bütün dünyaya bəyan etdi. Dünyanı sülhə çağırdı. Ermənistandan dinc yolla torpaqlarımızı qaytarmasını tələb etdi. Liderimiz ikinci yolu da birinci yolla paralel inkişaf etdirirdi. Bu, hərb yolu idi. Dəfələrlə çıxışlarında, beynəlxalq tədbirlərdə açıq şəkildə bildirirdi ki, torpaqlarımız sülh yolu ilə qaytarılmazsa, hərb yolunu seçməli olacağıq. Belə də oldu. İkinci yolun harada və nə vaxt başlayacağını böyük uzaqgörənliklə hazırlayan cənab İlham Əliyev dünyanın qulaqlarının sülh çağırışına kar olduğunu bir daha yəqin edəndən sonra, ikinci yola çıxmağın zamanı çatdığını bəyan etdi. Bu yol Ermənistanın yeni torpaqlar iddiasına dərhal verilən cavabla başlandı. 27 sentyabr 2020-ci il Qarabağın azadlığına gedən yol oldu. Cəmi 44 gün davam edən İkinci Vətən Müharibəsi Azərbaycan xalqının böyük Zəfəri ilə bitdi.

90-ların səhvini 2020-də düzəldən LİDER

Qarabağ 1990-cı ildə Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat qruplaşmasının tarixin də, bu xalqın da bağışlamayacağı səhvi idi. Vəzifədə qalmaq, kürsülərini qorumaq üçün rus imperiyasının son qalıqlarına satılan, torpaqlarımızı Ermənistana hədiyyə etməklə yerlərini möhkəmlətmək istəyən bir qruplaşmanın böyük səhvi idi. Bu, səhvdən də çox, ağıla gəlməyən qəbahət idi. Satqınlıq, Vətənə xəyanət, millətə qarşı günah idi. Sən vəzifə üçün bir xalqın dədə-baba yurdunu, əzəli torpaqlarını necə sata bilərsən? Necə razılaşmaq olardı ki, erməni gecənin birində sənin soydaşının qapısında peyda olsun, onu silahın burnunda evindən çıxarıb qışın şaxtasında, ayazında yurdundan qovsun, insanlar yurdsuz, ev-eşiksiz qalsın, illərlə dişi-dırnağı ilə qurub-yaratdığı evini qoyub, dədə-baba ocağını tərk etsin. Nədir ki, sən vəzifədə qalasan, ağılsız olduğun halda hakimiyyəti zəbt edəsən.

Bəli, Qarabağ 90-cı illərin hakimiyyət vurğunlarının qurbanı olmuşdu. Minlərlə insanın ah-naləsini hələ də çiyinlərində daşıyan qruplaşmanın satqınlığının qurbanı olmuşdu. Bunu xalq sonradan bildi, AXC-Müsavat birliyinə etimadını itirdi. Onlarin hakimiyyətdən uzaqlaşmasını tələb etdi. Çünki gözlərinin qarşısında minlərlə şəhid, qazi, məcburi köçkünlükdə əzab çəkən insan vardı. Azərbaycanın işğal olunan baş tacı Qarabağ vardı. Bir də bu işğala görə başını dik tuta bilməyən xalq vardı. Nə vaxt, harada Qarabağdan söz düşürdüsə, başımızı aşağı dikirdik. Utanırdıq torpaqlarımızın işğal altında olmasından. Bütün bunları isə xalqa onlar bəxş etmişdi.

Cənab İlham Əliyev 90-ların səhvinin düzəldilməsi üçün uzun illər mübarizə apardı. 90-cı illərdə iqtisadi tənəzzülə uğrayan ölkənin bu vəziyyətini 1993-cü ildən etibarən aradan qaldıran, Azərbaycanda yeni Azərbaycan yaradan, bu qruplaşmanı xalqın yaxasından qoparıb atan Ümummilli Liderin gələcəyə hesablanmış inkişaf konsepsiyasını 2003-cü ildən uğurla davam etdirən dövlətimizin başçısı böyük zəhmət nəticəsində 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu.

Böyük itkilər verdiyimiz 44 gündə Zəfər qazandıq. Bu itkilərin də səbəbkarları onlardır-AXCP-Müsavat. Onların səhvləri düzəldilsə də, torpaqlarımız azad edilsə də, Böyük Qayıdış başlansa da, yaxın gələcəkdə soydaşlarımız tamamilə ata-baba yurdlarına qayıtsalar da, AXCP-Müsavat birləşməsinin üzvlərinin bu xalqa vurduğu maddi və mənəvi zərər heç vaxt unudulmayacaq. Torpaqlarımızın azad olunmasından sonra onların hələ də ölkədə sifarişli iğtişaş yaratmaq cəhdləri isə xalqımız tərəfindən əsla unudulmayacaq. Çünki onlar müharibə zamanı həmrəy olan, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşən xalqla birlikdə olmadılar. Hələ üstəlik müharibədən sonra yeni iddialarla çıxışlar etdilər. Hanı Xankəndi, hanı Xocalı, deyib, Zəfərimizə kölgə salmaq istədilər. Lakin düşünmədilər ki, bu proseslərin hamısı eyni zamanda ola bilməzdi.

2023-cü ilin 20 sentyabrında birgünlük lokal xarakterli antiterror əməliyyatlarından sonra ermənilərin könüllü şəkildə Xankəndi, Xocalı və digər yurdlarımızdan çıxmasından sonra isə radikal müxalifət sülhməramlı qüvvələrin nə üçün Qarabağda qaldığını günün əsas mövzusuna çevirdi. Lakin bu dəfə də anlamaq istəmədi ki, axı bunların həlli üçün zaman lazımdır. Özləri də bilə-bilə ki, bu işlər heç də asan deyil, Ermənistanın arxasında havadarları var, lakin yenə də əldə edilmiş qələbəyə kölgə salmaq prinsipindən əl çəkmədilər.

Beləliklə, aprel ayının 18-dən Rusiyanin sülhməramlı qüvvələri Qarabağı tərk etməyə başladıqdan sonra isə mövzuları bitməkdə olan radikal müxalifətə xarici qüvvələrin qrandları hesabına iğtişaş törətmək əmri verildi. Bu dəfə isə “nə edək ki, həm qrandlar əldən çıxmasın, həm də gündəmdə qalaq” prinsipi ilə yeni iddialara başladılar. Toplaşmaq, guya xalqa yol göstərmək fikrinə düşdülər. Görəndə ki, toplaşmaq da onların özü kimi 90-larda qalıb, çəkilib bir kənarda dayanmaqdan başqa çarə görmədilər.

Bunun ardınca Qazaxın 4 kəndinin azad olunası barədə sənədin inzalanması isə xaricdən ermənilərə havadarlıq edənlər kimi, onlara da tutarlı cavab oldu.

Neoimperialist ünsürlər olmasa...

Söz yox ki, illərlə regionda sabitliyin, iki qonşu dövlət arasında sülhün bərqərar olmasını istəməyən qüvvələr mövcud olub. Zamanla bunlar dövlətlər olaraq dəyişiblər də. Hazırda regionun sabitliyinə qarşı çıxan ABŞ və Fransadır. Ötən il antiterror əməliyyatından sonra bu qələbəni həzm edə bilmədiklərini açıqca nümayiş etdirən hər iki dövlət Ermənistana hərtərəfli köməklik göstərəcəklərini də açıqca bəyan etdilər. Lakin son hadisə-Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan təmas onu göstərdi ki, vasitəçisiz diplomatiya, eləcə də ABŞ və Fransa kimi neoimperialist qüvvələrin müdaxiləsi olmasa, Azərbaycan və Ermənistan sülhün əldə olunması istiqamətində ciddi nəticələrə imza ata bilərlər.

Qarabağ məsələsinin bitməsi ilə regiona və xüsusilə Azərbaycana təsir vasitələrindən məhrum olan ABŞ ciddi cəhdlə yeni MQ formatları tətbiq etməyə və regionu yenidən öz boyunduruğuna salmağa çalışır. Üçtərəfli Brüssel görüşü, burada Ermənistana verilən vədlər, Azərbaycana qarşı sərgilənən laqeyd münasibət bunu bir daha sübut edir.

Xalq olaraq buna bənzər hadisələrin 90-cı illərdə də şahidi olmuşduq. Sovet imperiyasının son tör-töküntüsü də regionu öz təsiri altında saxlamaq üçün eynilə bu gün ABŞ-ın yürütdüyü siyasəti həyata keçirirdi. Ermənistanın qızışdırılması, sərhədlərimizdə iğtişaşların yaradılması, onların silahlandırılıb torpaq işğal etməyə həvəsləndirilməsinin hər birini vaxtilə müşahidə etmişik. Hansı ki, Ermənistan sivil qaydada davranarsa, öz maraqlarından çıxış edərsə və başqalarının əlində alət olmazsa, regionda davamlı sülh tam şəkildə təmin oluna bilərdi və hazırda da bu, belədir.

Əldə olunan nəticələr - 7 dekabr və 19 aprel bəyanatları bir daha onun göstərir ki, Qərbin Azərbaycanın guya Ermənistana qarşı yeni müharibəyə başlayacağı barədə açıqlamaları cəfəngiyatdan başqa bir şey deyil. Bu, Ermənistanı qorxu altında saxlayaraq tam şəkildə öz iradəsinə tabe etdirmək siyasətinin tərkib hissəsidir.

Bəs ilahi ədalət? Bunu nə üçün ABŞ və Fransanın görməyə gözü yoxdur? Özlərini demokratiyanın beşiyi adlandıran dövlətlər heç bunun eşiyində belə dayanmağa layiq deyillər axı. Bu nə cür demokratiyadır ki, iki xalqın hansının haqlı, hansının haqsız olduğunu görə bilmir. Bir qərinə Azərbaycan torpaqlarını işğal altında saxlayan haqsız Ermənistanın yanında olanlar nə üçün Azərbaycanın dağılan yurdlarını, bir qərinə köçkün həyatı yaşayan insanlarını, məhv edilən dini-mədəni-tarixi abidələri görə bilmir? Nə üçün illərlə Azərbaycanın haqq səsini eşitmək üçün qulaqları kar oldu?

Bu, necə ədalətdir?..

Zəngəzur dəhlizi: Zəfər xronologiyasının davamı

Kimin nəyi necə arzulamasından asılı olmayaraq bu xalqın taleyinə Zəfər xronologiyasını sıralamaq yazılıb. Bu gün Qarabağda yenidənqurma və bərpa işləri davam edir. Müharibədən dərhal sonra başlanan işlərin sürətlə aparılası soydaşlarımızın evlərinə daha tez qayıtmasına xidmət edir. Qarabağın inkişaf etdirilməsi, hər bir işğaldan azad edilmiş rayonumuzla bağlı Liderimizin fikirləri bu yurdların yaxın gələcəkdə böyük inkişafından xəbər verir.

Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər isə nəinki xalqımızın, region dövlətlərinin də gələcək inkişafına hesablanmış addımdır. Ermənilər üçtərəfli 10 noyabr Bəyannaməsində üzərinə düşən öhdəliyin icrasını gecikdirməyə çalışsalar da, bizim Liderimiz bütün məsələlərin həllinin öhdəsindən gələcəkdir. Çünki artıq dünyanın böyük ölkələri də bizi dinləyir, haqqın tərəfimizdə olduğunu anlayır.

Beləliklə, Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması, Zəngəzur dəhlizinin açılması, Naxçıvan blokadasının yarılması kimi gündəmdə olan məsələlərimiz yaxın gələcəkdə öz müsbət həllini tapacaqdır. Çünki bütün bunların hər biri ayrı-ayrılıqda Prezidentimizin diqqətindədir və görülən işlər, aparılan danışıqlar müsbət yöndədir.

Azərbaycan xalqı inandığı, etibar etdiyi, arxalandığı və sevdiyi Lideri ilə xoşbəxt gələcəyə doğru bir yolçuluğa çıxıb. Bu yolçuluqda hər an Ümummilli Liderimiz Heydər Əliyevin parlaq ruhu bizimlədir. Çünki ağsaqqal olan yerdə Allah var, deyərlər. Ata vəsiyyətini reallaşdıran və bunu Şuşanın alındığı gün Bakıda Şəhidlər Xiyabanında böyük qürurla söyləyən Prezidentimiz xalqımızın çoxəsrlik ailə dəyərlərini qoruması ilə də nümunə oldu.

Nə xoşdur ki, Qarabağımızı-torpaqlarımızı, şərəf və namusumuzu xilas edən LİDERİMİZ var. Nə xoşdur ki, övladlarımız hər addımı Liderləri və dostları cənab İlham Əliyevdən öyrənirlər. Öyrənirlər ki, onlar da əsl övlad, əsl vətəndaş ola bilsinlər. Öyrənirlər ki, Zəfər tarixi xronologiyasını davam etdirə bilsinlər.

Mətanət Məmmədova

Digər xəbərlər